Azərbaycan: dini dəyərlərin, multikulturalizm və tolerantlığın ünvanı Təhlil+ yanaşma
Dini dəyərlər xalqın mənəvi keyfiyyətlərini, xarakterini özündə ehtiva edən bir sistemdir. Bu keyfiyyətlərə sahib olmadan, bu xarakter formalaşmadan bir xalqın varlığından söhbət gedə bilməz. Çünki cəmiyyətin inkişafında, qorunmasında dini dəyərlərin böyük rolu vardır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İnsanlar dövlətimizi, mənəviyyatımızı qorumalıdırlar. Biz gərək mənəvi saflıq uğrunda mübarizə aparaq. Yalnız və yalnız bu yolla cəmiyyətimizi sağlamlaşdıra, inkişaf etdirə və müstəqil dövlətimizi irəliyə apara bilərik”.
Döblət-din münasibətlərinə hər zaman həssaslıqla yanaşan, İslam dininə böyük hörmət bəsləyən ulu öndərin rəhbərliyi ilə ölkəmizdə sağlam dini ideologiya formalaşdırılmış, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində dövlət-din, 48-ci maddəsində isə dini etiqad və vicdan azadlığının hüquqi əsasları təsbit olunmuşdur.
Dini dəyərlərimiz xalqımızın milli sərvətidir
Hələ İslamdan əvvəl Azərbaycan xalqı birlik, həmrəylik, kollektivçilik xüsusiyyətlərinə malik bir xalq kimi yaşayırdı. Paylaşmaq, yardımlaşmaq kimi xüsusiyyətləri onun mənəvi dəyərlər sistemini təşkil edirdi. Əmək fəaliyyətinin kollektiv şəkildə həyata keçirilməsi, əkin-biçində insanların bir-birinə yardım etməsi, əkinlərin suvarılması üçün arxların, kanalların düzəldilməsi, xeyir, şər işlərdə kollektiv şəkildə iştirak, hətta qadınların təndir başında çörək bişirərkən bir-birilərinə kömək etmələri tarixin bu üzündən dünənə baxarkən aydınca görünür. Elə folklorumuzun əsasını təşkil edən əmək nəğmələri belə bigə əmək fəaliyyətindən yaranmışdır. Toylarımızın bir elin birliyi ilə keçirilməsi, birgə rəqslər, hər kəsin qonşu-qohumunun övladının toyunda qol qaldırıb oynaması yallılarımızın meydana gəlməsinə səbəb olmuşdur. Bir elin iştirakı ilə Ulu Dədə Qorqudun doğulan igidlərə ad verməsi də bu milli-mənəvi dəyərlər sisteminin adət-ənənələrindən olmuşdur. Folklorumuzun bayatı, sayaçı nəğmələri, alqışlar və qarğışlar kimi janrlarında da bir-birinə çiyin verən, arxa olan, birlik, həmrəylik nümayiş etdirən xalqımızın bu kimi mənəvi dəyərləri öz əksini tapmışdır.
İslam dini qəbul ediləndən sonra isə bu keyfiyyətlər daha bariz şəkildə qorunmağa başlandı. Ümummilli lider Heydər Əliyev 1998-ci ilin 8 aprelində Qurban bayramı münasibətilə Mir Möhsün ağanın ziyarətgahında keçirilən görüşdə dediyi kimi: “İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir... Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
Dini dəyərlərimizin 70 illik taleyi
1918-ci ildə əldə etdiyimiz müstəqilliyimiz əlimizdən zorla alınıb sovet imperiyasının buxovlarında düz 70 il əzildiyimiz zaman bu imperiya tərəfindən milli-mənəvi və dini dəyərlərimizə də əl qoyuldu. İslam dininin qaydalarına əməl edilməsi, milli bayramlarımızın keçirilməsi yasaq edildi. Beyinlərimizə ateizm yeridildi. Lakin təməlində milli-mənəvi dəyərləri olan bir xalqın beyni bunları qəbil edə bilməzdi. Çünki yuxarıda da vurğuladığım kimi, hələ İslamdan da əvvəl bu xalqın müəyyən dəyərlər sistemi mövcud idi və həmin sistemdəki adət-ənənələr İslam dininin tələblərinə çox oxşar idi.
Bəli, bütün bu səbəblərdən biz nə dini dəyərlərimizin, nə də ki, milli-mənəvi keyfiyyətlərimizin üzərindən xətt çəkib kimlərinsə dediklərinə əməl edə bilməzdik. Dini mərasimlərimizi də, milli bayramlarımızı da gizli şəkildə vaxtlı-vaxtında keçirdik, onları yaşatdıq, nəsillərdən-nəsillərə ötürdük. 1991-ci ildə müstəqilliyimiz yenidən bərpa olunanda biz illərlə qoruyub saxladığımız dini dəyərlərimizi ortaya qoya bildik. Onu müstəqil ölkəmizə ərmağan edə bildik. Bununla təsdiqlədik ki, hansı ictimai quruluşdan, hansı dövrdən asılı olmayaraq bu xalqın mənəvi dəyərlər sisteminə hopan keyfiyyətləri heç bir qüvvə oradan qopara bilməz.
Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsidir
Bu xalq tarixən öz dini dəyərləri ilə yanaşı, onunla birlikdə, qonşuluqda yaşayan xalq və millətlərin də dini dəyərlərinə hörmətlə yanaşıb, onların rahat şəkildə ibadət etmələri, dini adət-ənənələrini yaşatmalarına və qorumalarına şərait yaratmışdır.
Bir xalq nə vaxt tolerant ola bilir? O vaxt ki, özü dini dəyərlərə, milli mənəvi keyfiyyətlərə malik olur. O zaman ki, qədimlərdən çağdaş dövrə qədər qoruyub gətirib çıxardığı dəyərləri olur. Humanistliyin, insanpərvərliyin nə olduğunu dərk edir. Qonşuya münasibətdə, yaşadığı yerdə başqa millətlərdən olan nümayəndələrə hörmətlə yanaşır, onlara dəyər verir. Ən əsası isə öz dini dəyərlərinə hörmətlə yanaşan xalq başqasının dininə də eyni cür yanaşır. Belə olan halda isə o, tolerantlığa ən gözəl töhfələrini verə bilir.
Azərbaycan bu sahədə illərdir ki, bütün dünyaya nümunədir. Bir ölkədə müxtəlif dini etiqadı olan insanların birgə yaşaması, bir-birinə hörmətlə yanaşması, birlik nümayiş etdirməsi, qonşuluq münasibətlərini mədəni şəkildə qurması, kollektivləşmədə iştirakı onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsidir.
Müstəqillik illərində ölkədə kilsə və sinaqoqların tikilməsi, bərpa və yenidən qurulması ölkə başçımızın bu sahəyə xüsusi diqqətinin göstəricisidir. Müasir dövrdə dünya ölkələrinin əksəriyyətinin multikulturalizmə qapılarını açmadığı bir dövrdə Azərbaycanın illərdir bu sahədə qazandığı uğurlar nümunə dəyərindədir. Bu dəyərlər isə xalqımızın qədimliyi ilə müsirliyinin harmoniyasını təşkil edir, bu xalqın öz inkişaf meyarlarını milli-mənəvi dəyərləri üzərində qurmasını sübut edir.
Ulu öndərimiz 1993-cü ildə Təzəpir məscidində Məhəmməd peyğəmbərin mövludu münasibətilə keçirilən mərasimdə bu məsələyə münasibət bildirərərək deyirdi: “Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidməti və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq”.
Sonrakı dövrdə bu vədə əməl olunmasının hər birimiz şahidi olmaqla yanaşı, həm də bu münasibətlərin bəhrəsini də gördük.
İkinci Vətən Müharibəsində tolerantlığın bəhrəsini gördük
Həm Birinci Vətən Müharibəsində, həm də 2020-ci ildə 44 günlük İkinci Vətən Müharibəsində Azərbaycanda yaşayan millətlərin nümayəndələrinin şəhid olması, sağlamlıq imkanlarını itirməsi, bu ölkəni qorumaq üçün ayağa qalxmaları onu sübut etdi ki, dövlətimz onlara qarşı həmişə diqqət və qayğı ilə yanaşıb, bu ölkəni onlara sevdirə bilmişdir.
İkinci Vətən Müharibəsində şəhid olanların siyahısına nəzər salanda tolerantlığın bəhrəsini görmək olur. Bu o qədər fərqli bir hissdir ki... İnsan başqa millətlərdən olan şəhidlərin adları ilə qarşılaşdıqca qürur hissi keçirir. Deməli, biz övladlarımızla yanaşı, başqa millətlərdən olub bizimlə birgə yaşayan övladlara da vətənpərvərliyi aşılaya bilmişik. Onlara Azərbaycanı sevdirə bilmişik.
Düşünəndə bütün bunlar heç də asanlıqla əldə olunmayıb. Bir nəfərin sevgisini qazanmaq üçün uzun illər lazımdır. Deməli, onlar Azərbaycanı özləri üçün Vətən biliblər. Bütün bunlar isə təbii ki, burada onlara qarşı yaxşı münasibətlər kontekstində formalaşıb. Dini dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşıldığını görən, qonşuluq əlaqələrində hər zaman sayğı ilə qarşılaşan, yaxşı yaşamaları, övladlarının təhsil alması, sağlam böyüməsi üçün ətrafında hərtərəfli şəraiti görən, istədiyi sahədə fəaliyyət göstərən, iş qura bilən insanlar əlbəttə ki, yaşadıqları ölkəni öz Vətənləri kimi sevəcək, yeri gələndə onun ərazi büytövlüyü üçün canlarından keçəcəklər.
Bunun bir daha şahidi olduq. 44 günlük Vətən müharibəsində Qarabağın azad olunması üçün azərbaycanlılarla çiyin-çiyinə döyüşən ölkəmizdə yaşayan digər millətlərdən olan, fədakarlıq göstərən igidləri gördük. Onların vətənpərvərliyini, həmrəyliyini gördük. Bir də onu gördük ki, bəli, ölkəmizdə multikulturalizm sahəsində görülən işlər, tolerant yanaşma öz bəhrəsini verib. Və bütün bunlar isə dünyaya nümunə güçündədir. Necə ki, 44 günlük Vətən müharibəsi öz taktikası, gedişatı, düşünülmüş xətti ilə dünyanı heyrətə saldı, xalqın həmrəyliyi diqqətləri çəkdi, tolerantlıq da diqqət çəkən məsələlərdən biridir. Çünki bu, bizim dövlətimizin siyasətinin uğuru, qələbəsidir.
Qonşumuzun dini dəyərlərimizə münasibətinə dünya şahid oldu
İkinci Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımıza yollanan hər kəs bir kabus ilə qarşılaşdı. 1990-cı illərdə bu torpaqlardan zorla çıxarılan insanların qoyub gəldikləri imarət kimi evlərindən əsər-əlamət qalmayıb. Tarixi, dini, mədəni abidələr tamamilə dağıdılıb, daş üstündə daş qalmayıb. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Mən müharibədən sonra Ağdama 3-cü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər”.
Bəli, təzyiqlərə məruz qalan dini ibadət ocaqlarında heyvan saxlanılması, həm də bizim müqəddəs dinimizin qəbul etmədiyi heyvan növünün saxlanılması erməni adlı varlıqların bir dinə münasibətlərinin göstəricisi oldu. Onlar bütün dünyaya sübut etdilər ki, qonşuya heç vaxt sayğı ilə yanaşmayıblar. Sübut etdilər ki, öz etiqad etdikləri dinə də hörmətləri yoxdur. Çünki öz dininə hörmətlə yanaşan insan ola bilməz ki, digər bir dinə bu qədər aqressiv yanaşsın. Özlərini bütün dünyada biabır edən, İslam kimi böyük dinə hörmətsizlikləri ilə nüfuzdan düşən erməni vandalizmi illər sonra da bu hərəkətlərinin cavabını verməli olacaqlar.
Məscidlərin bərpası Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır.
Xeyirxahlıq və humanizm ünvanı olan Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr, Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub. Fondun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələr hər zaman xüsusi münnətdarlıqla qarşılanır.
Bu ilin fevral ayında Ağdamda səfərdə olan Prezident İlham Əliyev demişdir: Görülmüş bütün bu işlərlə yanaşı, əlbəttə ki, biz tarixi, dini abidələrimizi də bərpa edirik. Mənə bu gün verilən məlumata görə, Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır... Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk. Necə ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.
Bəli, dini dəyərlərin, multikulturalizm və tolerantlığın ünvanı olan Azərbaycan hər zaman humanist dövlət kimi diqqətləri cəlb edəcəkdir. Qonşuluqda sayğılı, bütün millətlərə hörmətlə yanaşan, onlara öz qapılarını açan ölkəmiz bizim qürur yerimizdir. Fəxr edirik ki, belə möhtəşəm keyfiyyətlərə malikik. Qürur duyuruq ki, belə zəngin mənəvi keyfiyyətlərə malik ölkənin vətəndaşlarıyıq.
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə