Ölkələrin Novruz bayramını qeyd etmə şəkli... MƏQALƏ

Novruz bayramı keçmiş zamanlardan ta bu günümüzə qədər qeyd olunmaqdadır. Novruz bayramı özəlliklə türk və fars dillərində danışan xalqların arasında geniş yayılıb. Novruz sözü "nev və ruz" sözlərindən yaranıb. Yeni gün və yeni il mənasını bildirir. Novruzun başlanğıc tarixi Miladi təqvimə görə martın iyirmi biridir. Novruz sadəcə yenidən doğulan təbiət deyil. İnsan da ruhən özünü təmizləyir, beləliklə, fikirlər və duyğular da yenilənir.

Novruz bayramı Əfqanıstanda, Azərbaycanda, Hindistanda, İraqda, İranda, Qazaxıstanda, Pakistanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda və Türkiyədə qeyd edilir. Lakin bu bayram bəzi dövlətlərdə rəsmi bayram kimi, bəzi dövlətlərdə isə qismən qeyd edilir.

2009-cu ildə Novruz bayramı Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Özbəkistan və Türkiyədən birgə müraciətlə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısında qeydiyyata alınıb.

2009-cu ildə Novruzun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə nümayəndəliklərinin siyahısına daxil edilməsi ilə müxtəlif dillərdə danışan, müxtəlif dinlərə inanan və müxtəlif millətlərdən gələn icmalar arasında mədəniyyətlərarası dialoq, hörmət və anlaşma mühitinin formalaşmasına çox müsbət töhfə verib.

Bütün ölkələrin Novruzu qeyd etməsi adət-ənənələrinə və keçirilmə formasına görə fərqlənir. Türkmənistanda Milli Bahar bayramına görə 2 gün tətil edilir. Novruz bayramı çərçivəsində ölkənin dörd bir yerində bayram proqramları keçirilir. Güləş müsabiqələri qurulur. Güləşçilər, kəndirbazlar öz məharətlərini əks etdirirlər. Bundan başqa müxtəlif idman oyunları keçirilir. Novruz üçün "Türkmən çörəyi", "Türkmən petiri", "Külçə", "Yağlı börək" kimi yeməkləri hazırlayan türkmənlər hesab edirlər ki, nə qədər çox yemək hazırlasalar yeni il bir o qədər məhsuldar və xeyirli olacaq. Bundan başqa Novruzda "səməni” şirniyyatının hazırlanmasının da türkmənlər üçün çox mühüm rolu var. Buğda unu, su, şəkər tozundan hazırlanır və türkmən adətlərinə görə bayram sabahı yaxınlara hədiyyə olunur.

Novruz bayramı qədim vaxtlardan bu günə qədər İran xalqı arasında təntənəli qeyd olunur və İranın ən önəmli günlərindən biridir. İranın məşhur alimi Əbu Reyhan Biruni əsərlərində Novruz bayramından söz açıb və Novruzu belə ifadə edib: “Novruz Ferverdin (baharın ilk ayı, baharı müjdəliyən mənasında İran mənşəli söz) ayının ilk günü və yəni ilin başlanğıcıdır. Keçmiş zamanlardan biri İran mədəniyyətinin bir parçası olan bu mərasim təbiətdən alınan maddi-mənəvi ehtiyacların bir parçası kimi tarix boyunca davam edib və davam edəcək.

İran xalqı Novruzun son çərşənbəsini “çərşənbə suri”, yəni ilin son günü adlandırır. Bu günü iranlılar tonqal qalayırlar və onların inanclarına görə Şeytanın yaratdığı xəstəlik, pislik və kirlilik təmizlənir.

"Həft Sin" süfrəsi yəni faydalı yeddi nemət süfrəyə qoyulur:: iydə, tərəvəzlər, səməni, sarımsaq, alma, sumaq və sirkənin süfrəyə qoyulması bərəkəti və uğuru gətirdiyinə inanılır. Sufrədə olan hər bir nemət bir simvolu təmsil edir.

Özbəkistanda Novruz süfrəsi üçün "Nişala" hazırlayırlar. Nişala şəkərdən bişirilir. Özbəkistanda dəyişik adətlərdən biri də budur ki, insanlar asimandan yağış gözləyir. Özlərini qocaman qadın Sus xatının şəklinə tutub deyirlər: “Sus xatın, Susma xatın, yağmur yağdır”. Novruzda ağsaqqallar öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun.

Bütün bayram günlərində olduğu kimi, Novruzda da təmizlik xüsusi əhəmiyyətə malikdir. Novruzdan əvvəl evlərdə və küçələrdə ümumi təmizlik işləri aparılır. Bayram zamanı insanlar təmiz və ya yeni paltarlar geyinməyə fikir verir. Novruz bayramında meydanlar rəngarəng bəzədilir, rəngli paltarların geyilməsi, müxtəlif rəngli yumurtaların rənglənməsi, insanların böyük bir tonqal ətrafında toplanması və tonqalın üzərindən tullanması Novruz bayramının xüsusiyyətlərindəndir. Novruz bayramı zamanı qışın yola salınması və baharın qarşılanması ilə bağlı müxtəlif oyunlar göstərilir. Novruzdakı adətlərdən biri də qulaq falına çıxaraq gələcəkdə reallaşdırmaq istədiklərinin həyata keçib-keçməməsini sınamaqdır.

Qönçə Quliyeva,

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə