Beynəlxalq Qırmızı Xaç Komitəsi şəhid xanımımızı mükafatlandırıb – FOTO

“Şəhid olsam, övladlarımı əsl insanlar kimi böyüdün. Məni xatırlasınlar və analarının haqlı bir səbəb üçün öldüyünü bilsinlər"

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) silahlı qarşıdurma və ya təbii fəlakət qurbanlarına göstərdikləri müstəsna cəsarət və fədakarlığa görə 18 ölkədən 25 tanınmış tibb bacısını “Florence Nightingale” (Florensiya bülbülü) medalı ilə təltif edib. Bu tibb bacıları arasında 2-ci Qarabağ Müharibəsinin ölümündən sonra təltif olunan yeganə qadın şəhidi Arəstə Baxışova da var.

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Atəstə Baxışovanın cəmi 31 yaşı var idi. SİA xəbər verir ki, "Moskva-Bakı"nın müxbiri Arəstənin doğmaları ilə görüşüb.

Arəstə Baxışova Bakıda böyüyüb. Ailəsi Çernobıl nüvə stansiyasındakı qəzadan 3 il sonra Ukraynadan buraya köçüb. Atası Kərim Baxışov hərbçi idi və əlil olduğu Çernobıl fəlakətinin nəticələrinin aradan qaldırılmasında iştirak edib. Arəstə 5 yaşında olarkən dünyasını dəyişib.

“Qızım atasının hərbi formasını geyinməyi çox sevirdi. Onun kimi hərbçi olacağını deyirdi. Mən isə istəyirdim ki, daha çox qadın peşəsi seçsin. Məktəbdən ayrıldıqdan sonra müəllim hazırlığı kollecinə daxil oldu və daha sonra xüsusi kurslar keçib hərbi tibb bacısı kimi işə başladı. İki il qospitalda işlədi”- Arəstənin anası Məktubə xanım deyir.

Müharibə başlayanda Arəstə cəbhəyə getməyə qərar verir. İşdən qayıdanda həmişəki kimi anasına bu barədə danışır. Məktubə Baxışova buna qarşı çıxır, çünki qızının iki övladı var və gələcəklərini düşünməlidir. “Ana, bu gün hamımız əsgərik. Və bütün ölkənin gələcəyi hər birimizdən asılıdır. Cəbhədə faydalı ola biləcəyimi bilə-bilə dinc yaşaya bilməyəcəyəm”- Arəstə deyir.

Ananın uzun müddət onu bundan vaz keçməyə çalışması gənc qadının döyüş ruhunu dəyişdirməyə kömək etməyib. 2020-ci ilin oktyabr ayının əvvəlində Arəstə cəbhəyə gedir. Tez-tez qohumlarına zəng edib arxayınlaşdırırdı. Tezliklə qələbə ilə qayıdacağını söyləyirdi. Ölümündən bir neçə gün əvvəl anasına deyib: “Şəhid olsam, övladlarımı əsl insanlar kimi böyüdün. Məni xatırlasınlar və analarının haqlı bir səbəb üçün öldüyünü bilsinlər".

Məktubə Baxışova üçün qızı ilə son söhbətini xatırlamaq çox ağırdır: “Sanki dəhşətli bir şeyin olacağını hiss edirdim. Hər gecə ağlayırdım və dua edirdim ki, qızım sağ-salamat qayıtsın”.

Və 23 oktyabr səhəri anasına qızının şəhid olduğu bildirilir. “Arəstənin ölümü barədə uşaqlarına necə danışacağımı bilmirdim. Çox göz yaşı tökdüm. Uşaqlar, sanki narahatlıq hiss edirdilər, sual dolu baxışlarla gözlərimə baxdılar. Onlara analarının artıq yanımızda olmadığını söyləməli idim. Zəhra və Mərdan çox acı ağladılar”- deyə Məktubə xanım xatırlayır.

On iki yaşlı Mərdan anasının hərbi papağını əzizləyir. Ölümündən sonra oğlan bu baş geyimindən ayrılmır. "Bu, anamın xatirəsidir"-deyə gülümsəyir Mərdan. “Dünyadakı ən qayğıkeş və cəsur ana idi. Son telefon danışığımızda anam mənə güclü olmağımı söylədi. Mənə bacımın və nənəmin qayğısına qalmağımı tapşırdı”- deyən Mərdan bir gün anası və babası kimi hərbçi olacağını xəyal edir.

Bacısı, 10 yaşlı Zəhra, anasının onun müəllim olmasını xəyal etdiyini söyləyir. “İndi İngilis dilini intensiv öyrənirəm. Məktəbi bitirdikdən sonra mütləq instituta qəbul olub, sonra isə uşaqlara dərs verəcəyəm”- deyir Zəhra.

Məktubə xanım nəvələrini kənardan izləyir və göz yaşları ilə gülümsəyir. “Əminəm ki, Mərdan və Zəhra Azərbaycanın həqiqi vətəndaşı kimi böyüyəcəklər. Axı onların nümunə götürəcəkləri biri var. Anaları əsl qəhrəman idi. Ümid edirəm Arəstə uşaqlarına cənnətdən baxır və onlar üçün narahat deyil. Uşaqların xarakterinin möhkəmliyi, analarındandır!”- Məktubə Baxışova deyir.

Müəllif - Samirə Kazımova

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə