“Germanaijan” adlı sərgi açılacaq

Dekabrın 13-də “Kapelhaus” Almaniya-Azərbaycan Mərkəzində “Germanaijan” adlı sərgi açılacaq. SİA-nın məlumatına görə, Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illiyi çərçivəsində reallaşan sərgi Almaniyanın ölkəmizdəki səfirliyi, bu ölkənin Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Goethe-Zentrum Baku”nun dəstəyi ilə gerçəkləşəcək.

Sərgi Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığına həsr olunub. Sərgi çərçivəsində bu suala cavab axtarılır: kimdir bu insanlar və onlar Azərbaycana nəyi miras qoyublar?

Sərginin kuratoru Əsli Səmədovanın məlumatına görə, “Germanaijan” iki ölkə adını - Almaniya və Azərbaycanı birləşdirir. Sərgi alman icmasının bugünkü Azərbaycana təsirini qeyd etmək üçün düşünülüb.

Azərbaycanlı şairə Leyli Salayeva və almaniyalı rəssam - illüstrator Kseniya Finkin birgə layihəsi olan sərgi ölkəmizdə ilk alman kolonistlərinin tarixini yenidən araşdırır və hekayə Helena adlı ümumiləşdirilmiş xarakter tərəfindən nəql edilir. Samir Salahovun Hummel ailəsi haqqında parlaq illüstrasiyasında bir alman ailəsinin Azərbaycanda şərabçılığın, arxeologiyanın və muzeyşünaslığın inkişafına verdiyi töhfələrdən danışılır. Sənətkar və dokumentalist-fotoqraf Çinarə Məcidovanın video işində Azərbaycanın şimal bölgələrində və şəhərlərin landşaft memarlığında alman izləri görünür, “Qismət” adlı bədii videoda isə Bakıda alman memarları tərəfindən tikilmiş iki malikanənin taleyindən danışılır. Sərgi alman köçkünlərinin və onlardan sonra gələn nəsillərin həyat hekayələrini araşdıran britaniyalı yazıçı və fotoqraf Tom Marsdenin hazırladığı və hazırda davam edən, sərhədləri aşan layihəsini də təqdim edir.

Memarlıq mövzusu “Germanaijan”ın xüsusi diqqət mərkəzindədir: Bakıda ruslaşdırılmış alman memarları tərəfindən inşa edilən onlarca bina - memarlıq irsi kimi Azərbaycan dövləti tərəfindən qorunur. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərininin kəmiyyət və keyfiyyət cəhətdən əhəmiyyətini qrafik vizuallaşdıran xəritədir. Kağız modellər isə seçilmiş binalar haqqında daha ətraflı məlumat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə