Gənclərin asudə vaxtı üçün şərait varmı? - ARAŞDIRMA

Bütün fərdlər boş vaxtlarını dəyərləndirmək baxımından bərabər deyil. Təəssüf ki, bəzi şəxslərin bununla bağlı heç bir proqramı yoxdur. Ona görə də həyatlarının yarısından çoxunu boş işlərlə məşğul edirlər. Bəziləri boş vaxtlarını televizora baxmağa, radioya qulaq asmağa və buna bənzər işlərə sərf edirlər. Onlar əsasən proqramsız olurlar. Təbii ki, vaxtımızın bir hissəsini proqramlaşdırılmış şəkildə televiziyaya baxmaq kimi fəaliyyətlərə sərf etsək, bunun heç bir zərəri yoxdur. Proqramsızlıqdan, darıxmaqdan televiziya, radio və peyk kanallarını qarışdırmaqla məşğul olmamalıyıq. Belə bir vəziyyət insanları bir çox əxlaqi və sosial pozğunluqlara sürükləyə bilər.

İslamın bizdən tələb etdiyi odur ki, biz asudə vaxta səmərəli yanaşaq. Düzgün idarəetmə və hərtərəfli proqramlaşdırma ilə boş vaxtımızdan maksimum yararlanmaqdır. İş saatlarımızda ehtiyac duyacağımız fiziki və mənəvi enerjini boş vaxtlarımızdan almalıyıq.

Əylənmək boş vaxtlarda görüləcək ən vacib işlərdən biridir. Hər kəsə dincəlmək və əylənmək üçün vaxt lazımdır. Təbii ki, cəmiyyətdə fərqli yaş və təbəqələrdən olan insanların əylənmək üçün müxtəlif yolları var. Əylənmək yeni güclər qazanmaq və həyatdakı monotonluğu aradan qaldırmaq üçün zəruri bir işdir və fiziki-ruhi sağlamlığın ən mühüm təməllərindən biridir.

Səyahət və görməli yerləri gəzmək boş vaxt keçirməyin ən gözəl və faydalı yollarından biridir. İslam dini də bunu şiddətlə tövsiyə edir.

Boş vaxt keçirməyin ən gözəl və dəyərli yollarından biri qohumları ziyarət etmək, dostlarla görüşməkdir.

Boş vaxtlarımızda rahat bir düşüncə ilə edə biləcəyimiz ən yaxşı şeylərdən biri gündəlik və ya keçmiş işlərimizlə məşğul olmaqdır. Bəzən insan gündəlik işlərə, ev işlərinə o qədər qarışır ki, həyatının əsas məqsədini unudur. Əslində günlər keçsə də, hər bir insanın həyatında olması lazım olan ən elementar suallar qarşısında öz analizini etmək bir yana qalsın, bu sualları bir dəfə də olsun ağlına belə gətirmir.

Bəs, gənclər asudə vaxtlarını necə dəyərləndirməlidir?

Günümüzdə gənclərin asudə vaxtlarını dəyərləndirməsi üçün hər cür şərait olsa da, onlar passiv həyat tərzi sürərək, gününün çox hissəsini telefonda və boş-boş işlərlə məşğul edirlər. Yəni gənclər asudə vaxtlarını necə dəyərləndirməlidir ki, bu onlar üçün faydalı olsun.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Asudə vaxtını səmərəli keçirmək hər birimiz üçün vacibdir, gənclər üçün isə xüsusi önəm kəsb edir. Onlar üçün asudə vaxt özünü inkişaf etdirmək, maraqlarını kəşf edə bilmək və əylənmək üçün bir fürsətdir.

Bu gün cəmiyyətimizdə təhsil ocaqlarında, gənclər təşkilatlarında, debat və idman klublarında yarışlara qatılan, seminar, təlim və konfranslarda iştirak edərək boş vaxtlarını səmərəli keçirən gənclərlə yanaşı, vaxtını boş yerə öldürən, saatlarla telefondan, sosial şəbəkələrdən asılı qalan gənclərimiz də az deyil.

Bildiyiniz kimi ölkəmizdə gənclərin asudə vaxtlarının səmərəli təşkili dövləti ciddi düşündürən məsələdir. Bunun üçün komitə və qurumlar fəaliyyət göstərir. Düşünürəm ki, həmin komitə və qurumlar gəncliyimizin həm sağlam böyüməsi, həm də mənəvi inkişafı üçün səylərini artırmalıdırlar”.

Təhsil eksperti Kamran Əsədov: “Son illər ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı layihələrə xüsusi önəm verilir. Sözügedən dəstəyin mühüm istiqamətlərindən biri də gənclərə dövlət qayğısının gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir. Respublikamızda bu istiqamətdə həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafına xidmət edərək onların sosial təminatlarının yaxşılaşdırılmasını sürətləndirir, nəticədə ictimai həyatda fəallıqlarının artmasına kömək edir. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin işıqlı gələcəyinə diqqət çəkərək demişdir: "Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.

Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti ilə seçilir. Göstərilən bu cür dəstəklə yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkil olunması dövləti ciddi düşündürən məsələdir. Gənclərlə bağlı yürüdülən dövlət proqramları çərçivəsində bölgələrdə inşa edilən olimpiya idman kompleksləri məhz onların asudə vaxtlarında idmanla məşğul olması üçündür. Bu gün İdman Akademiyasında təhsil alan tələbələrin əksəriyyəti bölgələrimizdə olimpiya idman komplekslərində idmanın bu və ya digər növü ilə məşğul olurlar.

Asudə vaxt-azad vaxtdır. Hər yaş dövründə bu vaxtdan düzgün istifadə etmək özünəməxsus əhəmiyyət kəsb edir. Hər bir şəxs yaşından asılı olmayaraq çalışmalıdır ki,boş vaxtını maraqlı və səmərəli keçirsin. “Vaxt qızıla bərabərdir” deyənlər səhv erməyiblər. Vaxtın tam,dolğun sərf edilməsi, vaxt itkisinə yol verilməməsi zamanın tələbidir.

Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Yaradıcı və istedadlı gənclərlə iş paralel olaraq bir neçə istiqamətdə aparılır.

Elm, təhsil, mədəniyyət və incəsənət sahəsində istedadlı gənclərin aşkar olunması, onlarla fərdi işin qurulması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi - Bu sahədə davamlı olaraq müxtəlif mədəni-maarif tədbirləri - festivallar, sərgilər, müsabiqələr keçirilir. İstedadlı və yaradıcı gənclərə göstərilən dövlət dəstəyinin ünvanlılığının və səmərəliliyinin artırılması məqsədilə mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin mübadiləsi, ustad dərsləri, sənətə baxış kimi tədbirlərin həyata keçirilməsinə üstünlük verilir, yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsinə xüsusi diqqət ayrılır.

Məktəblilərin asudə vaxtının düzgün təşkili onların müəyyən fəaliyyətə cəlb olunması deməkdir. Asudə vaxt düzgün təşkil olunduqda məktəblidə əməyə maraq güclənir,onlarda mədəniyyət və incəsənət nümunələri ilə tanış olmaq həvəsi artır.Asudə vaxtın səmərəli və düzgün istifadə forması şəxsiyyətin şüur və əqidəsinə, həyata baxışına təsir edir, onların inkişafına təkan verir. Böyüməkdə olan gənc nəslin tərbiyəsində ailə, məktəb və eləcə də bütün cəmiyyətin müstəsna rolu vardır. Uşaq kitabxanaları bu siyahıda məktəblərdən sonra birinci yerdədir. Uşaq kitabxanaları yetişməkdə olan gənc nəslin tərbiyəsində çox böyük təsir qüvvəsinə malikdir. Oxucuların tərbiyəsi, mütaliəsi və asudə vaxtının təşkili ilə məşğul olan hər bir kitabxanaçı işini elə qurmalıdır ki,yetişən hər bir gənci dövrün tələblərinə cavab verə bir səviyyəyə çatdıra,bilik və bacarıqlara yiyələndirə bilsin. Məktəblilərin fiziki cəhətdən sağlam və gümrah olmasında, həm də mənəviyyatca formalaşmasında vaxtdan səmərəli istifadə etmık böyük əhəmiyyətə malikdir. Həmçinin uşaqların savadlı,zəhmətsevər, zəngin dünyagörüşünə malik olmasında asudə vaxtının düzgün təşkili vacib şərtlərdən biridir.

İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi - nəzərindən böyük məna kəsb edir. Hər bir ailə uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünə məxsus yeri var. Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval - ruhiyyə yaradır. Uşaqlar bir - biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər.

Gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq əsas hədəflərdən biridir. Ölkədə intellektual hərəkatın inkişafı və gənclərin beynəlxalq intellektual hərəkata qoşulmasına şəraitin yaradılması üçün silsiləvi tədbirlər həyata keçirilir. Bu məqsədlə gənclər arasında müxtəlif intellektual oyun növləri təbliğ edilir, ənənəvi oyun növləri üzrə respublika və beynəlxalq səviyyəli çempionatlar, yarışlar, turnirlər təşkil edilir, respublikanın müxtəlif regionlarında intellektual klublar yaradılır.

Təəssüf ki, bir çox ailələr uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermirlər. Hətta elə ailələr də var ki, övladını istirahət üçün maraqlı yerlərə, müxtəlif ölkələrə aparsa da uşaq daxilən bundan zövq almır. Səyahətlər onu sevindirmir. Deməli, burada ilk növbədə uşağın maraqları, psixologiyası, daxili aləmi nəzərə alınmalı, hər bir valideyn öz uşağı üçün nəyin daha maraqlı olduğunu bilməlidir”.


Sosioloq Əhməd Qəşəmoğlu: “Asudə vaxt insanın həyatında çox mühüm rol oynayır. Asudə vaxtın sturukturu və tərkibi də insan haqqında böyük məlumat verir. Biz sadəcə gəncləri tənqid etməməliyik. Daha çox tənqid payı böyüklərin üzərinə düşür. Biz uşaqlarımızı 6 yaşına kimi düzgün tərbiyə edib formalaşdırmırıq. Uşağı tənbəl öyrədirik və onda həyata həvəs yaratmırıq. Sonra da gətirib qoyuruq məktəbə.

Gənclərə uşaq vaxtından idman etməyi aşılamalıyıq. Ona stimul verməliyik. Bununla bağlı ölkədə maarifləndirmə işləri getməlidir. Sovet rejimində iş yerlərində hər səhər işdən öncə idman edirdilər. İndiki gənclər qumar oyunlarına meyl edir və asudə vaxtlarını da belə dəyərləndirir. Bu sahədə ciddi işlər görülməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə