"Bu, tək vətəndaşın bacaracağı məsələ deyil" - İKT ÜZRƏ EKSPERT AÇIQLADI

"İstər sosial şəbəkələr üzərindən kiber dələduzluq, istərsə də iş fəaliyyətimizdə kiber hücumlara son zamanlar daha tez-tez rast gəlirik. Düşünürəm ki, bu kimi hallar nəinki azalacaq, hətta günü-gündən daha da artacaq". Bu sözləri SİA-ya açıqlamasında İKT üzrə ekspert Rəşad Cəfərov deyib.

Onun sözlərinə görə, çıxış yolu bu kimi hallarla mübarizə aparmaq, önləyici tədbirlər görməkdir: "Artıq bir neçə ildir ki, ardıcıl olaraq ölkəmizdə kibertəhlükəsizliklə bağlı tədbirlər keçirilməkdədir. Əlbəttə ki, bu tədbirlər maarifləndirmə baxımından çox vacibdir. Ölkəmizdə kibertəhlükəsizliyə cavabdeh olan qurumlar mövcuddur. Qurumlar kiberhücumlara qarşı birgə fəaliyyət göstərməlidir. Hətta deyərdim ki, dövlətlər birgə mübarizə aparmalıdır. Kibertəhlükəsizliyin etibarlı təmin edilməsi üçün maraqlı tərəflərin – dövlətin, özəl sektorun və vətəndaşların tərəfdaşlığını və əməkdaşlığı vacibdir. Bu, tək dövlətin, tək özəl sektorun, ya da tək vətəndaşın bacaracağı məsələ deyil. Bütün ölkələr kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini etiraf etsələr də, çox təəssüf hələ ki, ciddi addımları görmək olmur".

Rəşad Cəfərov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, vətəndaşlar arasında maarifləndirməyə böyük ehtiyac var: "Hər bir vətəndaş kibertəhlükəsizliklə bağlı yetərincə məlumatlı olmalıdır. Bunu artıq zaman tələb edir. Hər kəs fərdi məlumatlarını necə qorumalıdır, kiber dələduzları necə müəyyən edə bilər və sair bu kimi məsələlərdə ayıq olmalıdır. Ən azından emalinə gələn məktubları analiz etmək, təhlükəli görünən fayllardan, saytlardan uzaq durmaq, antivirus proqramlarından istifadə etmək qismən sizin kibertəhlükəsizliyinizi təmin edə bilər. Ümumilikdə isə kibertəhlükəsizliklə vətəndaş, özəl qurumlar, dövlət, hətta dövlətlər birgə mübarizə aparmalıdır. Əks halda bu sahədə təhlükəsiz mühit yaratmaq mümkün olmayacaq. Kibertəhlükəsizliyin təmin edilməsi ümumi işdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə