Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti

Valideynlər hər zaman belədirlər. Əllərini uca Yaradanın dərgahına açar, dünyamıza sülh, əmin-amanlıq, övladlara xoşbəxtlik dilərlər. Bir də ömür istərlər ki, övladı ilə bağlı ən son arzularını da həyata keçirmək fürsətləri olsun. Bu kimlərəsə nəsib olar, kimlərəsə yox. Yəni tale işidir, şansdır. Amma heç kimə illərlə boyunu sevə-sevə böyütdüyü, canını fəda etməyə hazır olduğu ciyərparasının son arzusunu eşitmək, son məktubunu oxumaq qismət olmasın. Bax, bu çəkilməsi mümkünsüz bir dərd olar.

Gülzar ana onsuz da sinəsi övlad dərdli biriydi. 17 yaşında Vəfa adlı bir qızını itirmişdi. Amma göz yaşlarını hamıdan gizlədərək iki oğul balasının varlığına şükranlıqla yaşayırdı. Təbiət etibarı ilə sakit-səssiz biri olan ana halal zəhmətlə ailəsini dolandıran ömür-gün yoldaşı Raufla ilki Yaqubun mürvətini görmüşdü. Evləndirmiş, ailə sahibi etmişdi. Nəvələrinə Hüseyn adını qoymuşdular. İndi 2 yaşı var.

Elgün evin sonbeşiyi idi. Yaxşı, valideynlərinə qarşı sayğılı bir oğul,qardaşı Yaquba hər zaman etibarlı bir dayaq, ətrafındakılara yaxşı dost olmağı bacaran Elgün. Və... çox erkən bütün sevənlərini ölümü ilə məyus, qəhrəmanlığı ilə məmnun edən Elgün. Son məktubun müəllifi. Nə yazırdı son məktubunda Elgün?

Məktubu ilk başdan diqqətinizə çatdırmaq istəmədim. Nədənmi? Onu sizə daha yaxından tanıtmaq üçün. Ölümün gözünə dik baxmağı bacaran, öləcəyi ehtimalının yüksək olduğunu bildiyi halda doğmalarını düşünən bir gəncin qısa həyat hekayəsini əvvəlcə dinləmiş olun deyə.

Elgün Rauf oğlu Kərimov 1999-cu ilin 17 sentyabrında rayonun Aran qəsəbəsində dünyaya gəlmişdir. Orta təhsilini də Aran qəsəbə 1 saylı tam orta məktəbdə almışdır. Uşaq yaşlarından İdmana xüsusi marağı olan Elgün əlbəyaxa döyüş növündə bir çox turnirlərdə qalib kürsünün ən yüksək zirvəsində yer də almışdır.
2017-ci ildə məzun olmuş, ali məktəbə qəbul olsa da, ailəsinin maddi imkanını nəzərə alıb oxumaqdan vaz keçmişdir.

...Həqiqi hərbi xidmətə çağırış vərəqəsi alanda sevincinin həddi olmamışdı. Və o, Şəmkir rayonundakı “N” saylı hərbi hissənin kəşfiyyat bölüyünün nümunəvi əsgəri kimi xidməti borcunu ləyaqətlə yerinə yetirmişdi.
Elgün hərbi xidməti başa vurdurqdan sonra həm bekar qalmamaq,həm də ailəyə kömək üçün müxtəlif yerlərdə çalışdı. Amma bu uzun sürmədi.

Hərbiyə olan sevgisi onu yenidən bu sahəyə üz tutmağa həvəsləndirdi. Vətən müharibəsi başlanmazdan bir ay əvvəl MAHHQ -də kəşfiyyatçı kimi işə başladı.

... Sentyabrın 27-si. Bütün ölkə cəbhədə atəşkəsin, bu dəfə müddətsiz pozulduğu xəbərindən ayaq üstəydi. Oğulu, yaxını cəbhədə olan hər kəs kimi Elgünün doğmaları da həyəcan içində idi. Bütövlükdə Azərbaycan ordusunun uğurları haqqında informasiya mənbələrindən aldıqları xəbərlərin sevincini yaşaan Kərimovlar ailəsinin xəbəri yox idi ki...

Hücum əmri verilən andan Elgün döyüşlərdə iştirak edirdi.Talış kəndi və Suqovuşan qəsəbəsinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə onun qəhrəmanlığına döyüşçü dostları şahid idi. Murovdağ, Talış və Suqovuşan-Agdərə istiqamətində olan döyüşlərində Elgün şücaətlə döyüşürdü. Elə qızğın döyüşlərin birində o... gənc həyatı ilə vidalaşdı. Düşmən snayperi Elgünün adını İkinci Qarabağ Müharibəsinin şəhidləri sırasına yazdı. Tarix 16 oktyabr 2020-ci il.

Döyüş yoldaşları da söyləyirlər ki, Elgün döyüşlər başlayan gündən həlak olana kimi yəni 21 gün igidliklə vuruşub. Hətta əməliyyatlarından birində qeyri-bərabər döyüşdə düşmənin 60-dan çox canlı qüvvəsini məhv edərək, döyüşçü yoldaşlarını mühasirədən çıxarıb. Komandiri onu həmişə ön sırada olmağa can atan, qorxmaz, cəsur bir əsgər kimi çox sevərmiş. Və bu əsgər hər tərəfdən od-atəş yağan savaş meydanında hər an ölə biləcəyini hiss etdiyindən ölümündən bir gün əvvəl məktub yazır: "Mən sizləri, ayrı-ayrılıqda çox-çox istəyirəm. Siz mənim canlarımsınız. İnşallah, şəhid olanda, bu məktub əlinizə keçəndə oxuyarsınız. Əgər ölsəm məni bağışlayın ki, sizi mənsiz qoydum. Bilirəm çətindi, çətin bir şeydir. Amma belə olmalıdır. Allah sizə yar olsun. Allah Amanında. Haqqınızı halal edin! Vətən sağ olsun!".

Bu məktubu oxuyanda müharibədəki qələbəmizin səbəbi bəlli olur-bu Vətənin onu ürəkdən, böyük məhəbbətlə sevən oğulları var.

Şəhidin evindəyik. Hər bir igidimizin evinə baş çəkən, onlara mənəvi dayaq duran Milli Məclisin deputatı İlham Məmmədov da buradadır. Deyir: Hər bir şəhid qürurumuzdur, fəxrimizdir. Ali Baş Komandanımız nə qədər haqlı deyib: Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşurdu. Və sizin oğlunuz Elgün Azərbaycan tarixində misli görünməmiş qələbəyə imza atan bir sərkərdənin yüksək qiymət verdiyi şəhidlər sırasındadır.

...Oktyabrın 17-də Aran qəsəbəsində qələbəlik yaşandı, qəsəbə sakinləri elliklə öz igid balasını əbədi yolçuluğuna uğurladı. Yəldili qəbiristanlığı Elgünü öz qoynuna aldı.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...