Cənubi Qafqazın ən qüdrətli və sabit ölkəsi - Azərbaycan!

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu amillər Azərbaycanın milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradır. Lakin mövcud ilkin potensialı və əlverişli zəmini reallaşdırmaq, onlardan maksimum bəhrələnmək beynəlxalq aləmdə cərəyan edən proseslərin ciddi araşdırılmasını, Azərbaycanın maraqlarına uyğun düşünülmüş, hərtərəfli əsaslandırılmış və bütün incəlikləri nəzərə alan addımların atılmasını tələb edir. Məlumdur ki, xarici siyasət daxili siyasətin beynəlxalq münasibətlər sistemində davamıdır. Bu mənada, xarici siyasəti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənafeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət növü kimi nəzərdən keçirmək lazımdır. Azərbaycanın isə xarici siyasəti ilkin olaraq milli məafeyimizə hesablanmış və regionda balanslaşdırılmış siyasət üzrədir. Ölkəmiz hər zaman xarici münasibətlərində ədalət prinsipini əsas götürmüş, ölkələrin ərazi bütövlüyü və daxili işlərinə müdaxiləni pisləmiş və ölkələr arasında qarşılıqlı maraq və mənfəətlərin vəhdətini dəstəkləmişdir.

Qeyd etmək istərdim ki, dövlətimiz Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müstəqil xarici siyasət həyata keçirməyə başlamışdır. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Xarici siyasətimizin prioritetlərindən biri də beynəlxalq qurum və təşkilatlarla birgə işləməkdən keçmişdir. Bu mənada BMT ilə əməkdaşlığın ilk günündən başlayaraq, Azərbaycan təşkilatın bütün prinsiplərinə hörmətlə yanaşmış və sadiq qalmışdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı həmçinin digər beynəlxalq təşkilatlarla əməkdaşlığa müstəsna əhəmiyyət verməklə bütün platformalarda hər zaman ədalət prinsipini qorumuşdur.

Bu gün Cənubi Qafqaz regionunda güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Azərbaycan özünün "Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmək" kimi geosiyasi və geostrateji iddialarını heç vaxt gizlətməmişdir. Bu gün Azərbaycan öz iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq regionun lider ölkəsinə çevrilmişdir. Cənubi Qafqazın insan resurslarının təxminən 60%-i, yanacaq-enerji və maliyyə resurslarının 90%-i, iqtisadi potensialının isə 75-80%-i Azərbaycanın payına düşür. Hazırda həm qonşu dövlətlər, həm də dünyanın əksər geosiyasi aktyorları bütün ölçülər üzrə regionun "lider ölkəsi" statusunu daşımaq imkanını məhz Azərbaycana aid edirlər. Cənubi Qafqazda ən iri enerji, nəqliyyat-kommunikasiya layihələrinin təşəbbüskarı olması və onların fəaliyyətini təmin etməsi təkcə Azərbaycanın özünün deyil, həm də bütün Xəzər-Qara dəniz hövzəsi regionunun, Avropa və Amerikanın, bütün dünyanın strateji maraqlarını təmin edir. Avropa Birliyinin enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərini artırması üçün geniş perspektivlər yaradır. Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunikasiya

dəhlizlərinin və neft-qaz ixracatı marşrutlarının üzərində yerləşir. Xəzər dənizinin Azərbaycan sektorundakı enerji resurslarının istehsalının getdikcə artırılması və ən əsası, bu məhsulların məhz Avropa bazarına ixrac edilməsi Azərbaycanın dünya miqyasına çıxması, əhəmiyyətli "dünya dövlətinə" çevrilməsini şərtləndirən əsas amillərdən birincisidir.

Qeyd edək ki, ölkəmizdə bütün sahələrdə, o cümlədən siyasi və hərbi-təhlükəsizlik sahəsində uğurlu dövlət siyasəti həyata keçirilməkdədir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Dövlətimizin hərbi təhlükəsizliyinin təmini dövlət siyasətinin ən vacib istiqamətlərindən birini təşkil edir. Azərbaycan regionda və region xaricindəki strateji tərəfdaş ölkələrlə regional təhlükəsizliyin təmin olunması, beynəlxalq strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədilə çoxtərəfli əməkdaşlıq həyata keçirməkdədir.

Bir sözlə, Azərbaycan hazırda beynəlxalq aləmlə iqtisadi, siyasi, enerji, nəqliyyat və s. əlaqələrini müstəqil şəkildə reallaşdırır və yeni uğurlar qazanır. Biz gənclər əminik ki, Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha da böyük nailiyyətlər əldə edəcək, uğurlar qazanacaqdır.

Xumarə Familli

YAP Pirallahı rayon təşkilatının fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə