“Mirzə Kazım bəy” adlı sərgi olub

Bu il görkəmli şərqşünas alim, maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin 220 illik yubileyi tamam olur. SİA xəbər verir ki, Azərbaycan xalqının XIX əsrdə bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri də Mirzə Kazım bəydir.

Mirzə Kazım bəy Azərbaycan elminə dünya şöhrəti qazandırmış, bəşər elminin inkişafında müstəsna rol oynamış, zəngin elmi qüdrətə, ensiklopedik biliyə malik olmuşdur. Görkəmli mütəfəkkir, xalqımızın fəxri, fövqəl zəka və istedad sahibi olan Mirzə Kazım bəy şərqşünaslıq, ədəbiyyat, dil, fəlsəfə, tarix, hüquq, dinşünaslıq, etika, etimologiya, etnoqrafiya, pedaqogika, ədəbi tənqidlə əlaqədar dünya elmi üçün bu gün də böyük əhəmiyyət kəsb edən, nadir mənbələrdən hesab olunan bir sıra fundamental əsərlər yazmış, bir çox dünya dillərinin kamil bilicisi olmuş, eyni zamanda görkəmli elm və təhsil təşkilatçısı kimi böyük şöhrət tapmışdır.

Bu böyük alimin siyasi, fəlsəfi və hüquqi məsələlərə dair əsərləri Şərq və Qərb elm aləminin qızıl fonduna daxil olmuşdur. Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın, Hollandiyanın və ABŞ-ın elmi cəmiyyətlərinin adlı-sanlı üzvü olmuş Mirzə Kazım bəy elm aləmində tarix, fəlsəfə, siyasət, hüquq, Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatını tədqiq edən, islamın və müsəlman hüquq elminin böyük bilicisi kimi tanınmışdır. Vətəndən uzaqlarda yaşamasına və yazıb yaratmasına baxmayaraq həmişə doğma Azərbaycana bağlı olmuş, onu ömrünün axırınadək ürəkdən sevmişdir.

Onun Azərbaycan dilinin öyrənilməsi sahəsində tədqiqatları xüsusi qeyd olunmalıdır. Azərbaycan dilinin elmi qrammatikasının əsas prinsiplərini Kazım bəy işləyib hazırlamışdır. “Azərbaycan dili” termininin elmi əsaslarını ilk dəfə o, vermişdir.

Kazım bəy ərəb, fars, türk və Azərbaycan ədəbi əsərlərinin məxəzlərini və onların qarşılıqlı əlaqələrini tədqiq etmişdir. İslamın meydana gəlməsi dövründən XIX əsrin başlanğıcına qədər ərəb ədəbiyyatının, Firdovsi zamanından fars ədəbiyyatının, Nizamidən başlamış Mirzə Fətəli Axundov dövrünədək Azərbaycan ədəbiyyatının vəziyyəti böyük alimin əsərlərində öz əksini tapmışdır. Mirzə Kazım bəy Şərq haqqında dünya elminin inkişafına böyük töhfələr verməkdə aparıcı rol oynayan çox istedadlı alim olmuşdur. Onun bu sahədə yaratdığı elmi məktəbin ən yaxşı ənənələri bizim əsrimizdə də davam etdirilir.

Mirzə Kazım bəyin 220 illik yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Mirzə Kazım bəyin müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mirze_Kazim_bey/index.htmlinkindən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...