Elektron biznesə 0-dan necə başlamaq olar? - ARAŞDIRMA

Son onilliklərdə onlayn alış-veriş çox milyard dollarlıq bir sənayeyə çevrilmişdir. İnternetdə əşyalar almaq bütün dünyada milyonlarla insan üçün adi bir təcrübəyə çevrilib. Mövcud şəraitdə onlayn mal və xidmətlərin alıcıları əvvəlkindən daha çoxdur.

Hesablamalara görə, 2022-ci ilin sonunda onlayn alış-veriş edənlərin sayı 2,14 milyard olacaq - bu, dünya əhalisinin ümumi sayının 27,6%-i, hər dörddə birindən çoxdur və göstərici dinamik şəkildə artmaqda davam edir. 2022-ci ildə rəqəmsal alıcıların sayının 4,4% artacağı gözlənilir.
Elektron ticarətin inkişafı nağdsız ödənişlərin artmasına kömək edir. Bu ilin birinci rübünün yekunlarına əsasən, nağdsız ödənişlərin həcmi 12,7 trilyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Eyni zamanda, ümumi həcmin 82 faizi internet və mobil bankçılıq vasitəsilə aparılan nağdsız əməliyyatların payına düşür. Beynəlxalq ödəniş sistemləri kontekstində bütün nağdsız əməliyyatların 99,1%-i MasterCard və VISA International-ın payına düşür.

Ümumilikdə, 2021-ci ildə ümumi məbləği 35,3 trilyon dollar olan 2,9 milyard nağdsız əməliyyat həyata keçirilib .

Onlayn alış-verişi seçməyin səbəbləri müxtəlifdir və məsələn, rahatlıq, aşağı qiymətlər və daha geniş çeşiddə məhsullar daxildir. Bundan əlavə, onlayn şirkətlər onlayn alış-veriş təcrübəsini şəxsi alış-veriş təcrübəsi ilə uyğunlaşdırmağa uğurla çalışırlar.

Əslində, e-ticarət təkcə şəbəkələrdən istifadə etməklə həyata keçirilən maliyyə və ya kommersiya əməliyyatları deyil, həm də əməliyyatlarla bağlı qlobal biznes proseslərinin zəncirləridir.

Bu gün e-ticarət malların onlayn xidmətlər və ya İnternet vasitəsilə elektron alışı və ya satışı, mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, İnternet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi, idarəetmə və avtomatlaşdırılmış məlumat toplama sistemləri və,s daxildir. İlk onlayn alış-veriş 1994-cü ildə amerikalı Phil Brandenberger tərəfindən edilib. O, Stinqin yeni albomu olan Ten Summoners' Tales saytdan sifariş edib və Masterkard ilə 12,48 dollar ödəmişdir. Bir az sonra Amazon və Alibaba bazara daxil olaraq onun qabaqcılları və inhisarçıları olublar.

Elektron ticarəti bir neçə şəkildə təsnif etmək olar:
fiziki mallar - qida, geyim, mebel, elektronika, kağız kitablar;
rəqəmsal mallar - musiqi, filmlər və seriallar, elektron kitablar, onlayn kurslar;
xidmətlər — fotoqrafiya, təmizlik, hərəkətdə köməklik və s
daxildir.

Bəs onlayn biznesə və ya ticarətə hardan və necə başlamaq olar?

Satış təlimçisi Kamal Mahmudov SİA-ya açıqlamasında elektron ticarətdə vacib məqamlara açıqlayıb.

Günümüzdə onlayn biznesə başlamaq artıq hər kəs üçün əlçatandır. Bu hər nə qədər asan səslənsə də bir o qədər də diqqət olunmalı bir mövzudur. Onlayn biznesə 0-dan necə başlamaq olar? Buna keçməmişdən öncə onu qeyd edim ki, bu daha çox hansı biznesə başlamaqdan aslıdır. Məsələn günümüzdə Dropshipping, Onlayn arbitraj, Affiliate marketing və s. kimi sahələr üzrə onlayn biznes açmaq mümkündür. Bu və bu kimi bizneslərə başlamamışdan öncə həmin sahə ilə bağlı özümüzü maarifləndirmək, bazar araşdırması etmək, həmin sahə ilə bağlı uğur qazanmış insanların inkişaf “qrafikini” izləmək mühimdir. Onlayn biznesdə uğur qazanmaq zaman, enerji və səbr tələb edir.

Bu yönümdə ölkəmizdə vəziyyət necədir?

Ölkəmizdə onlayn biznes qurmağa maraq daha da artmaqdadır. Lakin insanlar tez bir zamanda qazanc əldə etməyə meyilli olduqları üçün biznes qurmaq yolunda keyfiyyət və biznes etikasını “qurban verirlər”. Məhz bu səbəbdən alıcı kütlənin onlayn satış edənləri əksəriyyətinə qarşı münasibəti o qədər də yaxşı deyil. Bəli mən uzun müddətdir ki, satış sahəsində fəaliyyət göstərirəm. Satışa marağım isə təxminən 2011-2012ci illərdə Bakıdakı reklam agentliklərinin birincə çalışdığım dövrdə yarandı. Hazırda beynəlxalq və yerli satış təcrübəsinə sahibəm və özümü bu sahə üzrə kifayət qədər uğurlu hesab edirəm. Lakin başlanğıc illərdə bu o qədər də asan deyildi. İlkin zamanlarda satışlarımın alınmaması bu sahə ilə bağlı dərindən araşdırma etməyim üçün çox böyük stimul olmuşdu.

Onlayn biznes qurmaq istəyən və yaxud freelance olmaq istəyən bir adam üçün Ali təhsil, mükəmməl inglis dil səviyyəsi önəmlidirmi?

Düşünürəm ki, bunun üçün ali təhsilin heç bir önəmi yoxdur. Onlayn biznes qurmaq istədiyimiz sahə ilə bağlı kurs götürməyimiz kifayət edər. Amma ingilis dili ilə bağlı eyni fikirdə deyiləm. Bəzən elə bir onlayn biznes ola bilər ki, bunun üçün ingilis dili biliyimizin olması vacib və ya bizim üçün üstünlük ola bilər. Ümumiyyətlə ingilis dili biliyi məlumat, informasiya əldə etmək baxımından hər daim bizim üçün üstünlükdür. İstənilən bir onlayn biznes üçün ingilis dilində kifayət qədər material tapmaq olar.

İstər pandemiya dövründə, istərsə də post pandemiya dövründə görürük ki, elektron ticarətin inkişafı zəruridir və inkişaf etməkdə davam edir. Əvvələr bir çox məsələlərdə ənənəvi formada hərəkət edirdiksə, indi artıq ənənəvi qaydadan çıxıb , onlayn ticarət formasında işlərimizi həll etməyə başladıq Ümumiyyətlə elektron ticarətin inkişaf elətdirməsi, nəğdsiz ödənişlərin ərsəyə gəlməsindən sonra başladı və bu dünyada bir çox hallarda tətbiq olunur. Bu sözləri Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadfçı, ekspert Asif İbrahimov bildirib.

Sadəcə Azərbaycan post pandemiya dönəmində yeni mərhələyə qədəm qoyduğu üçün bizdə də artıq inkişaf etməyə başlayıb. Əvvələr insanlar mağazalara geyim əşyaları və s almaq üçün gedirdilər amma indi xaricdən və digər bir sıra satış portalları vasitəsilə sifarişlərini verib, qapılara qədər gətirirlər. Düşünürəm ki bu istiqamətdə Azərbaycan istehlakçısı bir çox məqamlara diqqət yetirməlidir. Təhlükəsiz alış-verişi təmin edən tələblərə qarşı diqqətli olmalıdır. Bu sahədə dünyada keçirilən praktikalar ölkəmizdə də, maariflənmə mövzusu kimi həyata keçirilməlidir.

Sahibkar, bloger bir çox tətbiqlərin və portalların yaradıcısı Cəfər Cəfərov isə Əsas maraq stoksuz e-ticarət bizneslərinədir deyə qeyd edir. Çünki çox az bir büdcə ilə bu işə hər kəs başlaya bilir.

Əvvəllər satış həyata keçirmək üçün vacib idi ki, bir mağazan və ya ofisin olsun, işçilərin olsun. İndi biz elə bir gözəl dövrdə yaşayırıq ki, Azərbaycanda oturaraq onlayn şəkildə dünyanın istənilən nöqtəsindən sifariş qəbul edə bilirik. Məhsul və ya xidmət sifarişi olmasından asılı olmayaraq öz kompyuterimizlə bu sifarişləri icra edə bilirik.

2015-ci ildən bu günə kimi öz onlayn biznes təcrübələrimi bloqum jafarnajafov.com üzərindən paylaşıram və hər il insanlarda bu sahəyə daha çox həvəsin artdığını hiss edirəm. İllər öncə bloqumdakı yazını oxuyub öz onlayn biznesini qurub və uğurlu olan insanlar bəzən küçədə mənlə rastlaşıb deyirlər ki, hal-hazırda belə bir uğurlu onlayn biznesə sahibəm və bu işə sizin bloqunuzdakı yazını oxuduqdan sonra başlamışam. Bir bilsəniz, necə xoşbəxt oluram onda.

Ümumiyyətlə uşaqlıqdan informasiya texnologiyalarına çox böyük həvəsim olub. İlk onlayn biznesimi də elə 17 yaşımda qurmuşam və uğurlu olub.

İllər sonra mobil tətbiqlərin trendi başladı və mən də ilk tətbiqlərim olan Hara Gedək və Baku City Guide yaratdım. Bu tətbiqlər də uğurlu olduqdan sonra qlobal bazar üçün tətbiqlər yaratmağa qərar verdim.

Amma hər yaratdığım layihə də uğurlu olmayıb, xeyli uğursuz layihələrim də olub və bunlara sadəcə bir dərs kimi baxmışam, məni həvəsdən salmasına imkan verməmişəm.
Bu sahədə İngilis dilini bilmək bəli mənə görə önəmlidir, lakin bu sahədə ali təhsilli olmağa gərək yoxdur. İnternetdən istənilən insan araşdırma etməklə onlayn biznesin bütün sirrlərini öyrənə bilərsiniz.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə