Azərbaycanda ədliyyə və məhkəmə sahəsində aparılan hüquq islahatları

Hər bir xalqın əsas milli sərvətlərindən biri onun azadlığı və dövlətinin müstəqilliyidir. Qədim tarixi mədəniyyətə sahib olan Azərbaycan xalqı Şimali Azərbaycan ərazisində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaratmışlar. Həmin tarixlərdə AXC hökuməti yeni yarandığından üzərində olan təzyiqlərə tam şəkildə tab gətirə bilməyib istəməyərəkdən qədim Azərbaycanın əzəli torpaqlarının bir hissəsi olan İrəvan xanlığının müəyyən bir hissəsində yaradılan Ermənistan Demokratik Respublikasını tanımağa məcbur oldu. AXC hazırkı müasir dövrümüzdə əsas demokratik normalar kimi qiymətləndirilən xalq hakimiyyəti insan hüquqları, millətlərin bərabərlik hüququ, söz və yığıncaq azadlığı kimi ictimai dəyərləri elan etdi və bir çox dövlət strukturları yaradıldı.

AXC-nin qurucuları yaxşı bilirdi ki, ədliyyə nəzarəti dövlətin fundamental ehtiyaclarından biridir. Bu olmasa, heç bir dövlət işi yürüməz, ədliyyə sistemi olmayan dövlətdə heç bir sahədə tərəqqi ola bilməz. Məhz ona görə də 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə Cümhuriyyətin bütün məhkəmə və hüquq idarələri sisteminə, onların fəaliyyətinə nəzarət edən hökumət orqanı kimi Ədliyyə Nazirliyi yaradıldı və ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov oldu. Ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilir, o cümlədən noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi və ştat cədvəli təsdiq edilir. Məhz həmin əlamətdar gün sayəsində və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə noyabr ayının 22-si ədliyyə işçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir. 1918-ci ildə təşkil olunmuş Ədliyyə Nazirliyi ilk günlərdən ölkədə anarxiya zamanı dağıdılmış məhkəmə aparatı sistemini ilk növbədə Bakı və Gəncə dairə məhkəmələrini, onların yanında prokuror nəzarətini, habelə yerlərdə barışıq məhkəmələrin fəaliyyətini bərpa etməyə başlayır. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan Rusiya Sovet Federativ Sosialist Respublikası hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı.

Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi, yenidən Rusiyaya tabe olundu, Ədliyyə Nazirliyi fəaliyyətini qismən dayandırmış və adı dəyişdirilmişdir. 1970-ci ilə qədər Ədliyyə Nazirliyinin səlahiyyətləri məhdudlaşdırılmış və bəzi dövrlərdə səlahiyyətləri başqa orqanlara həvalə edilmişdir. Ümummilli lider Heydər Əliyevin böyük təşəbbüsü nəticəsində 27 oktyabr 1970-ci il tarixdə Azərbaycan SSR Ali sovetinin qərarı ilə Ədliyyə Nazirliyi bir qurum kimi yenidən təşkil olunmuş və inkişaf etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini 1991-ci ildə əldə etsədə, 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi səbatsızlıq və zəif idarəçilik, vətəndaş müharibəsi təhlükəsi qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Hətta həmin tarixlərdə, daha doğrusu, 1988-1994-cü illərdə Azərbaycan ilə Ermənistan arasında olan müharibə Azərbaycanın hər bir sahədə olduğu kimi ədliyyə sahəsində də inkişafını ləngitmişdir. Azərbaycan ilə Ermənistan arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. Müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirdilər və ümumilikdə ölkə ərazisinin 20 faizi düşmən tapdağı altına düşdü.

Azərbaycan Respublikasının vətəndaşlarının canı və qanı bahasına əldə etdikləri dövlət müstəqilliyinin müəyyən müddətindən sonra ulu öndər Heydər Əliyevin səyi nəticəsində 1993-cü ildə Ədliyyə Nazirliyi öz fəaliyyətini genişləndirdi. Məhkəmə-hüquq islahatlarının birinci və əsas hissəsi 1995-ci ildə Konstitusiyanın referendumla xalq tərəfindən qəbul edilməsi olmuşdur.

İslahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir. Hüquq sisteminin islahatları nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Məhkəmə sisteminin müstəqil olması məhkəmənin çıxardıqları qərarların obyektiv və tərəfsiz olması üçün əsasdır. Azərbaycan dövlətinin məhkəmə sisteminin müstəqil olmasının bariz nümunəsi referendumla qəbul edilmiş Azərbacan Respublikasının Konstitusiyasının 7-ci maddəsindən görünür. Belə ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Bu maddədən aydın görünür ki, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri müstəqil və tərəfsiz həyata keçirir. Məhkəmə hakimiyyətinin heç bir şəxsə və quruma tabeçiliyi yoxdur.

Məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə qərarlarının qanuniliyi üzərində prokuror nəzarətinin aradan qaldırılması, prokurorun məhkəmədə yalnız tərəf kimi iştirak etməsi, ittiham tərəfi ilə müdafiyə tərəfi arasındakı tarazlığın bərpa edilməsi və onların məhkəmə prosesində bərabər hüquqlara malik olması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, məhkəmə aidiyyətinin dəyişdirilməsinin qadağan edilməsi, məhkəmə icraatında qeyri-prosessual münasibətlərə yol verilməməsi və bu kimi yeni müddəalar məhkəmə-hüquq sistemində ilk dəfə tətbiq edilmişdir.

2000-ci ilin sentyabr ayında yaradılmış üçpilləli müstəqil məhkəmə sisteminin fəaliyyətə başlaması üçün hakimlərin şəffaf prosedurla beynəlxalq tələblərə uyğun test üsulu ilə imtahan və müsahibələrlə seçilməsi reallığa çevrilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2004-cü il tarixdə qəbul etdiyi “Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının qanunu” təsdiq edilmişdir. Həmin qanunun təsdiqindən sonra Məhkəmə-Hüquq Şurası 2005-ci ilin fevral ayından Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan kimi fəaliyyətə başlamışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının etibarlı təminatına həssas münasibətinin və humanist siyasətinin təzahürü olaraq 2017-ci ilin fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamı da məhz insanların azadlıq hüququnun qorunmasına, onların problemlərinə ədalətli, humanist mövqedən yanaşılmasına xidmət edir. Bu sərəncam ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatların yeni mərhələdə davamına təkan verməklə cəza-icra siyasətinə baxışın yenilənməsini, cinayət qanunvericiliyinin təkmilləşdirilməsini, dünyada mövcud olan mütərəqqi təcrübələrin ölkəmizə gətirilməsini şərtləndirir. O cümlədən, alternativ cəza və prosessual məcburiyyət tədbirlərində elektron nəzarət vasitələrinin tətbiqini də ön plana çıxarır.

Cəmiyyətdə məhkəmələrə inamın daha da yüksəlməsi, hüququn aliliyinin təmin olunması baxımıdan, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanını qeyd etmək olar. Fərmanın diqqətçəkən məqamlarından biri də kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş və iqtisadi sahələrdə ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasını zəruri edir. İnzibati-iqtisadi məhkəmələr əvəzinə ayrıca inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin yaradılması, məhkəmə-hüquq islahatlarının indiki mərhələsində ixtisaslaşmanın dərinləşdirilməsi üçün optimal üsul hesab edildi. Ayrıca inzibati və kommersiya məhkəmələrinin yaradılması həm onlarda ixtisaslaşmanın artırılmasına şərait yaradacaq, həm də rayon (şəhər) məhkəmələrinin üzərinə düşən iş yükünün müəyyən dərəcədə azaldılmasına imkan verəcəkdir.

Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. Elektron hökumətin formalaşdırılmasının əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin 23 may 2011-ci il tarixli Fərmanı ilə əhaliyə elektron xidmətlərin göstərilməsinə başlanılması və onun günbəgün genişləndirilməsi, korrupsiya ilə mübarizədə ölkə prezidentinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın milli brendinə çevrilmiş və əhalinin böyük etimadını və rəğbətini qazanmış "ASAN" xidmətin təsis edilməsi vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. Bu baxımdan məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilmişdir. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı isə bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoymuşdur. Belə ki, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcəkdir. Bu sahədə beynəlxalq təcrübəyə müraciət etdikdə maraqlı məqamlar görünür. Məsələn, Sloveniyada kiçik məbləğli iddialar üzrə elektron məhkəmə və icra sisteminin tətbiq olunması ilə 44 məhkəmədə 350 hakim və məhkəmə işçisi tərəfindən görülən iş hazırda cəmi 1 məhkəmədə 4 hakim və 62 məhkəmə işçisi tərəfindən həyata keçirilir.

1988-1994-cü illərdə Azərbaycan ilə Ermənistan arasında olan müharibə nəticəsində ölkə ərazisinin 20 faizi düşmən tapdağı altına düşmüşdür, işğal olunmuş ərazilərdə olan məhkəmələr digər rayonlara köçürülmüş (məsələn: Qubadlı Rayon Məhkəməsi Sumqayıt şəhərinə, Kəlbəcər Rayon Məhkəməsi Göygöl şəhərinə köçürülmüşdür), lakin öz mövcudluqlarını itirməmişlər. 27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan ordusu Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlamışdır. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Ermənistan Respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev eləbir müharibə apardı ki, indi dünyanın bütün hərbiçiləri və güclü orduya malik olan dövlətləri Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində həyata keçirdiyi əməliyyatları, strategiyaları və hərbi taktikaları öyrənib, öz ordularında yeni islahatlar və dəyişikliklər aparırlar. Azərbaycan Respublikasının qüdrətli sərkərdəsi Ali Baş Komandan cənab İlham Əliyev və qüdrətli ordusu artıq bütün dünyaya nümunədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövürlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması məsələsini cənab Prezident daim beynəlxalq təşkilatların toplantılarında, dünya dövlətlərinin başçıları ilə danışıqlarda diqqət mərkəzinə çəkmiş, xalqımızın haqq işinin dəstəklənməsinə nail olmaq üçün bütün zəruri tədbirləri həyata keçirmiş və Azərbaycan Respublikasının düşmən tapdağında olan torpaqlarının geri qaytarılması prosesində daim bütün sülh danışıqlarına sadiq qalmışdır. Ermənistan-Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllinə çalışmışdır. Cənab Prezident ATƏT-in Minsk qurupunun hər uğursuz cəhtlərindən sonra açıq şəkildə bəyan etmişdir ki, Azərbaycan xalqı bir qarış ərazisini heç kəsə heç bir zaman güzəştə getməyəcək və Azərbaycan öz ərazisində 2-ci bir Erməni dövlətinin yaradılmasına icazə verməyəcəkdir. Ali Baş Komandan həm də xəbərdarlıq etmişdir ki, məsələ sülh yolu ilə öz həllini tapmasa, münaqişəni həll etməli olanlar üzərinə götürdükləri öhdəliklərini həyata keçirməsələr münaqişəni Azərbaycan Respublikası hərbi əməliyyatlarla həl etməyə qadirdir. Azərbaycan xalqı öz rəhbərini daha yaxşı tanıyır, həm də bilirlər ki, cənab İlham Əliyevin sözü ilə əməli birdir. Cənab Prezident dedisə hökmən edəcəkdir! Budur, Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətimizin qüdrətini və imkanlarını ortaya qoyaraq 44 gün ərzində etdiyi müharibədə həm də göstərdi ki, onun xəbərdarlqılarını diqqətdən kənar qoymaq olmaz və sonradan peşmançılıq çəkənlər onu eşitməyənlər olmuşdur. Vətən müharibəsi döyüşlərində Azərbaycan ordusunun vuran əli 1-ci Qarabağ müharibəsində doğulan igid gənclərimiz olmuşdur.

İşğaldan azad olunmuş ərazilərdə sürətli şəkildə nəqliyyat infrastrukturu bərpa olunur, yeni yaşayış binaları tikilir, tarixi və mədəni abidələri yenilənir və s. işlər görülür. Həmin ərazilərdə görülən yenidənqurma işlərinin sürətindən aydın olur ki, işğal dövründə məcburən başqa rayon(şəhər)lara köçürülmüş Məhkəmələr tez bir zamanda yenidən öz rayonlarına köçürələcək və fəaliyyətlərini tam şəkildə bərpa edəcəkdir.

Mən inanıram ki, gələcək illərdə Azərbaycan Respublikasının nailyyətləri daha çox olacaq və onun apardığı hər bir fəaliyyət gələcək nəsillər üçün böyük təcrübə olacaqdır.

Şəhriyar Ələkbərov,

Ucar Rayon Məhkəməsinin məsləhətçisi-kiçik dövlət qulluqçusu

Bütün xəbərlər Facebook səhifəmizdə