Daşkəsəndə Şəhid Tacəddin Abbasovun anım günü keçirilib

Oktyabrın 26-da Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən Müharibəsi şəhidi əsgər Abbasov Tacəddin Vüqar oğlunun keçirilən anım mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Mərasim iştirakçıları şəhid əsgər Tacəddin Abbasovun məzarına gül dəstələri düzərək xatirəsini yad edib, ruhuna dualar oxuyublar.

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin ailəsinə baş sağlığı verib Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış tarixi Qələbədən, eləcə də şəhid əsgər Tacəddin Abbasovun həyatından və döyüş yolundan söz açıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun şəhid Tacəddin Abbasov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Tacəddin Abbsov 2020-ci ilin oktyabrın 24-də Füzuli döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb, oktyabrın 26-da Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn edilib.

Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Tacəddin Abbasov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bugün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Şəhid ailələrinə və qazilərimizə böyük diqqət və qayğı göstərir.

Şəhidin anası Abbasova Həmidə Musa qızı ailəsinə göstərilən diqqət və qayğıdan razı qaldığını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...