Uşaq geyimlərinin qiyməti bahadırmı? - ARAŞDIRMA

Bu gün paytaxtda addımbaşı uşaq geyimləri, əşyaları satılan mağazalara rast gəlinir. Hələ dünyadan bixəbər olan 0-3 yaş arası uşaq üçün brend geyimlərin 50 manatdan başladığını, arabalarının 1000-1700 manat olduğunu nəzərə alsaq, əksər ailələrin bu xərcləri qarşılamağa büdcələrinin yetmədiyini görə bilərik. Uşaqlı evin ən vacib tələbatı olan uşaq bezlərinin qiyməti isə firmadan asılı olaraq dəyişirdi. Bir uşağın ayda minimum 3 ədəd bez bağlamalarından istifadə etdiyini nəzərə alsaq, bir ailənin aylıq 60-80 manat arası pulu yalnız uşaq bezlərinə xərclənir. Hələ uşaq qidalarından danışmırıq. Uşaq anadan olanda dövlət tərəfindən verilən müavinətə nəzər salsaq, bu məbləğin heç uşağın bir aylıq bezlərinin pulunu qarşılamadığını görərik. Düzdür, uşaq geyimlərini, əşyalarını daha ucuz qiymətə də tapmaq mümkündür. Ancaq ucuz məhsulların əksəriyyəti saxta mallar olduğu üçün bu sizin cibinizə xeyir etsə də, övladınızın sağlamlığını təhlükəyə ata bilər. SİA məsələ ilə bağlı araşdırma aparıb.

Uşaq geyimləri seçərkən nələrə diqqət etməliyik?

Uşaq geyimləri seçmək bəzən valideynlər üçün çətin bir işə çevrilə bilər. Öz zövqünüzü və uşaqların istəklərini ortaq məxrəcə gətirmək lazımdır. İzlədikləri cizgi filmlərinin personajları olan bir uşaq köynəyi istəsələr də, valideynlər parça keyfiyyəti, yaş aralığı, yuma xüsusiyyətləri kimi fərqli meyarlara görə seçim edirlər. Uşaqların sağlam inkişafı üçün rahatlıq və funksionallığa üstünlük verilməsi vacibdir. Hər bir valideyn övladının gözəl və səliqəli geyinməsini istəyir.

Uşaq geyimlərinin seçilməsində əsas yanaşma nə olmalıdır?

İstər 5, istər 10 yaş, istər qız, istər oğlan olsun, uşaq geyimləri alarkən nəzərə alınmalı olan meyarlar demək olar ki, hər yaş aralığına və cinsə görə eynidir. Bu meyarların başında uşaq geyimlərinin erqonomik xüsusiyyəti dayanır. Erqonomik funksiyalı uşaq geyimləri uşaqların sərbəst hərəkət etməsini dəstəkləyir. Uşaq geyimlərinin geyinilməsinin asan, elastik və istifadə rahatlığı baxımından rezin bağlayıcılara sahib olması da vacibdir. Kiçik uşağınız üçün seçdiyiniz paltar çox sıx modeldə olmamalıdır.

Hər şeydən əvvəl rahatlıq

Uşağınızın ölçüsünə uyğun olmayan və ya bir şəkildə onu narahat edən hər cür paltar, ayaqqabı və aksesuarlardan uzaq durmaq faydalıdır. Nəfəs ala bilməyən parçalardan çəkinmək uşaqların dəri sağlamlığı üçün vacibdir. Xüsusilə qız geyimlərində olan süni dəri, tül və digər sintetik liflər kimi materiallar uşağınızın dərisinin nəfəs almasına mane ola bilər.

Gündəlik və xüsusi hallar üçün paltarların ayrılması

Uşaq geyim modelləri arasında seçim edərkən, gündəlik geyilən və xüsusi günlərdə üstünlük verilən paltarları balanslaşdırmağa çalışa bilərsiniz. Bu cür istifadə ayrılığı, hər ikisi üçün birləşmə yaratmağınızı asanlaşdıra bilər. Uşağınız özünü geyinə bildiyi zaman, təsadüfi və xüsusi gün birləşmələri yaratmaq daha asan ola bilər.

Ayaqqabılar

Uşaq ayaqqabılarına gəldikdə, ayaq quruluşuna yaxşı uyğunlaşan ayaqqabı seçmək son dərəcə vacibdir. Uyğun bir cüt ayaqqabı, uşağınızın ayaq inkişafını dəstəkləyir və düzgün yeriməsinə kömək edir. Sağlam ayaq inkişafı uşaqlar üçün çox həssas bir mövzudur. Bu səbəbdən ortopedik və mümkünsə yarı ölçülü daha böyük ayaqqabıları da seçə bilərsiniz. Çünki yeni ayaqqabı aldıqdan sonra uşağınızın ayağı bir anda böyüyə bilər.

Həddindən artıq istifadə olunan aksessuarlar nəinki narahatlıq yaradır, həm də asanlıqla qırılaraq təhlükəli nəticələrə səbəb olur. Uşağınız üçün hansı aksessuarların alınacağına diqqətlə və ehtiyatla qərar verməlisiniz.

Uşaq geyimlərində parçanın davamlılığı

Uşaq köynək və şort modellərinə qərar verərkən uyğun parça seçmək vacib bir faktordur. Nisbətən ucuz geyimlər oyun vaxtı üçün uyğun olsa da, həddindən artıq aşınma nəticəsində formalarını tez itirmək riski daşıyırlar. Oyun paltarları üçün bir az qalın pambıqdan hazırlanan geyimlərin seçilməsi uyğundur. Daha yüngül materiallardan hazırlanan və günəş işığına qarşı kifayət qədər qorunma təmin edən qız geyimləri, uşaqları da soyuq saxladıqları üçün isti aylar üçün ideal variantlardır.

Təmizlənməsi asan parçadan olan uşaq geyimləri

Uşağınızın paltarlarının çoxunun maşında yuyula bilməsi istifadə rahatlığını təmin edir. Beləliklə, paltarlar xüsusi bir tənzimləmə tələb etmir. Təmizlikdə başqa bir vacib faktor, fərqli temperaturda yuyula bilən parçalardan hazırlanmış paltarlardan istifadə etməkdir. Parçanın ilk yuyulduqdan sonra dəzgahda necə reaksiya verdiyindən asılı olaraq, formasını və rənglərini saxlamaması və ya kiçilməməsi arzuolunmazdır. Baxımı və təmizliyi asan olan uşaq geyimləri gündəlik həyatınızı asanlaşdırmaqla yanaşı, təmizlənərkən ilk gün rənglərini və formalarını qoruyaraq sizi və uşağınızı xoşbəxt edir.

Keyfiyyətli uşaq geyiminə sərmayə qoyun

Keyfiyyətli uşaq geyimlərinin seçilməsi uzun müddətdə qənaətcil bir sərmayəyə çevrilir. Yaxşı dizayn edilmiş, yüksək keyfiyyətli parçalar yüksək spesifikasiyaya uyğun olaraq hazırlanır və tez-tez yuyulmaya dözə bilir. Böyük ailələr üçün davamlı uşaq geyimləri seçmək büdcələri üçün vacib bir qənaət maddəsidir.

Uşaq geyimlərində rahatlıq faktoru

Uşaqlar paltarları ilə rahat olmadıqda, valideynlər də narahatlığı yaxından hiss edirlər. Uşağın dərisinə uyğun gəlməyən bir paltarla hərəkət edə bilməməsinin səbəb olduğu narahatlığı yaşamasını istəmirsinizsə, rahat paltar seçməlisiniz. Körpənizin qarderobunu təravətləndirərkən dəriyə incə və bədənlə asanlıqla hərəkət edən parçalar seçmək vacibdir.

Rahat çıxarıla bilən geyimlər

Uşaqlar müstəqil olduqdan sonra qarderobundan öz paltarlarını seçməyə və özlərini geyinməyə başlayırlar. Bu təcrübəni onlar üçün asanlaşdırmağın ən yaxşı yolu, zəhməti olmayan, asanlıqla geyinmək və çıxartmaq mümkün olan paltarlar almaqdır. Elastik bel modelləri kiçik uşaqlar üçün əla bir başlanğıc ola bilər, çünki düymələr və “zamoklar” əvvəlcə çətin ola bilər.

Geyimləri geyinib yoxlamağa kömək edin

Uşaqlar böyüdükdə, dostlarının geyindikləri paltarlar, geyimlər və mediada populyar olan məzmun onlara çox təsir edir. Onlar müəyyən bir anda fərqli bir üslub yaratmaq və bəzi üslubları sınamaq istəyə bilərlər. Uşaqlara üslub tələblərini dəstəkləməklə onlara azadlıq vermək geyim zövqlərini formalaşdırmağa kömək edə bilər. Bu müddət ərzində səylərini dəstəkləmək, etdikləri seçimlərə inamlarını artırmağa kömək edir, ancaq zövqlərinə qarşı tənqidi davranmağı da öyrənmələri lazım ola bilər. Hadisə və hava şəraitinə uyğun olmayan şeylər geyindiklərini gördüyünüz zaman məsləhət vermək, təcrübələrinə əsaslanaraq məlumatlı seçim etməyi öyrənməyə kömək edir.

Məsələ ilə bağlı sosioloq Lalə Mehralı fikirlərini bu cür ifadə edib: “Uşaq geyimlərinin bu qədər baha olmasında ekoloji təmiz məhsuldan hazırlanması ilə yanaşı, işbazların fürsətçiliyi də rol oynayır. Tutalım, bir uşaq köynəyinin istehsalına 5 manat xərc tələb olunursa (ekoloji təmiz məhsuldan söhbət gedir) onu bazarda 25 manata təklif edirlər. 20 manat onun istehsal xərclərindən əlavə olan xərcləri, daşınma, mağazanın xərcləri, işçinin xərcləri hamısı o malın üzərindən qazanılır”.

“Bəzən görürsən ki, yox, əslində bu keyfiyyətdə olan mala bu qiymət artıqdır. Bax, burada o dediyimiz işbazların fürsətçi olması məsələsi gündəmə gəlir. Onlar bilirlər ki, valideyn özü, 10 manata ayaqqabı alıb geyinər, amma 10 manata aldığı ayaqqabını övladına geyindirməz. Çünki, onun ekoloji təmiz olmadığı qənaətindədir və övladının ekoloji baxımdan çirkli geyim, çirkli ayaqqabı geyinməyinə qıymır. Bu baxımdan da işbazlar bu tərəfimizi bildikləri üçün işçisinin maaşını, mağazasının kirayəsini, özünün villasını, bağ evini, bir neçə cür maşınının xərcini bizim cibimizdən qazanır. Ona görə bilmək lazımdır ki, nəyin xərci nə qədərdir. Təbii ki, bunu da əksəriyyətimiz bilə bilmərik. İstehsal xərclərini sadə camaat bilə bilməz ki, hansı sahibkar hansı məhsulu neçəyə istehsal edib ortaya çıxarır. Məncə, burada iqtisadçılar ara-ara televizorda, və yaxud da sosial şəbəkələrdə maarifləndirmə işləri apara bilər”.

Məsələ ilə bağlı stil məsləhətçisi Rəna Əliyeva da öz fikirlərini bizimlə bölüşüb: “Uşaq geyimlərinin material istifadəsi çox olmasa da, işçiliyi çox çətindir. Yəni, kiçik ölçülü geyim tikmək, böyük ölçülü geyimi ərsəyə gətirməkdən daha əziyyətlidir. Həmçinin, böyüklərin geyimlərində sintetik materiallara yol verilsə də, uşaq paltarlarında bu hallarla bir o qədər qarşılaşmırıq. Çünki, uşaq bədəni ekstra həssas və allergiyaya meyilli olur. Ona görə də uşaqlar üçün daha orqanik və təbii materiallardan istifadə olunur. Qiymətlər də buna görə nisbətən bahadır. Amma düşünürəm ki, uyğun qiymətli uşaq geyimləri də az deyil.

Bir də belə bir nüans insanların psixologiyasına yerləşib ki, dünya standartlarında insanlar özlərinə qıymadıqları məhsulları uşaqları üçün alırlar. Yəqin ki, bu da psixologiyada müəyyən rol oynayır”.

Jurnalist ekspert Rövşən Rəsulov isə məsələyə bu cür yanaşıb: “Uşaq geyimləri hər zaman böyüklərin geyimlərindən baha olub. Burada məsələ qiymətin bahalığında deyil, əslində söhbət qiymətin hansı səbəblərə görə baha olmasından gedir. Əsasən də, brend məhsullarda bu bahalıq xüsusilə seçilir.

Baxın, Azərbaycanda fəaliyyət göstərən bazar və dükanlara gedərkən üçüncü, hətta beşinci ölkələrin uşaq geyimlərinin satışları ilə qarşılaşırıq. Bu geyimlər qiymətlərinə görə kifayət qədər ucuz olurlar. Çünki həmin geyimlərin hazırlanmasında saplarından tutmuş digər istifadə edilən komponentlərinə qədər hər şey kimyəvi, süni məhsullardan, əsasən də sintetikadan hazırlanır. Yəqin ki, çoxlarınız müxtəlif satış nöqtələrində “nə alırsan al, qiyməti 1-2 manat” kimi löhvhələrlə qarşılaşıbsınız. Ona görə də belə yerlərdə satılan uşaq geyimləri ucuz başa gəlsə də tez sıradan çıxır, üstəlik uşaqların da sağlamlıqlarına zərərlər vurur. Əlbəttə, hər şeyin istifadə qaydası var və geyimlərdə də müəyyən olunmuş standartlar nəzərdə alınmalıdır. Üstəlik, söhbət uşaq geyimlərindən gedirsə.

Qaldı ki, brend məhsulların qiymətlərinə, bu məsələdə tanınmış firmaların hazırladıqları uşaq geyimləri hər zaman özəllikləri ilə seçilib. Sözün açığı, belə geyimləri əldə etmək üçün imkanları olan valideyinlər əsla simiclik göstərmirlər. Onlar istəyirlər ki, övladları ən yaxşı geyimlərlə təmin olunsunlar. Bunun digər tərəfi isə uşaqların həmin geyimləri istəmələri, valideyinlərindən tələb etmələridir. Təbii ki, əgər valideyinin maddi imkanı buna cavab verirsə, hətta vermirsə belə onu öz övladına almağı düşünür. Bu, bir tərəfdən uşaqların valideyindən asılılığını artırır, amma gələcəkdə müstəqil həyata atılması dövrünə mənfi təsirlərini göstərir.

Amma hər şeyə rəğmən, bu faktor da bütün kateqoriyalara aid oluna bilməz. Bir valideyin bahalı geyimi öz övladına ala bilir, digəri isə maddi imkanı əl vermədiyinə görə onu ala bilmir. Ortada isə qeyri-bərabərlik sosial mühiti yaranır və bu da məncə doğru olan məsələ deyil.

Ümumiyyətlə, hesab edirəm ki, brend uşaq geyimləri satan bahalı dükan və butiklər də əslində Azərbaycanın ümumi qiymət preyskurantları ilə ayaqlaşmalıdırlar. Hər kəs istədiyi qiyməti satılan malın üzərinə qoyaraq onu insanlara sırıya bilməz.

Bu yaxınlarda brend dükanların birində tanınmış firma istehsalı olan sadə uşaq ayaqqabısının qiymətini görəndə sadəcə dəhşətə gəldim – onun qiyməti yanılmıramsa 400 AZN idi! Axı buna nə vacibiyyat var? Halbuki həmin ayaqqabının ölkəmizə gətirilməsinin qiyməti ümumilikdə həmin qiymətin yarısını da etmir. Bax, məsələ də bundadır. Müxtəlif şirkətlərimiz hətta Avropada istehsal olunaraq ucuz qiymətə satılan məhsulların üzərinə az qala bir maşının qiymətini qoyurlar, adını da qoyurlar ki, azad ticarət müxanizmidir. Bu azad ticarət mexanizmi deyil, əslində talançılıq, fırıldaqçılıq və istehlakçıların ciblərinə girməkdir.

Düşünürəm ki, toxunduğunuz problemlə bağlı müvafiq dövlət strukturları da maraqlanıb nəticə çıxaracaqlar. Bütövlükdə uşaq geyimlərinə qiymət tənzimləmələri olmalıdır. Mən yalnız bahalı brend məhsullarını demirəm, eyni zamanda zərərli və ucuz satılan uşaq geymlərini də nəzərdə tuturam”.

Araşdırma mövzusu ilə bağlı şəhər sakini xanımların da bu məsələyə münasibətini öyrəndik:

Şəhər sakini Aytən Abdullayeva: “Bu vəziyyət əslində tələb-təklif əlaqəsi ilə əlaqədardır. Bir şeyə tələbat nə qədər çox olarsa, qiymət də bir o qədər yüksək olar. Məsələn, ən populyar avtomobillər əvvəlcə 30 min idisə, indi almağa çalışsanız, 80 ilə 90 min arasında fərq olacaq. Bu o deməkdir ki, şirkətlər əslində tələbatın və insanların almaq üçün çox çalışdıqlarının qiymətini artıraraq iqtisadi taktika hazırlayırlar. Eyni şey uşaq geyimləri və oyuncaqlar üçün də keçərlidir. Uşaqlar bu oyuncaqları görür və istəyir və ailə onları almaq məcburiyyətindədir, yoxsa uşağı bütün günü kədərlənib ağlayacaq. Bu səbəbdən şirkətlər, bunları görəndə uşaqların dərhal istəyəcəkləri ixtiralara çevirdilər və tutulduqları təqdirdə bu əşyaların qiymətlərini artırdılar. Valideynlərin uşaqlarını şirin, sevimli və gözəl geyimlərdə görmək istədiklərini çox yaxşı bildikləri üçün körpə geyimləri də buna uyğun olaraq qiymətləri yüksək saxlayır. Həm də keyfiyyətli materialdan hazırlandığı təqdirdə bu məhsulun yüksək qiymətə satışda olması qaçılmazdır”.

Şəhər sakini Aidə Hüseynova: “Uşaq geyimlərinin bahalı olması zərurətdən qaynaqlanır. Çünki paltar almalısan. Bu öhdəliyi bildikləri üçün uşaq paltarlarını bahalaşdırırlar. Uşaq daim böyüdüyü üçün köhnə paltarla barışa bilmir. Elə buna görə də uşaq geyimlərini bahalaşdırırlar. Digər bir səbəb isə uşaq paltarlarını kəsmək və tikmək çox çətin ola bilər. Kiçik parçaları paltarda birləşdirmək çox çətindir. Səbir tələb edən bir işdir”.

Şəhər sakini Aliyə Qarayeva: “Çünki satıcılar da çox yaxşı bilirlər ki, uşaqlar üçün paltar almalıyıq. Uşaqların istədiyi paltarlara yox deyə bilməyəcəyimizi bildikləri üçün çox pul alırlar, yəni, baha satırlar. Uşaq geyimləri bizimkilərdən daha bahalıdır. Çox qəribə bir vəziyyətdir. Düşünürəm ki, uşaqlar ağlayanda istədiklərini əldə edirlər, ona görə də bu qədər baha sata bilərlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə