Qadınla kişinin dostluğu mümkündür? - ARAŞDIRMA

Dostluq anlayışı insanların yaxın hiss etdiyi, güvəndiyi və emosional olaraq başa düşüldüyü hər bir münasibətdə başlayır. Cəmiyyətimizdə qadın və kişiyə qoyulan bəzi qaydalara görə, dostluqda qadın və kişi asanlıqla bir-birinə doğru addım ata bilmir. Çünki hər ikisinin bağlı olduğu həyat yoldaşları, ailəsi və ya sevgililəri bu məsələyə çox isti baxmırlar. Hətta buna müsbət baxılmır. Halbuki savadlı və bu anlayışları aşmış qrupda olan qadın və kişi arasında möhkəm dostluqlar görmək olar. Qadınların qadınlara, kişilərin kişilərə qarşı inamsızlığı artdıqca, əks cinsdən yaxşı dostlar axtarmağa meyil də artdı. Bu, son zamanlar özünü büruzə verir.

Təbii ki, kişi və qadın dost ola bilər. Kişi və qadının bir yerdə olması üçün sevgiyə ehtiyac yoxdur. Təəssüf ki, cəmiyyətdə hələ də bununla bağlı uyğunsuzluqlar var. Bəzi dairələrdə hələ də qəbul olunmur ki, qadın kişi ilə dost ola bilər, bir araya gəlib söhbət edə bilər. Bu perspektiv dəyişdirilməlidir. Kişilər və qadınlar birlikdə çalışacaqlar, söhbət edəcəklər, bu, təbii qəbul edilməlidir. Evliliklərdə də belədir. Kişi və qadını yaxşı tanımağın yolu budur. Evliliklərdə ən böyük problem qadınla kişinin bir-birini yaxşı tanımamasıdır. Evlilikdə çətinliklərin öhdəsindən gəlməyin yolu bir-birimizi tanımaq və anlamaqdan keçir. Möhkəm dostluqlar bəzən möhkəm evliliklərin qurulmasına səbəb olur.

Bir insanın digər insanlarla danışması, məlumat mübadiləsi aparması, bir yerdə olması, xüsusən də, hobbi və ya həzz səviyyəsində ola bilər. Bu münasibət dostluğa qədər gedə bilər. Amma emosional yaxınlıq ayrıdır, mübahisəli məsələdir. Qərəzli olmayın.

Dostluq cinsi ayrı-seçkilik olmadan qurula bilər. Bir sirdaş olmaq, bir çox məsələni birlikdə düşünmək, bunların hamısında təbii ki, cinsi ayrı-seçkilik yoxdur. Qadın-kişi dostluğu deyildikdə, sosioloji mənada dostluq yerinə cinsi faktorlar yada düşür.

Mən inanıram ki, qadın və kişi dost ola bilər, amma dost qala biləcəklərinə inanmıram. Dostluğun təşəbbüskarı qadındır, onu pozan isə kişidir. Yəni, dostluqda aşiq olma problemi əsasən kişilər tərəfindən baş verir. Qadın istəmədikcə kişi onunla dost ola bilməz. Amma kişi istəməsə belə, qadın istəyirsə, onu dost edir. Dostluqda qadınlar bu vəziyyəti dost qavrayışı ilə idarə edə, kişilər isə çox yaxınlaşa bilirlər. Yəni qadın yaxınlığı dostluq hesab etdiyi halda, kişi çaş-baş qala bilər. Bir sözlə, möhkəm şəxsiyyətlər dostluq yarada bilər.

Artıq qadın həmrəyliyi deyə bir şeyin olmasına inanmıram. Yəni qadınla qadının dostluğu pozulub. Kişilərin dostluqları pul tapana qədər, qadınların dostluqları əri tapana qədər başladı. Təbii ki, bu hər kəsə aid deyil. Amma bu, gözümüzün qabağında olan reallıqdır. Əvvəlcə insan olmağın fəziləti, sonra dostluğun əhəmiyyəti dərk edilərsə, kişi ilə qadın çox yaxşı dost olurlar.

Bəzi valideynlər qızları bir az böyüyən kimi onu oğlanlardan, oğlan dostlarından uzaqlaşdırır. Məsələn, deyirlər ki, “yekə qızsan, nə gedib oğlanlarla oynayırsan?!”, “artıq böyümüsən oğlanlarla nə işin var” və s. Belə ifadələrin nə qədərini sadalamaq olar. Bu tip ifadələri yəqin ki, çoxumuz eşitmişik. Bir az sərt və ya yumuşaq forada fərq etməz. Amma eşitmişik. Niyə o məsum, təmiz beyinlərə “o qarşı cinsdir, səndən biri deyil” ideologiyası yeridilir?

Hətta elə ailələr var ki, orada qızlar öz xalaoğluları ilə belə “salam”, “sağ ol” xaricində dialoq qura bilmirlər. Sizcə oğlanla qız arasında erkən yaşlarında bu qədər səddin qoyulması düzgündür? Əgər sədd qoyulmalıdırsa, üsulu nədir? SİA məsələ ilə bağlı araşdırma apararaq sosioloq və psixoloqların bu barədə fikirlərini öyrənib.

Məsələ ilə bağlı sosioloq Rəşad Əsgərov bu cür münasibət bildirib: “Cəmiyyətdə oğlanlar və qızlar arasında kəskin sədd çəkmək, uçurum yaratmaq heç də qəbul olunmur. Bu hal, adətən, Şərq ölkələrində olur ki, burada da rejimlər hökm sürür. Bu rejimlərin özünəməxsus xüsusiyyət odur ki, oğlan və qız arasındakı fərqlər ifrat dərəcədə özünü göstərməlidir. Azərbaycanda isə belə hallar fərdi ailələrdə baş verir. Bu da daha çox onunla bağlıdır ki, oğlanlar cəmiyyətdə kişi kimi, qızlar da zərif halda böyüməlidirlər. Buna görə də oğlan uşaqlarının oğlanlarla oynaması, onlarla əlaqələrinə geniş yer verməsi belə izah olunur ki, onlar cəmiyyətdə kişi kimi, daha dözümlü, daha möhkəm olurlar. Bu zaman onlarda kişilik keyfiyyəti daha yüksək olur. Qızlarla daha yaxın olduqda, onlarda qızlara xas olan bəzi xüsusiyyətlər meydana çıxır. Əks göstərici olaraq qızların da qızlarla oynamasına və yaxud da müəyyən qədər onlarla əlaqələrinin daha geniş olmasına üstünlük verilir ki, bu da qızlara malik olan incə, nəcib xüsusiyyətlərin formalaşmasına xidmət edir.

Xüsusilə də, Azərbaycan cəmiyyətində, əsasən də, müxtəlif regionlarda yetkinlik yaşına çatmış qızların, ümumiyyətlə, oğlan uşaqları ilə oynamasına və yaxud da oturub-durmasına icazə verilmir. Həmçinin, bu, valideynlər tərəfindən birmənalı qarşılanmır. Bu, onunla əlaqədardır ki, artıq ailə qurmağa hazırlaşan, yetkinlik yaşında olan qızların oğlan uşaqları ilə oynaması, əlaqədə olması onların gələcək ailə həyatına mənfi təsir edəcək. Bu təsir heç də birmənalı deyil. Bu, həm müsbət, həm də mənfi təsir ola bilər. Mənfi odur ki, oğlan uşaqları tərəfindən onların ünvanına, onların haqqında cəmiyyətə dezinformasiyalar yayıla bilər ki, bu da gələcəkdə onların ailə qurmasında müəyyən qədər problemlər yarada bilər.

Ona görə də Azərbaycanda Avropa cəmiyyəti ilə müqayisədə bu məsələdə ailə dəyərləri, ailə institutu nəzərə alınaraq, qız uşaqlarının ancaq qohum əqrəbası ilə, müəyyən yaşa çatdıqdan sonra isə, ancaq öz ailə üzvləri ilə ünsiyyət qurulmasına icazə verilir. Xüsusilə də qızların 12-13 yaşından etibarən ailələr oğlanlarla dostluğuna icazə vermirlər”.

Psixoloq Vüsalə Əmiraslanova isə məsələnin psixoloji yanlarına toxunub: “Ümumiyyətlə, Qurani-Kərimdə də qeyd olunub ki, övladlarınızın 10 yaşından otaqlarını ayırın, artıq onlar arasındakı məhdudiyyətləri, həddi göstərin. Əslində, Qurani-Kərimdə bu yazılıbsa, dini cəhətdən hardasa məntiqlidir ki, 10 yaşından sonra artıq cinsi yetişkənlik başlayır və yeniyetməlik dövrünə keçirik. Ona görə də uşaqlar artıq öz cinslərini tanıyırlar, bir-birinə qarşı maraq artır, maraq yaranır. Onlara düzgün şəkildə başa salmaq lazımdır ki, nəyə görə oğlandan ayrı yatmalısan, oğlanla bir otaqda yata bilməzsən.

Mən, oğlanlarla qızların oynamamasına çıxıram, yəni, niyə də oynamamalıdırlar ki, əslində, oynamalıdırlar ki, bir-birini tanısınlar, qız oğlanın, oğlan da qızın psixologiyasını öyrənsin. Elə qızlar var ki, ümumiyyətlə, evlərində oğlan yoxdur. Ona görə də qardaş kimi, yaxın bir dost kimi yanaşırlar. Mən düşünmürəm ki, onları tamamilə bir-birindən ayırmalıdırlar və yaxud da qızı utandırmalıdırlar.

Ümumiyyətlə, camaatın içində "yekə qızsan, niyə gedib oğlanlarla oynayırsan?" kimi fikirlər yanlışdır. Əslində, qızı əksinə hərəkət etməyə sövq edir. Mən düşünürəm ki, əslində, oğlanlarla qızlar arasında məktəbdə də, universitetdə də daim qarşılıqlı bir iş aparılmalıdır ki, onlar həm komanda şəklində işləməyi öyrənsinlər, həm hisslərini bölüşsünlər, həm dostluq münasibətləri olsun ki, gələcəkdə qızlarımız özlərinə həyat yoldaşı seçəndə səhv, yanlış seçməsinlər, həmçinin də, oğlanlar yanlış bir qızları seçməsinlər. Evdə bacı-qardaş varsa, 10 yaşından sonra onların yataqlarını ayırmaq daha məqsədəuyğundur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə