Ev, yoxsa tələbə yataqxanası? - ARAŞDIRMA

Bildiyimiz kimi, Təhsil Nazirliyinin son brifinqdən sonra artıq sentyabr ayının sonundan ali təhsil müəssisələri əyani şəkildə fəaliyyətinə davam edəcək. Bunun üçün isə regionda yaşayan tələbələr şəhərimizə üz tutur. Məlum məsələdir ki, bəzi işbazlar da fürsətdən istifadə edərək kirayə ev qiymətlərini qaldırırlar. Tələbələr üçün yataqxanaların olması isə bu məsələnin ən başlıca həlli yoludur. Tələbə yataqxanası və ya tələbə evi tələbələrin təhsil müddətində kütləvi qaldıqları məkanlara verilən addır. Yataqxanalar, ümumiyyətlə, ailələrinin yaşadığı şəhərdən fərqli bir şəhərdə yaşayan tələbələr tərəfindən istifadə olunur. Yataqxana tələbələri, əsasən, universitet tələbələridir. Yataqxanalar, həm universitetin bir hissəsi, həm də şəxsi ola bilər. Məsələ ilə bağlı SİA olaraq araşdırma aparıb hal-hazırda ölkəmizdə olan tələbə yataqxanalarının vəziyyəti ilə maraqlandıq.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun yataqxana ilə əlaqədar açıqlaması: “Azərbaycan İlahiyyat İnstitutunun yataqxanası, hələlik, obyektiv səbəblərdən mövcud deyildir. Müvafiq dövlət qurumlarımız çalışır ki, bu sahədəki problemimizi həll etsin və ümid edirəm ki, yaxın gələcəkdə yataqxanamız olacaq. Sosial təminatı qənaətbəxş olmayan tələbələrə gəlincə, onlara kirayə yardımı etməyə çalışırıq. Bu mövzuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu bizə dəstək verir”.

Aqil Şirinovun sözlərinə görə, ali təhsil müəssisəsində təhsil tamamilə ödənişsizdir. "Tələbələr pulsuz geyim və dərsliklərlə təmin edilir, eyni zamanda təqaüddən əlavə yemək pulu ödənilir”.

Təhsil eksperti İlqar Orucovun fikrincə, Azərbaycanda çox az sayda ali təhsil müəssisəsi var ki, onun tələbə yataqxanası fəaliyyət göstərir və pandemiya səbəbi ilə, əslində, yataqxanası olan universitetlər belə yataqxanaları bağlayıblar, yəni yataqxanalar fəaliyyət göstərmir: "Ümumiyyətlə, tələbə yataqxanaları universitetin bir hissəsidir. Bizdə ali təhsil müəssisələrinin böyük əksəriyyəti keçmiş SSRİ dövründən qalmış ali təhsil müəssisələridir və onların da hər birinin çox geniş yataqxana kompleksləri vardır. Amma təəssüf ki, Qarabağ savaşı başlayanda bu yataqxanalarda məcburi köçkünlər yerləşdirildi. Hazırda da orada məcburi köçkünlər yaşamaqdadır. Ölkənin böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yataqxanasından artıq məcburi köçkünlər köçürüldülər. Onlar üçün mənzillər tikildi və yataqxana binaları çox bərbad və baxımsız vəziyyətdə qaldığından ərazi təmizlənib. Hazırda həmin ərazidə yataqxana tikintisi ilə bağlı işlər planlaşdırılır və digər universitetlərdə də eyni zamanda demək olar ki, oxşar vəziyyət hökm sürür. Amma yataqxana bütövlükdə universitetin tərkib hissəsidir. Bizim region universitetlərində Aqrar Universitet, Lənkəran Dövlət Universitetində artıq yataqxanalar fəaliyyət göstərir".

Ekspertin sözlərinə görə, yataqxananın əhəmiyyəti birinci növbədə ondan ibarətdir ki, burada həm qiymət ucuz olur, həm də tələblərin təhlükəsizliyi təmin olunur. Yataqxanalarda bütövlükdə fərqli rayonlardan gəlmiş tələbələr yaşayırlar. Onlar arasında çox böyük kommunikasiya, dostluq münasibətləri qoyulur, sosiallaşma prosesi daha sürətlə gedir, eyni zamanda rəqabət mühiti formalaşır, çünki, bir otaqda dörd tələbə qalırsa, üçü yaxşı oxuyursa, 4-cü tələbə də məcbur olub oxuyur və eyni zamanda, asudə vaxtını səmərəli keçirilməsi ilə bağlı yataqxanaların çox gözəl imkanları olur. Bəzi yataqxanalarda istirahət, bütövlükdə idman fəaliyyətini həyata keçirmək üçün şərait olur. Mən, Aqrar Universitetin yataqxanasında olarkən çox gözəl bir nümunəni gördüm. Hesab edin ki, o universitetin yataqxanası yenidən qurulub, müasir səviyyədədir, hətta üçulduzlu otel keyfiyyətlidir. Orada oxuyan tələbələrin yaşayışı üçün imkanlar yaradılıb. Eyni zamanda, tələbə yeməkxanası yataqxananın alt mərtəbəsində fəaliyyət göstərir və burada da həm keyfiyyətli, həm də kifayət qədər ucuz yeməklər verilir və təxminən bir tələbənin gündəlik yataqxanada yaşayış xərci bir manata qədərdir, təxminən belə bir məbləğ idi. Yəni bu da cüzi məbləğdir. Eyni zamanda orada tələbə səhər oyanır, gedir bufetdə çayını içir, səhər yeməyini yeyir və bu da çox ucuz qiymətə başa gəlir. Bu baxımdan tələbə yataqxanaları ilə bağlı düşünürəm universitetlər fikirləşməlidirlər. Həmçinin, dövlət də bu məsələdə universitetlərə yardımçı olmalı, onlar üçün yataqxana tikintisi ilə bağlı ərazilər ayırmalıdır. Bu proses, əslində, çox faydalı bir məsələdir”.

SİA araşdırma apararaq paytaxtda yerləşən əsas ali təhsil müəssisələrinin yataqxanalarının siyahısını təqdim edir:

Azərbaycan Dövlət Neft və Sənaye (ADNSU)universitetinin 7 binadan ibarət yataqxana kompleksi olub. Onlardan 6-sı sökülərək müasir standartlara cavab verən 1000 nəfərlik yeni yataqxana binası inşa olunur. Eyni zamanda, qeyd olunub ki, yerdə qalan bir binada təmir işləri aparılaraq tələbələrin istismarına verilib. 320 nəfərlik bu binada bir otaqda 3 nəfər qala bilər. Yataqxanada əsasən, əcnəbi tələbələr qalır və onlar buna görə ödəniş edirlər. Yataqxanada qalmaq istəyən azərbaycanlı tələbələr ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edirlər və onların pulsuz olaraq yataqxanada qalması təmin olunur.

Azərbaycan Texniki Universiteti (AzTU) 5 korpuslu yataqxanasından yalnız birini tələbələrin ixtiyarına verib (digər yataqxanalarda məcburi köçkünlər məskunlaşıb). Təxminən, 80 nəfərin qala biləcəyi yataqxananın bir otağında 4 tələbə yaşaya bilər. Burada yalnız oğlan tələbələr qalır. Yataqxana ödənişsizdir. Universitet yataqxananın xərclərini özü ödəyir.

Azərbaycan Tibb Universitetinin (ATU) 6 yataqxanası var. Onlardan birində məcburi köçkünlər məskunlaşıb. Digərlərinin isə ümumi tələbə tutumu 1256 nəfərdir. Son dörd ildir ATU-nun yataqxanası ödənişlidir. Hazırda ödəniş haqqı aylıq 50 manatdır. Yataqxana təmirdən təzə çıxdığından şəraiti yaxşıdır. Oğlan və qızların qaldıqları binalar ayrıdır. Hər iki cinsdən olan əcnəbi tələbələr isə mərtəbələri ayrı olmaqla eyni yataqxanada qalırlar. Yataqxana üçün qəbul iyulun 10-dan başlayıb. Otaqlar 1 və 4 nəfərlik olmaqla ayrılır.

Azərbaycan Dillər Univeristetindən (ADU) ali təhsil müəssisəsinin oğlan və qızlar üçün ayrıca iki yataqxanası var. Lakin qızlar üçün olan yataqxananın yalnız iki bloku tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var. Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 5 yataqxanasından dördündə məcburi köçkünlər məskunlaşıb. Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada, təxminən, 200-ə qədər tələbə yerlə təmin edilə bilər.

Bakı Slavyan Universitetinin (BSU) isə 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. Birinci mərtəbədə məcburi köçkünlər məskunlaşıb.

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri isə yeni tədris ilində yeni inşa olunan kampusun 400 çarpayılıq Tələbə evində qalacaqlar.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də anoliji vəziyyət yaşanır. Bu təhsil ocaqlarının yataqxanalarında məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən heç bir tələbəsini yataqxanada yerləşdirə bilmir.

Xəzər Universitetinin yeni tələbə yataqxanası həm yerli, həm də əcnəbi tələbələr üçün mebelli rahat yaşayış şəraiti təklif edir.

Yer: Xəzər Universitetinin "Neftçilər" kampusuna (3 dəq piyada məsafə) və "Neftçilər" metro stansiyasına (10 dəq piyada məsafə) yaxın ərazidə yerləşən yataqxana bir sıra xidmətlər təklif edir.

Avadanlıq və xidmətlər:

-Otaqlar: şərik/ortaq otaq (bir otaqda minimum 2, maksimum 4 nəfər)

-Hər otaqda yataq, kiçik siyirtmə, paltar şkafı və stol var

-Ayaqyolu və hamam: ümumidir, otaqlardan bayırda yerləşir

-Mətbəx: mətbəx və saxlama (soyuducu) avadanlıqları ilə təchiz olunmuş ümumi mətbəx/bufet ərazisi

-Paltaryuyan maşın (quruducu ilə), ütü və s. təchiz olunmuş camaşırxana

-Ümumi istirahət otağı: komputerlər, televizor, divan olan bu otaq sizin və qonaqlarınızın rahatlığını təmin edir

-İnternet: bütün yataqxananı əhatə edən WI-FI

-Saxlama otağı

-Sakit ərazidə yerləşən dərs otağı

Yataqxanada təhlükəsizlik: Yataqxana tələbə və qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə təhlükəsizlik kameraları ilə təchiz olunmuşdur. Bina 24/7 video nəzarətdədir və təhlükəsizlik işçiləri var.

Bakı Slavyan Universitetinin tələbə yataqxanası 1965-ci ildə istifadəyə verilmiş beşmərtəbəli yaşayış binasından ibarətdir. Yataqxananın ikinci- dördüncü mərtəbələri universitetdə dərs deyən bəzi müəllimlər, yerli və xarici tələbələr üçün nəzərdə tutulub. Burada həmçinin tibb məntəqəsi, komendant, yataqxana özünüidarəetmə komissiyası, tələbə şurası üçün də ayrıca otaqlar vardır. Yataqxananın 4-cü mərtəbəsi tamamilə yerli qız tələbələri üçün ayrılmış və bu mərtəbə hər birinin yaşayış sahəsi 18-22 m² olmaqla 22 otaqdan ibarətdir.

Binanın 2-ci mərtəbəsində əcnəbi tələbələr yaşayır. Onlar arasında Türkiyədən, Pakistandan, İran İslam Respublikasından, Çindən, Misirdən, Cənubi Koreyadan, Nigeriyadan və digər ölkələrdən gəlmiş 20-dən artıq əcnəbi tələbə vardır. Bu mərtəbədə 7 otaq birnəfərlik, 8 otaq ikinəfərlik, 15 otaq isə üç nəfərlikdir.

Bakı Slavyan Universitetinin tələbə yataqxanasında kombi sistemi təhciz edilmiş istilik mərkəzi vardır. Otaqlarda ən müasir tipli yataq mebelləri, şkaflar və hər bir tələbə üçün iş masaları quraşdırılıb. Tələbələr asudə vaxtlarını səmərəli keçirmələri üçün kitabxana və tədris otağı onların ixtiyarına verilib. Yeni təmir olunmuş mətbəx isə zəruri avadanlıqlarla təmin olunub. Tələbə yataqxanasının binası telefon və yüksəksürətli internet (Wi-Fi) xətləri ilə təmin olunub.

BSU-nun tələbə yataqxanası Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 152 ünvanında yerləşir.

Ayşən Vəli

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə