Qəhvəaltı etməməyin fəsadları - QİDA TEXNOLOQU AÇIQLADI

“Artıq Azərbaycanda son 10 ildə qəhvəaltı, yəni səhər yeməyi adət-ənənəsi daha geniş formalaşır. İnsanlar yığışaraq dostları, tanışları və iş yoldaşları ilə səhər yeməyi üçün qəhvəaltıya harasa gedirlər. Bu, gözəl bir addımdır”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, dədə-babadan da bizim qəhvəaltı mədəniyyətimiz var: “Səhərlər dürməyin arasına kərə yağı sürtüb uşaqlara verərlər ki, yesinlər. Şor, pendir, qaymaq bunlar hamısı əvəzolunmaz yağ turşuları ilə zəngindir”.

“Elə bir yağ turşuları var ki, kənardan biz onu almaq məcburiyyətindəyik. Məsələn, omega 3 və sair. Səhər bir ədəd yumurta yesək, bu, o turşuları ödəmiş olur. Kərə yağında olein yağ turşusunu almış olarıq. Bizə qəhvəaltı mütləq şəkildə vacibdir. Birmənalı olaraq, qəhvəaltı etmək məcburiyyətindəyik. Çünki səhər sağlam qəhvəaltı etmək gün ərzində bizim tox olmağımıza da səbəb olar ki, bu da artıq piylənmədən can qurtarmamıza gətirib çıxarar”.

Ağa Salamov həmçinin, onu da bildirir ki, sağlam karbohidratlarla da qidalanmaq vacibdir. "Məsələn, səhərlər meyvə-tərəvəzlərə də üstünlük verilməlidir. Tərəvəzlə bişirilmiş omlet, göbələklə yumurta omleti və yaxud rəngli bibərlərlə hazırlanmış soğanla qarışdırılmış omletlər yemək daha sağlamdır. Bunlar həm vitaminlərlə zəngin olur, həm sağlam zülal, həm də sağlam karbohidratdır. Bunlar hamısı bizim sağlamlığımız üçün vacib olan məqamlardan biridir”.

“Qəhvəaltı etməmək günorta çox yeməyə səbəb olur ki, burada da artıq çəkidən əziyyət çəkirlər, qaraciyər yüklənməsi, piylənmə baş verir. Ona görə qəhvəaltı sağlam şəkildə olmalıdır ki, günorta da az acsınlar və az yemək istehlak etsinlər. Yəni, normanı aşmasınlar. Adam var səhər qəhvəaltı etmir, amma günorta oturub 2 adamın yeməyini yeyir. Bu zaman həm artıq çəkidən əziyyət çəkəcək, həm ürək qan-damar sistemini yükləyir, həm mədəsini yükləyir, həm həzm sistemini pozur, həm qaraciyərini yükləyir, bunlar birmənalı olaraq yolverilməzdir. Ona görə də sağlam qəhvəaltı sağlam qidalanma deməkdir. Sağlam qəhvəaltı o demək deyil ki, yəni biz 5 nəfərin də səhər oturub yeməyini yeməliyik. Yəni, sağlam kərə yağı, kənd yumurtası olmalıdır, ağartı məhsulları olmalıdır ki, biz onları istehlak edəndən sonra günorta aclıq hissi az olur. Yəni, çox acmırıq ki, az yemək istehlak edirik və bu da insan həyatı üçün normaldır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə