"Qarabağ" - APOEL oyununun hakimləri açıqlanıb

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Kipr APOEL-i arasında keçiriləcək matç üçün bütün təyinatlar açıqlanıb. SİA-nın məlumatına görə, qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Filip Qlovaya, Frantişek Ferents və Yan Pozor yan xətt, Peter Zimba dördüncü hakim qismində kömək edəcək. Yunanıstanlı Mixalis Kukulakis hakim-inspektor, rusiyalı İvan Tsitoviç isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

31 yaşlı Filip Qlova 2016-cı ildən FIFA referisidir. Slovakiyalı hakim 2018-ci il martın 27-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə İrlandiyaya 0:1 hesabı ilə uduzduğu AVRO-2019-un seçmə matçını idarə edib.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL görüşü saat 20:55-də başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə