"Musiqilərimiz Brüsseldə maraqla qarşılandı" - Özəl - Fotolar

"Brüsselin ən gözəl konsert saraylarından olan və hər gün yüzlərlə şəxsin ziyarət etdiyi Musiqi Alətləri Muzeyinin konsert zalında maraqlı konsertimiz oldu. İlk konsertdə Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Belçika dövlət qurumları və Avropa İttifaqı institutlarının, eləcə də şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər. Musiqilərimiz olduqca maraqla qarşılandı". SİA-ya özəl açıqlamasında bu fikirləri Xalq artist, muğam ustası Mənsum İbrahimov deyib.

O, əlavə edib ki, konsert Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının təsis edilməsinin 25-ci ildönümü münasibətilə keçirilib.

Qeyd edək ki, konsertlər Azərbaycan muğamı günləri çərçivəsində Brüssel, Vaterlo və Gent şəhərlərində verilib. "Növbəti konsert ənənəvi Musiqi Bayramı Festivalı çərçivəsində Vaterlo şəhərinin meriyası ilə birgə Vaterlo şəhərində keçirilib. Avropanın tarixində önəmli yer tutan və görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin ucaldığı bu şəhərin sakinlərinin qatıldığı konsert yerli ictimaiyyətdə geniş maraq doğurub. “Qarabağ” muğam qrupu Musiqi Festivalı çərçivəsində dünya mədəniyyətini təmsil edən yeganə kollektiv olub",-deyə Xalq artisti vurğulayıb.

Hər 3 konsertdə Xalq artisti Mənsum İbrahimovun, eləcə də Əməkdar artist Elçin Həşimovun, Əməkdar artist Elnur Əhmədovun və Əməkdar artist Kamran Kərimovun nümayiş etdirdikləri ən yüksək ifaçılıq məharəti, təqdim etdikləri Azərbaycan muğamları və xalq havaları tamaşaçılar tərəfindən dərin rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...