Şahmatçılarımız festivalın VIII turunda mübarizə aparırlar

Fevralın 26-da Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının səkkizinci turunun oyunları keçirilir.

SİA-nın məlumatına görə, festivalın A turnirində çıxış edən Rauf Məmmədov səkkizinci turda Hindistan təmsilçisi Baskaran Adhiban ilə qarşılaşır. Aktivində dörd qələbə və iki heç-heçə olan şahmatçımız 5,5 xalla şəriksiz liderdir. Daha bir şahmatçımız A turnirində məğlubiyyətsiz irəliləyir. Yeddi turdan 5 xal toplayan gənc şahmatçımız Aydın Süleymanlı bu nəticə ilə 2-9-cu yerləri bölüşür. A.Süleymanlı növbəti turda iranlı Pərham Maqsudlu ilə üz-üzə gəlib. A turnirindəki digər şahmatçılarımız – aktivlərində 4 xal olan Vüqar Əsədli Murali Karthikeyan, Vasif Durarbəyli Arjun Eriqaysi (hər ikisi Hindistan təmsilçisi) mübarizə aparırlar. Abdulla Qədimbəyli (3,5 xal) isə perulu Emilio Kordova ilə gücünü sınayır.

Yarışın B turnirində Məhəmməd Muradlı 5,5 xalla liderlər qrupunda mübarizə aparır. Qeyd edək ki, o, ötən il analoji yarışda bürünc medal qazanıb. Səkkizinci turda M.Muradlının rəqibi ukraynalı Stanislav Boqdanoviçdir.

Doqquz turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...