Heydər Əliyev Azərbaycan dövlətinin memarı və qurucusudur

Tarixi yaradan şəxslər, xalqının taleyini dəyişdirə bilən şəxsiyyətlərdir. Azərbaycan xalqının tarixinə nəzər salsaq müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Lakin bu liderler arasında XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyev öz adını bütün Azərbaycan xalqının qəlbinə həkk etmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixə nəzər salsaq, Ulu Öndərin idarə etdiyi Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən daim irəliləyən, hər addımında insan amili uca tutulan bir dövlət olmuşdur. 1969-cu ilin iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə respublikamızın tarixində, xalqımızın taleyində ciddi dönüşün əsası qoyuldu. Əbədiyaşar lider Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq artıq əbədiyaşarlıq qazanmışdır. Müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində ölkədə əvvəllər yaradılmış iqtisadi, elmi-texniki potensialın müstəsna əhəmiyyəti dahi lider Heydər Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti uzunmüddətli inkişafa hesablanmışdır. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün xalqımıza, dövlətimizə xidmət göstərir, Azərbaycan dinamik iqtisadi inkişafı ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi.

Müstəqilliyimizin bərpasından sonrakı ilk dövrü - 1991-1993-cü illər tariximizə xaos, anarxiya, böhranın dərinləşdiyi, dövlətin parçalanma, millətin məhvolma ərəfəsində olduğu məşəqqətli dövr kimi həkk edilib. SSRİ-nin dağılması ilə elan edilən müstəqillik Azərbaycan xalqına azad ölkənin vətəndaşı olaraq qürur duymaq hissindən əvvəl Dağlıq Qarabağ problemi kimi milli faciə və bu problemdən heç də geri qalmayan siyasi təlatümlər, hakimiyyət ambisiyaları nəticəsində meydana çıxan qovğalar, itkilər gətirmişdi. Kağız üzərində olan müstəqilliyi dövlətin mövcudluğu timsalında təsbit etmək, onu möhkəmləndirmək lazım idi, lakin o vaxt iqtidarda olanlar yalnız öz mövqelərini möhkəmləndirməklə məşğul idilər. Xalqın iqtisadi, sosial qayğılarını, ərazi itkisi nəticəsində əmələ gələn problemləri həll etmək əvəzinə hələ kövrək olan dövləti yeni problemlər məngənəsinə salır, ordu qurmaq əvəzinə qanunsuz silahlı quldur dəstələri təşkil edir, ictimai sabitlik yaratmaqdansa, bu sabitliyi təmin edəcək dövlət strukturlarını, daxili işlər orqanlarını kriminal elementlərə çevirir, iqtisadi islahatlar aparmaq əvəzinə sovet dövründən qalmış müəssisələri talan edirdilər. Nəticədə xalqın güzəranı böhranın ən son həddinə qədəm qoymuş, dövlət etnik separatçılığın tüğyan etməsi nəticəsində Dağlıq Qarabağ bölgəsindən əlavə, faktiki olaraq şimal və cənub ərazilərinə nəzarəti də itirmişdi. O illərdə xalqımızın təhlükələr məngənəsində yaşamağa məhkum olması, son həddə çatmış siyasi qeyrisabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və bütün bunların qaçılmaz nəticəsi kimi əhalini bürüyən bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin güclü liderə ehtiyacının olduğunu göstərirdi. Bunun nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi. Beləliklə, 1991-1993-cü illərdə ən ağır günlərini yaşamış Azərbaycan xalqı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan düzgün siyasi seçim əsasında xaosdan tərəqqiyə keçid mərhələsinin bünövrəsini qoydu. Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü ölkəsinin gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyev ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı. Bu tarixi paralellər əsasında bu fikri böyük qətiyyətlə bildiririk ki, Ulu Öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycanın banisidir. Çünki Azərbaycan 1991-ci ilin oktyabarında dövlət müstəqilliyini yenidən bərpa etsə də, müasir, müstəqil tariximiz 1993-cü ildən başlayır.

Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçinin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Ulu Öndər Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Ümummilli Lider Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.

Abbasov Tapdıq Hüseyn oğlu
Laçın ziyalısı, Əməkdar müəllim

Bütün xəbərlər Facebook səhifəmizdə