4-cü Sənaye İnqilabının cağırışlarını qarşılamaq üçün tədrisdə atılacaq 7 mühüm addım ELMİ ANALİTİK

Dünyada qlobal çağırışlar fonunda cərəyan edən yeniliklər, müasir texnologiyalar əsasında həyata keçirilən və bir çox sahələri əhatə edən inqilabi novatorluqlar təhsil sahəsinə də öz töhfələrini verməkdədir. Lakin bununla yanaşı, təhsil sisteminin daha da təkmilləşdirilməsi yönündə irəli sürülən ideyalar tükənmir, demək olar ki, dinamik qaydada davamlığını qoruyub-saxlayır.

Digər tərəfdən, 4-cü Sənaye İnqilabının insanlara təqdim etdiyi reallıqlar mənzərəsində informasiya-kommunikasiya texnologiyalarının tərəqqisi də imkan verir ki, gələcək nəsillərin keyfiyyətli təhsil alması üçün münbit addımlar atılsın. Bu xüsusda, məktəblərin hansı addımlar atması, eləcə də atılan addımların ümumilikdə təhsil sisteminə hansı keyfiyyətləri əxz etməsi də bir sıra suallar yaradır. Ümumiyyətlə, bir çox peşəkar yerli və xarici təhsil ekspertləri 4-cü Sənaye İnqilabının sözügedən sistemə daha hansı töhfələr verəcəyi ətrafında fikir mübadilələri, elmi müzakirələr apardıqları zaman növbəti mütərəqqi ideyalar, təşəbbüslər üzə çıxır və onlardan biri də 4-cü Sənaye İnqilabının cağırışlarını qarşılamaq üçün atılacaq addımların müəyyən olunmasıdır. Bu zaman həmin addımların analitik təhlilini irəli sürməklə digər səmərəli nəticələri əldə etmək olar.

Addım 1: Təhsilin məqsədini yenidən müəyyənləşdirmək

Əvvələr belə yanaşırdıq ki, təhsil sisteminin elementar fəaliyyətlərindən biri də uşaqlara gələcək həyatları boyu məşğul olacaqları hər hansı peşə fəaliyyətini müəyyən etmələri ilə bağlıdır. Daha dəqiq desək, məktəbli aldığı təhsili, elmi, bilgisi və s. maarifçiliyi əsasında öz gələcəyini müəyyən etmək şansını əldə edir. Bu mənada, əvvəllər uşaqlara həyatı boyu məşğul olacaq bir biliklər toplusu və təhsil verirdik. Ancaq məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, dünya dəyişir və bu dəyişikliklər sürəti elə həddə yetişib ki, artıq məktəb yaşlı uşaqların hər an hər şeyə hazır olmalarına şərait yaratmalıdır. Bu xüsusdan yanaşma edərsək, 4-cü Sənaye İnqilabının təhsil sistemindəki ən müasir çağırışlarını həm də zamanın tələbi olaraq qiymətləndirə bilərik.

Məsələyə daha rahat tərəfdən yanaşarsaq, deyə bilərik ki, bir zamanlar yaşlı nəslin aldığı ibtidai və s. təhsillə çağdaş dövrümüzdəki təhsil ibtidai təhsil arasında nəhəng fərqlər mövcuddur. Ona görə də, artıq tam qənaətə gələrək nəticə hasil

etmək olar ki, bugünku biliklər 10 ildən sonra lazım olmaya da bilər. Beləliklə, «Soft things» tədrisi «to anything» tədrisinə transformasiya olunmalıdır ki, həmin tədris əsasında uşaqların aldıqları təhsilləri gələcək həyatlarında onlara dəstək olsun.

Addım 2: «STEM» istiqamətli bilikləri dərinləşdirmək və təkmilləşdirmək

Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat – «ETMR». Əqli elmlərin inkişaf trayektoriyası məhz bu dörd əsas faktorlar üzərində daha çox nəzərə çarpır. Daha dəqiq desək, Texnologiya, mühəndislik, riyaziyyat vahid elmi mərkəzə çevrilir və qarşıda elmin inkişafı üçün böyük vəzifələr təqdim edir. Artıq müasir dövrümüzdə tətbiq edilən texnoloji əsasların hər birinin kökündə, təməlində danılmaz «ETMR» amili dayanmaqdadır. Nəzərə alarsaq ki, gələcək Data, Data təhlili, Data elmi ilə əlaqəli olacaqsa, bu zaman təhsil ocaqlarında tədris sisteminin təkmilləşdirilməsi üçün sözügedən faktorlar diqqətdə saxlanılmalıdır. Dəqiq ifadə edərsək, tədrisi experimentlər və üzücü üsullardan azad formada tədris etmək lazımdır. Bu, əlbəttə ki, təhsil alanların elmi qavrama imkanlarına da öz münbit təsirlərini göstərə bilər.

Addım 3: İnsan potensialını kəşf etmək və öyrənmək

Fakt budur ki, insan potensialı tükənməzdir və əgər hər bir insan öz potensial gücünü doğru-düzgün istifadə edərsə, nə qədər gücə, biliyə sahib olduğunu da müəyyənləşdirər. Ancaq elə də olur ki, insanlar öz potensial vahidlərini müəyyən edə bilməməkləri ilə yanaşı, həm də ondan doğru istifadə edərək, həyatlarını, gələcəklərini istədikləri səmtə doğru çevirməkdə çətinlik çəkirlər.

Dahi filosof Kant deyib ki, insan sonsuz varlıq olması ilə yanaşı, həm də dünyanın sonuna qədər öyrəniləcək sirli mexanizmdir. Şüur, zəka, güc kimi mühüm amillər insan üçün sonsuzdur. Məhz bu baxımdan, 4-cü Sənaye İnqilabının tələb etdiyi və xüsusilə təhsil cəhətdən tələb olunan reallıqlarından biri də insan potensialının kəşf edilməsi və öyrənilməsidir. Yəni insan müasir texnologiyalardan istifadə etməklə əldə edilən hər bir kəşfini elə insanlığın öyrənilməsinə doğru yönəldir.

Bu baxımdan, təhsil metodikası müddətində emosional zəka, kreativlik, kommunikasiya, komandalılıq, liderlik, interaktivlik, çeviklik, qərar vermək, nəticə çıxarmaq və s. vərdişləri öyrədilməlidir ki, bu insani bacarıqlar hər bir insanın həyatının uğurlu axarı üçün çox vaciblik təşkil edir.

Addım 4: Həyat boyu öyrənmək prinsipinə adaptasiya olunmaq

İnsan həyatı üçün vacib olan daha bir amil sağlam mübarizə aparmaqdır. Lakin sağlam mübarizə aparmaq kontekstindən çıxış edərsək, onun bir qisminin də öyrənmək istəyi ilə bağlı olduğunu qeyd edə bilərik. Bizlər onsuz da yaşadığımız ömrümüz boyunca öyrənirik və onun da tükənməz olduğunu bilirik. Elm, texnologiya və s. sahələrin durmadan inkişafını müşahidə ediriksə, demək ki, bu da insanın öyrənməklə yeniliklər tətbiq etməsinə olan danılmaz işarədir. Əsasən, 4-cü Sənaye İnqilabının bəşəriyyətə diktə etdiyi bir zamanda ona adaptasiya olmaq, həyatı boyu öyrənmək prinsiplərini realizə etmək təhsil sistemində də vacibdir. Bu baxımdan, məktəblərdə, peşə və ali tədris müəssisələrində elmi-texnoloji metodikaların 4-cü Sənaye İnqilabının tələb etdiyi tərzdə icrası da zamanın çağırışı olaraq qiymətləndirilə bilər.

Beləliklə, artıq biz yaxşı anlayır və dərk edirik ki, sürətlə dəyişən dünyamızda hətta maneələr yaranarsa belə, öyrənəcəyik, yenidən öyrənəcəyik və yenə də öyrənməli olacağıq.

Apardığımız araşdırmalardan belə nəticə hasil etmişik ki, 2030-cü ildə yarana biləcək peşələrin 85% hələ bu gün yoxdur. Onda növbəti bir sual yaranır: nə etməli? Çünki gələcəkdə qaçılmazlığı ilə seçiləcək və yaranacaq peşələrə aid bilik bacarıqlar öyrədilmir. Bu mənada, uşaqlar təhsil müəssisələrində yeni bacarıqlar və bacarıq toplularını mənimsəməlidirlər. Belə ki, gələcəyin təminatı öyrənməkdən və 4-cü Sənaye İnqilabının tələb etdiyi təhsil anlayışından keçir.

Addım 5: Bizə tədris edənlərin biliklərini təkmilləşdirmək

Təbii ki, məktəblilər elm, təhsil öyrənirlərsə, onlara bu təhsili verən müəllimlər, pedaqoqlar var. Ona görə də, bu cür bir düşüncəni də bölüşmək olar ki, yeni nəsil müəllimlər daha çox biliyə çıxışın təmin edilməsinə hədəflənməlidirlər. Bu ona görədir ki, tədris alanlar özləri kəşflər edə bilsinlər. Sadə bir misal gətirə bilərik: Ən adi bir müəllim öz şagirdinə elm öyrədir və həmin şagird gələcəkdə dünyada

tanınmış ixtiraçı, mühəndis, informasiya-texnologiyaları üzrə ən peşəkar mütəxəssis və s. kimi tanınır. Ancaq bu reallıqların arxasında daha bir xüsusiyyət dayanır – adi müəllim şagirdinə tədrisi necə verir? Məsələ də ondadır ki, hətta ən sadə riyazi tənliyin həll olunması o demək deyil ki, həmin tənlik birmənalı şəkildə həll olundu. Maraqlısı isə budur ki, müəllim riyazi tənliyin bir neçə formatda həllini öyrədir və şagird də öyrəndiyi həlli bir neçə istiqamətdən tətbiq etməklə tənliyin çoxsaylı həll sistemini müəyyən edir. Beləliklə, bizi öyrədənlər bilik və bacarıqların mənimsənilməsi, ötürülməsi üçün tədris etməlidirlər, sadəcə məlumatı yadda saxlamaq üçün deyil və məlumatın ötürülməsi üsullarına fokuslanmalıdırlar, onun bir neçə istiqamətdən anlatmalıdırlar. Daha dəqiqi isə, yeni müəllimlər «co creators» konseptinə uyğun olmalıdırlar.

Addım 6: Məktəbləri «make up place» - «yaradıcı meydan» konseptinə uyğun formalaşdırmaq

Məktəb yaşı uşaqların elm və təhsil üzərindəki qavrama bacarıqlarını müəyyən etmək üçün eksperimentlərin keçirilməsi çox mühümdür. Çünki bütün uşaqlar bir-birinə bənzəmirlər və onların psixologiyaları da əlbəttə ki, müxtəlifdir. Yaradıcılıq, iş qabiliyyəti, öyrənmək həvəsi və s. kimi faktorların aşkarlanması baxımından da bu çox əhəmiyyətli seçim olardı. Bunun üçün isə, ibtidai təhsil müəssisələrində uşaqların eksperiment keçirmələri üçün şərait yaradmalıdır. Məktəblər - Fiziki və rəqəmsal alətlərin sınaq meydanı olmalıdır. «Try – fail cycle» - «cəhd-səhf sikli» təmin edilməlidir. Bu tətbiq uşaqların həyat və müqəddəratları üçün da vaciblik təşkil edir.

Addım 7: Məktəblər beynəlxalq «mind set»li - «baxış»li olmalıdırlar

Məktəblər tədris prosesində bir məsələyə müxtəlif məqamlardan baxışlarla seçilməlidir. Bir problemin həlli bir yanaşma ilə deyil müxtəlif ölkələrin yanaşma metodların təhlili ilə səciyyələndirilməlidir. Tarix, xarici dil kimi misalları gətirmək olar. Yanaşmalar qlobal təlabata uyğun tədris edilməlidir.

Nəticədə isə, biz son vacib məqamı nəzərdən qaçırmamalıyıq. Belə ki, bütün təhsil müəssisələrində, təkcə məktəblərdə deyil, Ali Məktəblərdə də «Life Long Learning» - «həyat boyu tədris» konsepsiyası təmin edilməlidir. Bu proses məktəblərdən başlanılmalıdır və bütün mərhələlərdə davam etməlidir. Belə ki, 4-cü Sənaye İnqilabının insanlığa bəxş etdiyi sonsuz şəraitlər də həmin çağırışları kifayət qədər ehtiva və isbat etməkdədir.

Emin Əliyev,

Tarix üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə