Gəncə Dövlət Dram Teatrının səhnəsində yeni tamaşa

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Tuncer Cücenoğlunun “Martyoşka” monopyesi əsasında oynanılacaq yeni tamaşanın məşqlərinə başlanılıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru, respublikanın Əməkdar Mədəniyyət İşçisi Əli Qasımov məlumat verib.

Teatrın direktoru bildirib ki, əsərin mövzusu aktrisa olan bir qadının həyatından bəhs edir. Aktyorların məşq prosesində olduğu tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərovdur. Tamaşanın musiqi tərtibatı isə Tünzalə Mustafayevaya məxsusdur.

Tamaşada əsas rolları Xalq Artisti Pərvanə Qurbanova, Əməkdar Artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa edirlər. Yeni tamaşa peşəkar Azərbaycan teatrının 145 illiyi ərəfəsində martın 10-da teatrsevərlərə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə