8 Mart Beynəlxalq Qadınlar Günüdür

Tariximizin mürəkkəb ictimai-siyasi proseslərində cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilən Azərbaycan qadını fəallığı ilə seçilmişdir. Gözəllik örnəyinə çevrilən Azərbaycan qadını ən çətin məqamlarda belə ayıq-sayıqlığı, çevikliyi və düzgün qərar qəbul etmək bacarığı ilə hamını heyrətləndirib. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlar müdrikliyi və işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Sözünün bütövlüyü, ictimai fəallığı, zəhməti, isməti və zəkası ilə tariximizə isimlərini həkk ediblər.

Artıq bir neçə gündən sonra 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edəcəyik. Tarixə nəzər salsaq, görərik ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-York qadınlarının 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın Dünya Qadınlar Günü kimi qeyd edilməsinə nail olub. Dünya ölkələrində olduğu kimi, 8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda da geniş qeyd olunur. Ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməllərilə təsdiqləyib.

Müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı, məhz Azərbaycan qadını atmışdır. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, qadınların seçib-seçilmək hüququnu tanıyan, qadın-kişi bərabərliyini təmin edən ilk müsəlman ölkəsi olub. Məhz bu dövrdə milli qadın siyasəti dövlət statusu alıb. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl, məhz Azərbaycanda qadına cəmiyyətin həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər: "XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq, ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı, məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır".

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti nəticəsində Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də, digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri göz önündədir. Ölkəmizdəki demokratik mühit fitri istedadlarını və yaradıcılıq imkanlarını tam gerçəkləşdirməyə imkan verir. Təbii ki, mövcud mühitin formalaşmasında Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Azərbaycan qadını milli məfkurəyə sadiq qalaraq, bu gün də müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir.

Bu, bir həqiqətdir ki, 2000-ci ilin mart ayının 6-da Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Təqdirəlayiq haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub.

Bütün bunlarla yanaşı, Azərbaycanda qadın, ilk növbədə, ailə ocağının qoruyucusudur. Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik və insanpərvərlik. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir. Zərifliyi və gözəlliyi ilə seçilən Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir. Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında daha qabarıq təqdim olunur. Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir. Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirləri həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.

Yaradıcı düşüncə geniş layihələrin gerçəkləşməsi Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Qədim Azərbaycanın mədəniyyətinə və milli dəyərlərinə yanaşmada yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Dünyanın ən nüfuzlu mükafatlarının daşıyıcısı olan Mehriban xanım Əliyeva gördüyü şərəfli işlərin müqabilində böyük nüfuza malikdir.

Bu gün Azərbaycan qadını öz əməli fəaliyyəti, dəyərləri ilə yüksəkdə dayanır və bu dəyərləri müqabilində alnıaçıq və fəxrlə 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edir. Bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, idmanda, hüquq-mühafizə orqanlarında və digər sahələrdə kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakına maraq artıb. Ölkə həyatının bütün sahələrində qadınların fəallığı müşahidə olunur. Qadın siyasəti nəticəsində Azərbaycan qadını qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa nail olur. UNESCO-nun statistikasına görə, Azərbaycanda elmi tədqiqatçıların 57,1 faizinin qadınlardan ibarət olduğu göstərilir. Azərbaycan qadınlarına potensiallarını reallaşdırmaq üçün hər cür şərait yaradılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı zamanı rəşadətli ordumuz bir-birinin ardınca düşmənə ağır zərbələr vuraraq təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyini çıxılmaz vəziyyətə saldı. 44 gün davam edən müharibədə vətən torpağının erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində işğal altında olan torpaqlarımız işğalçılardan azad olundu. Bu şanlı qələbəmizdə Azərbaycanın qəhrəman oğullarının rolu danılmazdır. Bu oğulları vətən üçün böyüdən bizim analardır. Vətən darda olanda öz oğullarını məğrurcasına müharibəyə göndərdilər. Buna dözdülər. Şəhid oğullarını qürurla, təmkinlə qarşıladılar. Analar böyükdür. Biz onların qarşısında baş əyirik. Azərbaycan qadınları ölkəmizin inkişafı, qlobal dünyada mədəni-mənəvi zənginliklərimizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da fəallıq nümayiş etdirəcək.

Bayramınız mübarək olsun, ƏZİZ QADINLAR!

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...