Ana südü, yoxsa süni qida? - HƏKİMDƏN AÇIQLAMA

“Allahın insana bəxş etdiyi ən böyük əvəzolunmaz nemətlərdən biri ana olmaqdır. Doğulan hər bir uşağın ana südü ilə bəslənməsi isə ən vacib məsələlərdən biridir. Lakin bəzi hallarda müxtəlif səbəblərdən ana südü az ola bilər. Bəzən isə infeksion xəstəliklər nəticəsində doğulan uşağa ana südü verilməsi məsləhət görülmür”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, bəzən isə doğulan uşaq zəif olur: “Uşaq zəif olduğu üçün əmmə aktını normal yerinə yetirə bilmir. Bu da süd vəzində südün yığılmasına gətirib çıxarır. Buna da “mastit” deyilir. Mastit zamanı titrətmə, temperaturun yüksəlməsi, sinədə kəskin ağrı və bərkimə kimi hallar müşahidə olunur. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır”.

Həkim sözlərinə belə davam edib: “Uşağın təbii ana südü ilə bəslənməsi süni qida ilə qidalanmağa nisbətən çox çətindir. Əgər körpə təbii yolla qidalanırsa, hər 3 saatdan bir süd verilməlidir. Süd verərkən ana düzgün qidalanmalı və stresdən uzaq olmalıdır”.

“Bunun üçün ana özü də düzgün qidalanmalı, vitaminlə zəngin olan qidalardan istifadə etməli və bol-bol maye içməlidir. Lakin son dövrlərdə gənc qadınlar daha rahat yol seçərək, uşaqların süni qida ilə qidalanmasına üstünlük verirlər. Müqayisə etdikdə təbii ana südü ilə qidalanan uşaqlar, süni qida ilə qidalananlara nisbətən daha zəif böyüyür. Lakin sağlamlıq nöqteyi-nəzərdən daha sağlam olurlar. Qeyd etmək lazımdır ki, süni qida ilə qidalanan körpələrdə gələcəkdə mütləq allergik xəstəliklər daha çox inkişaf edir. Onlarda immun sistemi zəif olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə