Gücləndirilmiş şəkildə tədbirlər həyata keçirilir - DİN RƏSMİSİ AÇIQLADI

“Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri daxili işlər orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılır”. Bu sözləri SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlərlə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış, əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər həyata keçirilir: “Hər bir məsələ araşdırılmaqla qanunvericilik çərçivəsində təmin olunur. Ümumiyyətlə ölkəyə narkotik vasitə və psixotrop maddələr ancaq qaçaqmalçılıq yolu ilə daxil olur. Sosial şəbəkələrdə bəzi səhifələrdə açıq-aşkar narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər olur. Bu səhifələr ölkə xaricindən idarə olur. Həmin narkotacir iradəsi zəif olan şəxslərdən istifadə edərək onu narkokuryerə çevirməyə çalışır. Bu kimi halların qarşısının alınması üçün ilk növbədə tərəfimizdən gücləndirilmiş şəkildə tədbirlər həyata keçirilir.

Qeyd edim ki, cari ilin ilk 4 ayı ərzində daxili işlər orqanlarının əməkdaşları tərəfindən 1 ton 315 kiloqram narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Bu rəqəmlərdən 500 kiloqramı marixuana, 754 kiloqramı heroindir. Tərəfimizdən keçirilən tədbirlərdən cari ilin ilk 4 ayı ərzində 169 kiloqrama yaxın patı və şüşə kimi tanınan psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb. İlk 4 ay ərzində narkotik vasitələrlə bağlı 2293 nəfər məsuliyyətə cəlb olunub. Əgər, bu cür neqativ əməllərlə məşğul olan şəxslər barədə vətəndaşların məlumatı varsa, təbii ki, Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat vermələri xahiş olunur”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə