Nazir Xayno Vize ilə görüşüb FOTOLAR

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Almaniyanın “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Nazir Əbülfəs Qarayev Almaniyada Azərbaycanın turizm potensialının təbliği üzrə aktiv fəaliyyət aparıldığını, mütəmadi olaraq mədəniyyət və turizm tədbirlərində ölkəmizin təmsil olunduğunu qonağın diqqətinə çatdırıb. Ölkəmizdə alman turistlərini maraqlandıran turizm məhsulları və növlərinin mövcud olduğunu bildirən nazir, gələcəkdə də bu işlərin davam etdirilməsi üçün qarşılıqlı iki ölkənin turizm şirkətləri ilə görüşlərin keçirilməsini təklif edib. Nazir “ASAN Viza” sisteminin tətbiqinin ölkəmizə gələn turistlər üçün çox əlverişli və rahat olmasından da söhbət açıb.

Qonaq səmimi qəbula görə nazirə təşəkkürünü bildirmiş və Azərbaycanla birgə əməkdaşlıqdan yüksək məmnunluq hissini ifadə edib. Azərbaycanın turizm istiqamətində ən əlverişli şəraitə, müasir arxitektura, gözoxşayan landşafta və mədəni sərvətlərə malik olmasından xəbərdar olduğunu bildirən “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ölkəmizin turizm potensialının Almaniyada təbliğ olunmasında müxtəlif birgə layihələrin həyata keçirilməsi üçün işçi qaydada müzakirələr aparılacağını qeyd edib. O, 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunmasından söz açıb, Azərbaycanın qərb bölgəsində salınmış alman məskənlərində ikitərəfli tədbirlərin bundan sonra da həyata keçirildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...