Qurban bayramında nələrə diqqət edilməlidir? - DİN XADİMİ AÇIQLADI

“İyul ayının 9-10-u Azərbaycanda Qurban bayramıdır. Qurban bayramı islamın ən gözəl bayramlarındandır. Bu bayramın xüsusi yeri və məqamı var. Paylaşmaq, bölüşmək, qardaşlıq, doğmalıq bayramıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Qurban bayramının çox savab və vacib əməlləri vardır: “Bu bayramın tarixinə nəzər salsaq görərik ki, İbrahim peyğəmbər Allahın imtahanı ilə sınağa çəkilir. İbrahim peyğəmbər öz övladını Allah yolunda qurban verməyə hazırlaşır. Bu zaman Allah oğlunun əvəzinə mələklər tərəfindən bir qoç göndərir. Allah İbrahim peyğəmbərin inancına bələd olur. Bu gündən sonra da Qurban bayramı qeyd edilir. Bu bayram onu tələb edir ki, kimin maddi vəziyyəti yaxşıdırsa həmin ərəfədə qoç kəsə bilər. Qurbanlıq bayramında qoçdan kiçik heyvanın kəsilməsi düzgün deyil. Qoç, keçi, inək, dəvə kimi heyvanlardan qurban kəsmək buyurulur. Qurbanlıq 3 gün davam edir və bu günlər ərzində qurban kəsmək olar. Qurban kəsən şəxs qurbanını 3 hissəyə bölməlidir. Bir hissəsi özünün olur, digər iki hissəsi isə yoxsula, fəqir-fuğaraya paylanılır. Amma qurbanın yaxşı ətini özünə götürüb, digər hissələrini paylamaq düzgün deyil. Hər bir hissəni bir pay kimi bölüşdürməlidir. Çalışmaq lazımdır ki, sağlam heyvan seçilsin, kök olsun. Qurban əti kilo-kilo satılmaz. Ət dükanlarından da kilo ilə qurban əti almaq düzgün deyil. Bu ərəfədə Qurban bayramı namazı da qılınır. İstəyən şəxslər bu günlərdə Qurban namazı qıla bilər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...