Böyük alim və qayğıkeş ana – AİDA İMANQULİYEVA

Mehriban Əliyeva: "Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir"

Bir insan obrazı xarakterdə, elmi-ictimai fəaliyyətdə yaranır. Onun portret cizgiləri, məhz yaşadığı ömür yolunun onilliklərində cızılır. Bir ömrü elmə, ictimai işlərə həsr etmək neçə ömürlərə işıqlı yol açmaq, böyük xəzinə yaratmaqdır. O xəzinəni ki, paylaşdıqca tükənmir, əksinə daha da zənginləşir. Böyük şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyeva kimi. Bir ömür məhz elmə, onun inkişafına töhfə verməklə yaşanılıb.

Tərcümeyi-halına qısa bir şəkildə nəzər salsaq görərik ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almış, Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışmışdır.

Belə bir şərəfli elmi yolu keçən Aida xanımın "Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib "Vostoçnı almanax"da çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi", "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri", "Şərq filologiyası məsələləri", "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" kimi məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.

"AZƏRBAYCAN ELMİNİN, DÜŞÜNCƏLƏRİNİN, FƏLSƏFƏSİNİN İSLAM ALƏMİNDƏ YAYILMASINA NAİL OLMUŞDUR"

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə, Hamburq şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. O, aktiv bir vətəndaş-alim, elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm xadimi kimi elm tarixinə iz salmışdır. Aida xanım, eyni zamanda istedadlı və bacarıqlı bir elm təşkilatçısı idi. O, yalnız Azərbaycan ədəbiyyatşünaslığının deyil, ümumiyyətlə milli şərqşünaslıq elminin inkişafında əhəmiyyətli rol oynamışdı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Aida xanım haqqında belə yazır: "Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin, islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamızın müsəlman ölkələri islam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurubdur. Bütün bu sahələrdə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir".

NƏCİB, XEYİRXAH İNSAN, İCTİMAİ XADİM YETİŞDİRMƏK BÖYÜK ƏMƏK VƏ FƏDAKARLIQDIR

Bu gün onun əsl Ana obrazı bütün xırdalıqları ilə övladlarının simasında, əməllərində görünür. Zəngin irsə malik olan Aida xanım, eyni zamanda həm də ailəsinin, övladların qayğısına qalaraq böyük bir Ana obrazını yarada bilib. Cəmiyyət üçün, xalq üçün nəcib, xeyirxah insan, ictimai xadim yetişdirmək böyük əmək və fədakarlıqdır. Öz iş rejimini necə dəqiqliklə qura bilib ki, hər bir şeydə istəyinə nail olub. Gündəlik gərgin iş rejimində ailəyə diqqətini azaltmamışdır. O, hər şeydən əvvəl öz ailəsinin xanımı olmuş, gözəl qadın, qayğıkeş bir anaya çevrilmişdir. Aida xanımın ailəsi bütün Azərbaycan ailələri üçün nümunədir. Bu gün onun ruhu şaddır, ona görə ki, gözəl əməllərini onun layiqli, ləyaqətli övladları davam etdirirlər. Aida xanım qızları Mehriban Əliyeva və Nərgiz Paşayevanın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olmuş, onların mükəmməl təhsilə yiyələnmələrinə ciddi çalışmış və buna nail ola bilmişdir. Aida xanım ölkəmizin adını yüksəklərə qaldıran Mehriban xanım kimi övlad bəxş edib. İnsanlara qayğı, ehtiram, həssas münasibət. Əhalinin sosial həyatının dəyişdirilməsi, onun rifahının təmin edilməsi, aztəminatlı təbəqələrə kömək göstərilməsi sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılmasına istiqamətlənən layihələr Mehriban Əliyevanı xalqın sevimli Birinci Xanımına çevirib. Bu məhz şəcərədən gəlir. Ailə şəcərəsindən, ailənin təməlindən süzülüb gələn dəyərlərdir ki, sonrakı illərdə Mehriban xanım Əliyeva fəaliyyətində özünü göstərmişdir.

Azərbaycan dövlət idarəçiliyində ciddi rol oynayan, cəmiyyətin tərəqqisi naminə sosial layihələrin müəllif olan, yüksək mənəvi keyfiyyətləri ilə cəmiyyətdə xeyriyyəçi, şəfqətlik, mərhəmət simvoluna çevrilən Mehriban Əliyeva əməli fəaliyyəti ilə müasir tariximizdə özünəməxsus yerə və rola malikdir. Mehriban xanım Əliyeva bu gün vətənpərvər və xeyirxah ziyalı kimi mənsub olduğu nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəallıqla öz işini davam etdirir. Özünə və ətrafındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşma, hər bir işdə peşəkarlıq nümunəsi bu ailədən aşılanıb.

XEYRİYYƏÇİLİK VƏ HUMANİSTLİK NÜMUNƏSİ

Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən, eləcə də, Heydər Əliyev ideyalarını yaşadan və Onun adını daşıyan Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında həyata keçirilən davamlı tədbirlər bəhrəsini verir. Fondun prezidenti Mehriban Əliyeva humanitar missiyada həyata keçirdiyi layihələrlə bütün yaş həddində olan vətəndaşların qayğı və problemlərin təminatçısına çevrilib. Məlum olduğu kimi, ölkə ərazisində uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilib.

Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva Azərbaycanda əhalinin sağlamlığının qoruyucusuna çevrilib. İnsanlara qayğı, ehtiram, həssas münasibət əsas meyarına çevrilib. Bu bir xeyriyyəçilik, humanistlikdir. İnsanların qəlbində bir ümid çırağı yandırılıb. Heydər Əliyev Fondunun genişmiqyaslı layihələri ilə ölkəmizdə uşaqlar üçün qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəz istifadəyə verilmişdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın tanınmış şirkətləri tərəfindən Fonda təqdim olunmuş hemodializ və endoskopik aparatlar hazırda müvafiq tibb müəssisələrində uğurla tətbiq olunur. Fondun təşəbbüsü ilə paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. İndiyə qədər 35 mindən çox insan yerli klinikalarda müalicə edilib, 8 minə yaxın xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunub, onların bir qismi müayinə və əməliyyat üçün xarici ölkələrə göndərilib.

Səhiyyə yönümlü layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər də yer alır. Paytaxtımızda inşa olan Talasamiya Mərkəzi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və bu gün həmin xəstəliyə düçar olanların ümid yerinə çevrilən mərkəz Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunub. Burada quraşdırılan avadanlıqlar müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır. Səhiyyə sahəsində görülən işlər, həyata keçirilən layihələr Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrdir. Bu qayğı humanizmin ən nümunəvi göstəricisidir.

"İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARIMIZDAKI HAZIRKI MƏNZƏRƏNİ HƏR BİRİMİZ ÜRƏK AĞRISI İLƏ SEYR EDİRİK"

Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Odur ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə yeni layihəyə başlayıb. Fondun prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsindəki paylaşımında bildirmişdi ki, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik: "Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır".

Mehriban Əliyeva qeyd etmişdir ki, layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.

Fəaliyyəti dövründə həyata keçirdiyi bu və ya digər layihələr Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verir. Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa "Xarıbülbül" musiqi festivalına ev sahibliyi etdi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Bu gün işğaldan azad olunan dini-mədəniyyət abidələrinin bərpasına öz töhfəsini verir. Hər dəfə Cənab Prezident ilə işğaldan azad olunan ərazilərimizə səfəri və öz təssüratlarını ifadə etməsi vətənpərvərlik duyğularının təcəssümüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə