Çində dünyada ilk dəfə humanoid robotlar arasında döyüşlər keçirilib

SİA-nın məlumatına görə, “Unitree Fist King: Awakening” adlı yarışma öz növündə bir ilk olub. Belə ki, o, təkcə möhtəşəm olmaqla kifayətlənməyib, həm də milyonlarla tamaşaçını ekran qarşısına toplayıb. Artıq ikinci turnir də elan edilib.

Ötən həftəsonu, mayın 25-də Çində dünyada ilk humanoid robotların turniri keçirilib. Bu yarışda robotlar bir-biri ilə muay-tay üslubunda boks ediblər, yəni əllərlə, dirsəklərlə, ayaqlarla və dizlərlə zərbələrdən istifadə olunub. Ən maraqlısı isə odur ki, döyüş əvvəlcədən proqramlaşdırılmamışdı. Dörd mühəndis komandası tam olaraq “Real Steel” filmindəki kimi real vaxt rejimində robotlara oyun pultları və səsli komandalar vasitəsilə nəzarət edirdi.

Yarışı təşkil edən humanoid robotlar sahəsində tanınmış “Unitree Robotics” şirkətinin bildirdiyinə görə, döyüşlər əsasən yeni texnologiyaların nümayiş etdirilməsi məqsədilə keçirilib. Robotlar döyüş zamanı mürəkkəb zərbə kombinasiyaları və diz, əl zərbələri endiriblər, bunun üçün dərinlik kameraları və LiDAR sensorlarından istifadə olunub. Rəqibin zərbəsindən və ya tarazlığını itirdikdən sonra 8 saniyə ərzində ayağa qalxa bilməyən robot uduzmuş sayılırdı.

Çinin humanoid robotları artıq Rubik kubiklərinin həlli, tibbi prosedurlarda yardım və marafon qaçışları kimi sahələrdə inkişaflarını nümayiş etdiriblər. İndi isə onlar boks rinqinə çıxıblar. “Bu döyüş sadəcə bir yarış deyil, həm də Çinin süni intellekt, robototexnika və mühəndislik sahələrindəki nailiyyətlərini nümayiş etdirmək üçün bir platformadır”, – deyə “SenseTime” İntellekt Sənayesi Tədqiqat İnstitutunun keçmiş dekanı Tyan Fenq qeyd edib.

Boks yarışmasından əvvəl robotlar döyüşə hazır olduqlarını təsdiqləmək və təşkilatçılara qaydaları təkmilləşdirməkdə yardımçı olmaq üçün bir sıra sınaqlardan keçiblər. Nəticədə hər bir robot mütləq özünü tarazlaya bilmək qabiliyyəti ilə fərqlənməli, hərəkətləri və zərbələri dəqiq və axıcı, batareyası davamlı, korpusu isə möhkəm olmalı idi. Robotlar daha çox gücə görə deyil, adaptasiya və öyrənmə qabiliyyətlərinə görə qiymətləndirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə