Azərbaycan zəngin və geniş turizm imkanlarına malik ölkədir

Müasir dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri kimi dəyərləndirilir. Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, turizminin inkişafına da dövlət tərəfindən ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatın aparıcı sahəsinə çevirməkdədir. Belə ki, rəqabətqabiliyyətli inkişaf üçün iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına töhfəsini verir. Turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi ilə turizm sahəsinə dövlət dəstəyi gücləndirilib, sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"də turizmin inkişafı üçün strateji məqsəd, hədəf və prioritetlər müəyyənləşdirilib.

AZƏRBAYCAN DÜNYA ÜZRƏ ƏN TƏHLÜKƏSİZ VƏ SABİT ÖLKƏLƏR SIRASINDADIR

Görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin - sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Ölkəmizdə turizmin mövsümiliyinin aradan qaldırılması, il boyu turizm imkanlarının və xidmətlərinin təqdim olunması və turistlərin qalma müddətinin uzadılması qış turizminin inkişafına da xüsusi diqqət göstərir. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir.Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyasəti, uğurlu daxili siyasəti nəticəsində Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricidir. Ölkəmizdə mövcud olan turizm imkanları dünyanın müxtəlif mətbu orqanlarının diqqətini cəlb edir. Belə ki, Fransanın nüfuzlu qəzetləri Azərbaycanın turizm imkanlarından yazır. Naftalan neftinin müalicəvi əhəmiyyəti "Lexpress", "Liberation", "France 24", "Actu.orange" və digər qəzet və portallarında yer alıb. Naftalan nefti "Allahın hədiyyəsi" olaraq adlandırılır. Məqalədə qeyd olunur ki, Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhəri xam neftdən müalicəvi istifadəyə görə dünyada məşhurdur. Dağlıq Qarabağ bölgəsinə yaxın olan bu neft kurortu xarici turistləri cəlb edir. Naftalan neftindən, həmçinin əzələ, dəri, sümük, həmçinin, ginekoloji və nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur.Məqalədə xatırladılır ki, ötən əsrin 80-ci illərində Naftalana müalicə üçün hər il 70 min turist gəlirdi. Lakin sonradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkün şəhərdəki sanatoriyalarda məskunlaşıb. Bu isə, müalicə mərkəzinə gələn turistlərin sayına mənfi təsir göstərib. Son illərdə Naftalanın kurort şəhəri kimi nüfuzunun bərpası üçün böyük işlər görülüb. Burada məskunlaşmış məcburi köçkünlər Azərbaycanın digər regionlarına köçürülüb, sovet dövrünün sanatoriyaları isə yeni turistik obyektlərlə əvəzlənib. Hazırda Naftalanda müxtəlif sanatoriyalar, SPA mərkəzləri və otellər tikilir və bu şəhər öz əvvəlki şöhrətini qaytarmaqdadır. Görülən tədbirlər sayəsində buraya gələn turistlərin sayında artım müşahidə olunur.

AZƏRBAYCANIN TURİZM İMKANLARI XARİCİ VƏTƏNDAŞLARI CƏLB EDİR

Xatırladaq ki, Odlar Diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır. Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abilləri var. Latviyanın "www.delfi.lv" portalında Azərbaycanın altı ən məşhur turistik əhəmiyyətli yeri barədə məlumat verilib. Siyahıda Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, yerli Maçi-Piçku və ya Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları və Talış dağlarının adları yer alıb. Hər bir yer haqqında maraqlı məlumatların bölüşdürüldüyü məqalə latış turistləri üçün çox maraqlı ola bilər.Azərbaycan zəngin və geniş turizm imkanlarına malik ölkədir. Mədəni turizm, sağlamlıq turizmi, idman turizmi, çimərlik turizmi, ekoloji turizm və s. ölkəmizdə mövcuddur və bunlar xarici turistləri ölkəmizə cəlb etməyə bilməz. Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə, dövlət siyasətinin prioritet məsələlərindən biridir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...