"Azərbaycan səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir" - AÇIQLAMA

"Dövlətin turizm sahəsinə göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir. 2018-ci ildə Azərbaycana əvvəlki illə müqayisədə 5,7 faiz çox turist gəlib. 2018-ci ildə Körfəz ölkələrindən gələn turistlərin sayında daha çox artım müşahidə edilib. 2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələn turistlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq bir milyon nəfərdən çox olub”. Bu sözləri Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyasında çıxışı zamanı deyib.

Konfederasiya prezidenti bildirib ki, aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər: “Prezident İlham Əliyevin 6 dekabr, 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə vurğulanır ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektivdə isə ölkəni dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək dayanır".

Bütün xəbərlər Facebook səhifəmizdə