Simsiz qulaqcıqlardan istifadənin zərəri nədir? - EKSPERT HƏYƏCAN TƏBİLİ ÇALDI
"Ümumiyyətlə radiodalğalar ilə çalışan bütün cihazlar insan orqanizminə və ətraf mühitə zərərlidir. Ancaq burada belə bir nüans var ki, istifadə etdiyimiz cihazlar marka, yoxsa illeqal bir Çin müəssisəsi istehsalıdırmı?. Əgər istifadə etdiyimiz cihazlar bir markadırsa, (məsələn "Apple", "Samsung" və s.) bu zaman avadanlıq istehsal etmək üçün beynəlxalq standartlara mütləq cavab verməlidir. Əsas strandart da radiasiya dəyərləridir.
Bu radiasiya dərəcəsi də mütləq şəkildə standartlara uyğun olmalıdır. Əks halda onların fəaliyyətinə və ümumiyyətlə bu istehsalata icazə verilmir. Biri də var ki, Çində illeqal fəaliyyət göstərən istehsal müəssisələri adları bəlli olmayan məhsullar istehsal edib satışa buraxırlar. Azərbaycan bazarında belə məhsullar çoxdur. Məsələn, sosial şəbəkələrdəki elektron aksesuar səhifələrinə baxsanız onların cürbəcür ucuz qiymətə aksesuarlar olduğunu görəcəksiniz. Əslində insanlar heç vaxt bunu düşünmürlər ki, nəyə görə bir brendin saatının qiyməti 300-400 AZN-dırsa, başqa eyni xüsusiyyətləri daşıyan brenddə onun qiyməti 25, 30, 40 və ən yaxşı halda 90-100 AZN-dır?! Başlıca səbəb isə radiasiya dəyərləridir. Hansı ki, illeqal istehsalçılar bu dəyərləri və beynəlxalq standartları nəzərə almırlar. Sadəcə əməliyyat sistemi üzərində funksionallıq tətbiq edirlər və cihaza görüntü olaraq forma verirlər. Çünki hər şeydə diqqəti ilk cəlb edən görünüşdür. Qeyd edim ki, bunların satışı yalnız Azərbaycanda deyil, bütün dünyada reallaşdırılır". Bu sözləri SİA-ya açıqlamasında İnformasiya Texnologiyaları Elmləri üzrə ekspert Fərrux Rəcəbli deyib.
Onun sözlərinə görə, bu cihazların insan orqanizminə ciddi zərərləri var: "Çünki simsiz qulaqcıqlar və smart saatlar müəyyən bir tezliklə işləyirlər. Onların qoşulma növləri blutuzdur. Blutuz da müəyyən bir tezlikdə çalışan standartdır. Burada radidalğalar istifadə olunur. Radiasiya dəyərləri normal olmasa, bu insan orqanizminə ciddi zərər vurur. Nəticədə burada istənilən xəstəliklə üzləşmək olar. Ən qorxulusu ilə dövrün bəlası olan xərçəng xəstəliyidir. Ona görə məsləhət görülür ki, brend sayılmayan, radiasiya standartlarına uyğun sertifikatı olmayan aksesuarlardan istifadə olunmasın".
Fərrux Rəcəbli sözlərinə belə davam edib: "Sadəcə olaraq maliyyə bazarlarında olan problemlər və insanların maddi sıxıntıları elə bir vəziyyətə çıxarıb ki, onlar 300-400 AZN ödəyib brend saat ala bilmirlər. Əvəzinə illeqal bir brendin saatını alırlar. Çünki bu saatlar görüntü olaraq heç də bir-birindən geri qalmır. İnsanlar da əsas buna önəm verir. Düşünürəm ki, insanlar bunun zərələrini daha dərindən araşdırsa, bu cür aksesuarlardan istifadə etməz. Çünki heç kim istəməz ki, həyatına təhlükə yaradacaq nədənsə istifadə etsin.
Burada ən zərərli olan aksesuar isə qulaqcıqdır. Çünki baş və beyin nahiyəmizə ən yaxın olan odur. Son illər statistikada bu göstərilir ki, simsiz qulaqcıqlardan istifadə edən insanlarda beyin xərçəngi ehtimalı daha yüksəkdir. Beyin xərçəngi olan insanların da statistik göstəricilərində başlıca problem bu cihazlardan istifadə etməkdir.
Məsləhət görürəm ki, bu cür aksesuar alan zaman onu mütləq şəkildə araşdırsınlar. Büdcəyə qənaət edəcəyik deyə, həyatımızı qısaltmayaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə