Populizm nədir?

Populizmin nə olduğunu anlamaq və bir ideologiya ola biləcəyi ehtimalını analiz etmək üçün, ilk olaraq, “populizm” sözünün nə olduğunu dərk etməliyik. Bu, yunanca “populos” sözündən əmələ gəlib, “hakimiyyət və ya elita qarşısında duran insanlar” anlamını ifadə edir. Populizm siyasi fikri yarandığı zamanlarda xalqı və onun mənfəətini muhafizə edirdi. Lakin sonradan tərkibinə demaqogika, manipulyasiya, müftəxorluq kimi məfhumlar qatır.

Tarixi

1892-ci ildə Amerikada fermer hərəkatları kreditlər tələb edirdi. Uzaqgörən və fürsətçi siyasətçilər kəndlilərin istismarına qarşı çıxırdılar. Çox keçmədən onlar öz populist partiyalarını yaratdılar. Rusiyada da oxşar hadisələr baş verirdi. Aleksandr Herzen sənaye kapitalizminə və çarlığa qarşı idi. Beləliklə, yaranmış “narodnik” hərəkatı populist idi. Onlar torpaqları elitadan və dövlətdən alıb kəndlilərə paylamaq istəyirdilər. Bütün bunlara nəzər salsaq, populizmin sosializmdən qaynaqlandığını görərik. Yəni demək olar ki, populizm nifrətdən və ya cahillikdən yaranır. Həmçinin, aşağı həyat səviyyəsi olan, cahil və ya kinli olan kütləni populizm rahatlıqla özünə qazanır.

Argentinalı siyasi mütəxəssis Ernesto Laçlau bütün amerikalı solçuları təəccübləndirərək deyir: “Populizmin yaranması tarixi olaraq dominant ideoloji mülahizələrin böhranı ilə bağlıdır, bu da daha qlobal böhranın bir parçasıdır”. O demək istəyir ki, poplulizm sosializmdən qalma mənfi təcrübədir. Lakin populizm az sonra özünü faşizmdə göstərir. Hitler demokratik yolla hakimiyyətə gəlir. Deməli, demokratiya populizmə açıq qapı qoyur. Lakin çox keçmədən o, demokratiyanı məhv edir. Xalqın qəzəbindən istifadə edib, ona vədlər verir, xarizmatik liderə xas görünüm qazanır və milyonlarla taleni riskə atır. Bununla da Almaniyanı məhvə sürükləyir. Bu yerdə McDonnel və Albertazzinin fikri yada düşür: “Populizm məhvə aparan ideologiyadır”.

Hitler nümunəsindən gördük ki, populizm demokratiyanın açıq qoyduğu qapıdan keçəndən sonra totalitarizm yaradır. Deməli, populizm həm də aşkar şəkildə xalqın hüquqlarını pozur. Gözlərimizin önündə baş verən acı nəticəsinin bariz nümunəsini Ermənistanda yaşayan erməni icmasında gördük. Taggartın dediyi kimi, populistlər siyasətə və qanuna hörmətsizlik edirlər.

Bütün bu çatışmazlıqlara baxmayaraq, populizm hətta liberalların da siyasətində özünü büruzə verir. Taggartın dediyi kimi, populizm solçuların, sağçıların, yenilikçilərin və mühafizəkarların üsuludur.

Günümüzdə də şaxələnməyə davam edən populizm siyasəti iyrəncləşdirməyə davam edir. Günümüzdə də qalib gəlməyi planlayan demoqojik siyasət, xalqı şəxsi mənfəət üçün manipulasiya üsulu populizmdir. Onların üsulu isə media ilə iç-içə olmaq, sadə dildə danışmaq, özünü xalqın nümayəndəsi kimi göstərmək, fürsətdən istifadə edib vədlər vermək, özünü xilaskar kimi göstərmək, bütün yaxşı işləri mənimsəməkdir.

Populistlər həmişə xarizmatik lider olmağa can atır. Pis olan hər şeyi daxili və ya xarici düşmənlərin üstünə yıxır. Məsələn, Trump beynəlxalq səviyyədə baş verən hər neqativ hadisədə Rusiyanı və İranı günahlandırır.

Populistlərin hər bir hadisə üçün ehtiyat bəhanələri olur. Öz mövqeləri üçün xalqa xoş, amma yalan vədlər verirlər. Eyni zamanda, güclü analiz və natiqlik qabiliyyətləri olur. Populist liderlərə misal olaraq Latın Amerikasından Menem, Uqo Chavezi nümunə göstərmək olar.

Siyasi gündəmə baxdıqda populizmlə mübarizə ilə bağlı motivlər görürük. Bir çox mütəxəssislər isə onu anlamağa, izah etməyə, proqnozlaşdırmağa çalışır. Populizmi maraqlı şəkildə təsvir edənlərdən biri də Cas Muddedir. O deyir ki, populizm saf xalq və degenerasiyaya uğramış elitanın qütbləşməsi barədə serialdır. Yəni, o populizmin seriallara xas şou yaratdığını deyir. Mudde, həm də bu serialların ideoloji, yoxsa siyasi olduğunu da sorğulayır. O, həm də elitaların daha mənfəətcil olduğunu iddia edir. Jan Vernerin populizm haqqında düşüncələri isə daha birbaşadır. O qeyd edir ki, populizm toplumçu düşüncə tərzidir. Onlar hər bir vətəndaşın səsini toplayaraq müxalifətə heç bir şans qoymur. Eyni zamanda, populist iqtidar da hər məqamda fürsət bilib müxalifətdən səs qoparır. Sırf buna görə populist iqtidarlar seçkidə hər bir vətəndaşı cəlb etməyə çalışırlar.

Populist məntiqinə görə, əsl xalq yalnız onlara səs verənlərdir. Deməli, populistlər həm də ayrıseçkilik edir. Fikrimcə, bunlara görə, populizm demokratiyaya təhdiddir. Dornbusch və Edvard isə məsələyə daha çox iqtisadi yöndən baxır. Onlar düşünür ki, populizm siyasəti çoxluğun səsini alır, amma çoxluğun iqtisadi mənfəətlərini qarşılaya bilmir. Buna misal olaraq populist liderlərin seçkiqabağı iqtisadi vədlərini misal göstərmək olar. Populizm haqda fikirlər həddən çoxdur, amma onlar həmişə uzlaşmır. Ən çox uzlaşdırılan iki fikir isə bunlardır. Stammtich populizmi sosial-psixoloji sferada görür. O qeyd edir ki, pivə içəndən sonra söhbət edilən hər yerdə populizm var. Yəni, Stammtichin fikrincə, xalqın birbaşa duyğularına xitab edən, son dərəcə həssas və sadə bir diskussiyadır.

İkinci uzlaşma fikri isə daha yayılmış və sadədir. Populizm xalqı seçkiyə qədər məmnun edib, ardınca hakimiyyətə gəlmək üçün olan strategiyadır.

Populistləri demoqogik və manipulyativ siyasətə görə günahlandıran kütlələr də var. Baxmayaraq ki, bu hakimiyyətlər də SSRİ kimi mediaya senzura tətbiq edir, onu öz ideoloji tərkiblərinə salırlar. Təəssüf ki, dünyanın bir çox dövlətlərində, xüsusilə, müasir post-sovet ölkələrində də bu adət qalır. Onlar mediadan və digər reklamlardan istifadə edərək demaqogikalarını gücləndirirlər. Məsələn: D.Trampı siyasətdən uzaq olan adamlar belə tanıyır. Onlar bu məhşurluq sayəsində inam və demaqojika qazanırlar. Məsələn: bu yaxınlarda D.Tramp jurnallarda xanımının fotosunun üz qabığı olmamasını təndiq edirdi. Populist siyasətçilər hətta arvadları sayəsində də gündəmdə qalmağa çalışırlar. Onlar bu yolla bir növ dəbdə olmağa üstünlük verirlər. Bu da bir növ demaqogik populizmdir. Bu cəhətdən populizm ideologiyaya çevrilməsə də dəb halını ala bilər. Günümüzdə onu hər yerdə görə bilirik. Sadəcə daha diqqətli baxmaq yetər. İndi isə populizm haqda mükəmməl analizləri olan Taggartın fikrini söyləyəcəyəm. O populizmi ideologiya kimi görmək istəyən İsaiah Berlinə deyir: “Qüsursuz populizm yoxdur, axtarmaq səni yanıldır”. Eyni zamanda, Berlinin də populist düşüncələri fərqlidir. Berlin populizmin bir çox siyasi ifadəsinin olduğunu, ancaq yeganə real populizmin altı ay davam etdiyini, platonik bir model olduğunu müdafiə edir. Bütün bu fərqli məqamlara rəğmən populizm siyasət elminə qatılan yoluxucu xəstəlikdir. Onunla mübarizə aparanlar isə əksər hallarda populist olmağa məcbur olur. Mənə qalsa, populizmlə mübarizə aparmağın ən yaxşı yolu, seçiciləri siyasi cəhətdən savadlandırmaqdır.

Populizmin qarşısı alınmazsa, avtoritar hakimiyyətlərin yaranması gözlənilir. Populizmin yaratdığı avtoritarizm isə faciədir. Ən yaxşı ehtimalda sizə bir neçə nümunə göstərəcəyəm. Əgər populist lider yaxşı siyasətçi və vətənpərvər olarsa, da faciə qaçılmazdır. Çünki heç kim davamlı haqlı ola bilməz. Həm də belə liderlər fikir ayrılığını belə özlərinə yad bilirlər.

Zərdüşt Quluzadə

“RESURS” Analitik-İnformasiya Mərkəzinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...