Ünvanlı sosial yardım kimlər ala bilər? - QURUM RƏSMİSİ AÇIQLADI
“Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Aztəminatlı ailə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.
Onun sözlərinə görə, ehtiyac meyarı isə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir: “2022-ci il üzrə qanunla 1 nəfər üçün ehtiyac meyarı 200 manat müəyyən olunub.
Sosial yardım ailənin gəlir və xərcləri nəzərə alınmaqla təyin olunur. Bu məqsədlə ailə dedikdə birgə yaşayan ümumi ev təsərrüfatına malik olan bütün şəxslər nəzərdə tutulur. Ailənin gəliri dedikdə ailə üzvlərinin bütün növ gəlirləri, ailə üzvlərinin əməkhaqları, ailə üzvünə ödənilən pensiya, müavinət, təqaüd, ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlər nəzərdə tutulur”.
Rəşad Mehdili sözlərinə belə davam edib: “Ailə üzvlərindən əmək qabiliyyətini itirmiş, ailədə birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən, əmək qabiliyyətli 23 yaşadək əyani təhsil alan, işsizlikdən sığorta ödənişi alan şəxslərdən məşğulluq tələb edilmir.
Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs, belə şəxs olmadıqda isə qəyyum sosial yardımın alınması üçün müraciət edə bilər. Bu zaman yaşayış yeri üzrə ailə tərkibi haqqında arayış alınaraq notariusa təmsilçilik ərizəsinin alınması üçün müraciət edilir. Notarius tərəfindən təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs “Elektron hökumət” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərir.
Artıq ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edərkən vətəndaşlardan əmək haqları, əmək müqavilələri, mobil rabitə xərcləri, pensiya, müavinət, təqaüd və əlillik dərəcələri barədə məlumatların bəyan edilməsi tələb olunmur. Çünki sistemdə aparılan optimallaşdırma nəticəsində həmin məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən, həmçinin inteqrasiya olunmuş digər qurumların informasiya sistemlərindən əldə olunur. Bununla yanaşı vətəndaşın kommunal xərclərini bəyan etməsinə də ehtiyac qalmır. Çünki vətəndaş abonent kodunu qeyd etdikdə həmin kodlar üzrə illik xərclər informasiya sistemindən əldə olunur.
Ünvanlı dövlət sosial yardımı üçün müraciət edən ailələrin istifadəsində və mülkiyyətində nəqliyyat vasitəsinin və müxtəlif ünvanda iki və daha çox eyni təyinatlı daşınmaz əmlakın olmaması vacibdir. Bundan əlavə ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olmamalıdır.
Sosial yardımın alınması üçün müraciətlər öncə elektron sistem tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar çıxarılır. Elektron sistem tərəfindən ailənin sosial yardım almağa uyğunluğu müəyyən edilərsə, bu halda ailənin ərizə bəyannaməsində göstərdiyi məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən yerində yoxlanılır. Göstərilən məlumatlar təsdiqini taparsa, ailəyə sosial yardım təyin edilir. Ünvanlı dövlət sosial yardımı müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə