Qadın güləşçilərimiz Belarusda

Martın 1-2-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə ölkəmizin qadın güləşçilərdən ibarət yığma komandası iştirak edəcək.

Baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin başçılığı altında yığma komandanın 10 üzvü Minskdə qüvvəsini sınayacaq.

Heyətdə Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), İrina Netreba, Yuliya Ratkeviç, Sona Əhmədli (hamısı 59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk, Dərya Korin (hər ikisi 67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb.

Turnirin baş əlaqələndiricisi AGF-nin baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərovdur. O, FİLA-nın nümayəndəsi kimi yarışların təşkilinə və gedişinə nəzarət edəcək.
Beynəlxalq turnirdə iştirak etdikdən sonra Avropa çempionatına hazırlıq məqsədilə yığma komandanın heyəti martın 3-dən 14-dək Belarus yığma komandası ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə