Kadırovdan növbəti “fədakarlıq”...

Bu günlərdə Çeçenistanın rəhbəri Ramzan Kadırov üzərində “Nyu Yorkdan salamlar” yazısı olan vurulmuş kvadrokopterin videosunu yayımlayıb. Yox, adamın Allahı var, hələ ki özü vurduğu barədə bir kəmə də danışmayıb.

Bunlar öz yerində, amma mən başa düşə bilmirəm,.. gərək ki, müasir dronlar meydana çıxandan sonra, Ramzanın vurduğu...yox, üzr istəyirəm “vurdurduğu” dörd rotorlu helikopterlər, yəni kvadrokopterlər daha işlədilmir axı? Maraqlıdır, görən harda vurub, lənət şeytana...vurdurub?

Qeyd edək ki, Kadırov yayımladığı dörd rotorlu helikopterə, yəni kvadrokopterə əla şəkilaltı söz də yazıb. Maraqlanırsınızsa Siz də baxın: “...Mən dəfələrlə demişəm ki, xüsusi hərbi əməliyyat zamanı ukraynalı millətçilərlə yanaşı, bizim bölmələrimiz NATO ölkələrindən olan əcnəbi muzdlulara da fəal müqavimət göstərirlər. Bu kadrlarda çeçen döyüşçüləri tərəfindən vurulan və bizim mövqelərimizə hücum etmək üçün istifadə edilən kvadrokopter əks olunub”.

Etiraf edim ki, hər dəfə Ramzan Kadırovun yazılarına baxanda nəsə əxz edirəm. Məsələn, bu gün mən onun vur...vurdurduğu dörd rotorlu helikopterin, yəni kvadrokopterin ancaq toy şənliklərini, deyək ki, gəlin gətirəndə toy karvanını çəkmək üçün istifadə edildiyini bilirdim. Amma Sən demə,.. dörd rotorlu helikopterlər, yəni kvadrokopterlər “zırıltı” şeylərmiş ki...

Yeri gəlmişkən Ramzan Kadırov dəqiqləşdirib ki, imzalanan pilotsuz təyyarənin xüsusi döyüş tapşırığı olub. Yoxsa onun Ukrayna çöllərində nə azarı vardı? Deyim ki, haqlı sualdır.

... Kadırov davam edərək, bunu yazanlar guya dörd rotorlu helikopterin, yəni kvadrokopterin başımıza od ələyib aradan çıxacağını, yazını isə heç kimin görməyəcəyini düşünürdülər, lakin yanılıb lar. Burada Ramzan dörd rotorlu helikopterin, yəni kvadrokopterin üzərindəki “Nyu Yorkdan salamlar” yazısını nəzərdə tutur.

Yadımdaykən, o gün ölkədə olan hüquq-mühafizə orqanları əməkdaşlarının çoxluğundan “şikayətlənən” Kadırov onların yarısını tutub cəbhəyə göndərməyi təklif etmişdi...görən gedən olub?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə