Ermənistan Azərbaycana axan çayları “öldürür” - FOTO

Təmiz su çatışmazlığı XXI əsrdə bütün bəşəriyyət üçün ən aktual mövzulardan biridir. Belə ki, tələbat getdikcə artır, amma resurslar azalır.

BMT-nin məlumatlarına görə, Yer kürəsi əhalisinin 1/3 hissəsi (2,2 milyard insan) təhlükəsiz içməli su çatışmazlığından əziyyət çəkir. 2040-cı ildə suya olan qlobal tələbat 50%-dək artacaq, 2050-ci ilədək isə planetimizin 5,7 milyard sakini il ərzindən azı 1 ay içməli su çatışmazlığının hiss olunacağı ərazilərdə yaşayacaq.

Azərbaycan üçün təmiz içməli su mövzusu kifayət qədər aktualdır, belə ki, ölkənin səth sularının təxminən 70%-i qonşu ölkələrin ərazisində formalaşır. Lakin, sonradan Azərbaycan ərazisinə axan çayların çoxunun formalaşdığı nə Gürcüstan, nə də Ermənistan "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Helsinki Konvensiyasına qoşulmayıb.

1922-ci ildə Helsinki şəhərində (Finlandiya) qəbul edilmiş bu beynəlxalq sənəd sərhəddən keçən yeraltı suların və səth sularının ekoloji cəhətdən əsaslandırılmış idarəetməsi və mühafizəsinə yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edən mexanizmdir.

Kür çayının suyunun ekoloji vəziyyəti mövzusunda Gürcüstanla ikitərəfli iş aparılsa da, 30 illik münaqişə və işğal səbəbindən Araz çayının ümumi su ehtiyatlarının idarə olunması ilə bağlı Ermənistanla hər hansı regional əməkdaşlıq mümkün olmayıb.

Kür çayının ən böyük sağ qolu olan Araz çayı Azərbaycan ərazisində kənd təsərrüfatına yararlı sahələrin suvarılması baxımından çox böyük əhəmiyyət kəsb edir. Lakin suyun keyfiyyəti heç də arzuolunan səviyyədə deyil.

Vətən müharibəsində qələbə və əvvəl Ermənistan tərəfindən işğal edilmiş ərazilərin, xüsusilə də Zəngilan rayonunun azad edilməsi nəticəsində Azərbaycan ekoloqlarının yerli çaylara çıxışı təmin olunub. Araz çayına tökülən Oxçuçaydan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə çayda mis, molibden, manqan, dəmir, sink, xrom kimi ağır metalların miqdarının çox olduğu məlum olub.

“Digər sərhəd çayları ilə müqayisədə bu çayda çirklənmə səviyyəsi daha yüksəkdir. Yanvar-mart aylarında aparılmış monitorinqə görə, bu çaylarda nikelin miqdarının 7, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olduğu aşkarlanıb”, - deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, mart ayının əvvəlində Oxçuçay hövzəsində farel balıqlarının kütləvi məhv olmasını adi gözlə görmək olardı.

Foto: Oxçuçayda monitorinq, 2021-ci ilin mart ayı

Ağır metal tərkibinin yüksək olması təkcə çay faunasını məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcədə təhlükəlidir. Belə sudan istifadə həzm pozuntuları, böyrəklərdə və sümük toxumasında destruktiv proseslərdan tutmuş orqanizmin ürək-damar, əsəb və və qan dövranı sistemlərinin xəstəlikləri kimi çox zərərli fəsadlara səbəb ola bilər.

Məsələn, suda manqan tərkibinin yüksək olması uşaqlar üçün son dərəcə təhlükəlidir, belə ki, bu, dayaq və hərəkət sistemində “manqan raxiti” adlanan xəstəliyin meydana gəlməsi riskini artırır. Araşdırmalar qurğuşunun insan orqanizminə xərçəngyaradıcı təsirə malik olduğunu ortaya çıxarıb. Uşaqların qurğuşunla zəhərlənməsi isə onlarda əqli inkişaf səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.

Məlumdur ki, ağır metal duzlarının böyük hissəsi ətraf-mühitə antropogen yolla, əsasən çıxarma və emal müəssisələrinin tullantıları vasitəsilə düşür. Bu isə Qacar mədənini idarə edən "Zəngəzur mis-molibden kombinatı"nın, həmçinin “Chaarat Kapan” şirkətinin (keçmiş “Kapan dağ-zənginləşdirici kombinatı”) ilkin təmizləmə işləri aparmadan istehsalat tullantılarını birbaşa Oxçuçaya buraxmaqla, ekoloji standartlara riayət etmədiklərini düşünməyə əsas verir.

"Zəngəzur mis-molibden kombinatı" Ermənistanın ən əsas sənaye müəssisələrindən biri və ölkənin əsas vergi ödəyicisidir. Şirkət, Qafqazın ən böyük mis-molibden mədəni olan və metal konsentratları hasil edən Kacaran mədənini idarə edir. Kombinat Almaniyanın “Cronimet Holding” şirkətinin mülkiyyətindədir.

“Kapan dağ-zənginləşdirici kombinatı” da ölkənin əsas vergi ödəyiciləri sırasındadır. Şaumyan qızıl-polimetal yatağını istismar edən müəssisə qızıl və gümüş tərkibli konsentratlar istehsal edir. 2019-cu ildə bir neçə dəfə əldən-ələ keçən kombinat sonda mərkəzi ofisi Londonda yerləşən, Böyük Britaniyanın “Chaarat Gold Holdings Limited” şirkətinin tərkibinə qatıldı və hazırda “Chaarat Kapan” adlanır.

Hər iki müəssisə şərqdən Azərbaycanın əsas hissəsi ilə qərbdən Naxçıvan MR arasında yerləşən Ermənistanın Sünik vilayətində (tarixi Azərbaycan torpağı olan Zəngəzur) fəaliyyət göstərir.

Ermənistanın Sünik vilayətində fəaliyyət göstərən hər iki müəssisənin ekoloji standartlara riayət etmədiyini Ermənistanın dövlət strukturlarının, həmçinin ekologiya fəallarının yerli KİV-lərdə dərc olunan məlumatları da sübut edir.

2019-cu ilin oktyabr ayında Ermənistan FHN-nin mətbuat xidməti məlumat vermişdi ki, tullantı anbarında baş vermiş nasazlıq səbəbindən Kacaran mis-molibden mədəninin tullantıları Voxci çayına (Oxçuçayın ermənicə adı) tökülmüşdür.

“Bu gün səhər saat 08:40-da “911” xidmətinə Sünik ərazisindən axan Voxci çayının (red. Oxçuçay) ağ rəng alması barədə məlumat daxil olmuşdur. FHN əməkdaşları müəyyən etmişlər ki, suyun rənginin dəyişməsi kombinatın Sünik vilayətinin Nerkin Giratax kəndi yaxınlığında yerləşən tullantı anbarının zədələnməsi səbəbindən meydana gələn çirklənmə nəticəsində baş vermişdir”, - nazirlikdən bildirmişdilər.

Həmin vaxt Ümumermənistan Ekologiya Fondunun üzvü Levon Qalstyan bildirmişdi ki, bu, kombinatın böyük həcmdə tullantılarının ətraf-mühitə atılması ilə nəticələnmiş böyük qəzadır. O qeyd etmişdi ki, bu cür qəzalar kombinatda birinci dəfə deyil ki, baş verir. “Təkcə son 6-7 il ərzində onlarla bu cür fakt qeydə alınsa da, hər dəfə ya qəza halları, ya da onun fəsadları ört-basdır edilib”.

Foto: Oxçuçayda monitorinq, 2021-ci ilin mart ayı

Levon Qalstyan qəzanı “ekoloji cinayət” adlandırmış və həm riskləri qiymətləndirən, həm də bu risklərə nəzarət edən şəxsləri məsuliyyətə cəlb etməyə çağırmışdı.

Sünik vilayətindən olan digər ekoloq Boris Sarqsyan qeyd etmişdi ki, Voxci çayı (red. Oxçuçay) bütün uzunluğu - azı 50 km boyunca çirkləndirilir. Çayın suları Araz çayına tökülür. “Oxşar qəzalar birinci dəfə deyil ki, baş verir, amma bu misli görünməmiş qəzadır. Həm qəza daha böyükdür, həm də çirklənmə səviyyəsi daha yüksəkdir. Ətrafda xoşagəlməz iy hakimdir”, - həmin vaxt o demişdi.

Dövlətlə bağlanmış müqavilə şərtlərini pozduğuna, həmçinin ekoloji normalara riayət etmədiyinə görə kombinat bu hadisədən yarım il əvvəl cərimələnmişdi.

Verilən məlumata görə, 2017-cu ildə kombinat 27,2 milyon ton filiz hasil etmişdi, halbuki dövlətlə olan lisenziya müqaviləsində il ərzində 22 milyon ton filizin hasil və emal edilməsi nəzərdə tutulur. Şirkət isə müəyyən edilmiş həddən daha çox hasil etmiş və daha az emal etmişdi. Kombinat zənginləşdirmə fabrikinə cəmi 19,65 milyon ton filiz göndərmiş, qalan bir neçə ton filizi isə mədənin ərazisində anbarlara vurdurmuşdu. Bundan əlavə, ətraf mühitə atılan tullantıların həcminin icazə verilən həddi aşdığı da müəyyən olunmuşdu.

Kapan mədəninə gəlincə, 2017-ci ildə mədənin tullantı anbarında baş vermiş qəza nəticəsində 1800 kv.m ərazinin çirkləndiyi barədə məlumat verilmişdi. Ətraf mühitə zərər dəyməsi faktı öz təsdiqini tapmış, şirkət isə cərimələnmişdi.

2018-ci ilin mart ayında mədənin 3 əməkdaşı “kəskin ekzogen zəhərlənmə” diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, onlardan biri – 1994-cü il təvəllüdlü sürücü – malyükləyən xəstəxanada vəfat etmişdi. Ölüm faktı ilə əlaqədar olaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla, tikinti, dağ-mədən işlərinin və ya sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma maddəsi ilə cinayət işi başladılmışdı.

Oxçuçayın çirkləndirilməsini Ermənistanın dövlət strukturları da etiraf edir. Xüsusilə də, İrəvan Dövlət Universiteti yanında Ekoloji Təhlükəsizlik Mərkəzinin əməkdaşı L.Marqaryan çayın suyunun keyfiyyətinin pisləşdiyini və suyun tərkibində molibden, dəmiz, qurğuşun, sink, xrom və digər ağır metalların miqdarının çox olduğunu təsdiq etmişdi.

Ermənistanın “Azatutyun” nəşri 2019-cu ilin oktyabr ayında yazırdı: “Sənaye zonasının fəaliyyəti nəticəsində Zəngəzurun ən böyük ikinci çayı olan Voxci çayı (red. Oxçuçay) suvarma üçün yararsız hala düşmüş, çayda balıqlar yoxa çıxmışdır”.

Ölkə iqtisadiyyatında vacib rol oynayan Ermənistanın dağ-mədən sənayesi təkcə Ermənistanın özündə deyil, qonşu ölkələrdə də ekosistemi məhvə sürükləyir. Bu baxımdan Azərbaycan əlverişsiz mövqeyə malikdir. Belə ki, ölkəmiz bu çayların aşağı axarında yerləşir. Çirklənmiş Oxçuçayın suyu Araz çayına tökülməklə, son nəticədə ölkənin əsas su arteriyası olan Kür çayına axır. Beləliklə, bütün Xəzər dənizi hövzəsi təhlükə altına düşmüş olur.

Növbəti yazımızda Zəngəzurdakı mədənlərin istismarının arxasında kimin dayandığı, həmçinin varlanmaq üçün Ermənistanın siyasi elitasının qərb şirkətlərinin köməkliyi ilə bütün Cənubi Qafqazın ekologiyasını məsuliyyətsiz şəkildə necə məhv etdikləri barədə danışacağıq.

Yelena Ostapenko

Bütün xəbərlər Facebook səhifəmizdə