Mehman Qaraxanoğlunun “Mirzə Cəlii yanğısı” kitabı çapdan çıxıb

Bir əsrdən çoxdur ki, Cəlil Məmmədquluzadə yaradıcılığı müxtəlif aspektlərdən araşdırılır və dərindən tədqiq olunur. Adama elə gəlir ki, bu sahədə artıq hər şey deyilib. Amma AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi katibi Mehman Qaraxanoğlunun “Mirzə Cəlil yanğısı” kitabını oxuyandan sonra bu fikrin heç də doğru olmadığı qənaətinə gəlirsən. Müəllif böyük ədibin qələmindən çıxan bir çox nümunələri hissi-emosional müstəvidə təhlilə cəlb edir, ilk əvvəl hər bir diskursun konseptual mənasını, semantik-semiotik qatını üzə çıxarmağa səy göstərir və əsas qayə müəyyən ediləndən sonra təhlil də məhz o istiqamətdə aparılır. Mirzə Cəlilin “Poçt qutusu”, “Anamın kitabı”, “Danabaş kəndinin əhvalatları”, “Nigarançılıq” və digər əsərləri də həmin elmi-nəzəri modellə çağdaş Azərbaycan və dünya ədəbiyyatı kontekstində təhlil olunur. Göstərilir ki, Mirzə Cəlil irsi tragikomik XIX və aqressiv XX əsr totalitarizminin bütün bulanıq təzahürlərini, dəyişkən ruhunu göstərən bir barometrdir.

Maraqlıdır ki, Mehman Qaraxanoğlu möcvud elmi qənaətləri nəzərdən keçirərək, özünəməxsus yeni təhlil strategiyaları təklif edir. O, Cəlilşünaslıqda qəbul olunmuş hazır nəzəri standartlara da yeni baxış sərgiləyir. Bu zaman onun daha çox istinad etdiyi mənbə Cəlil Məmmədquluzadənin öz mətnləri olur.

Cəlil Məmmədquluzadə sağlığında haqsız təqib, tənqid və təhqirlər məruz qalıb. Ona qarşı olan haqsızlıq dünyasını dəyişəndən sonra davam edib. Bu mənfi tendensiya bu gün də davam etdirilir. Kitabda Mirzə Cəlilə haqsız hücumlar edən bir neçə çağdaş yazarımıza elmi şəkildə əsaslandırılmış cavablar verilir.

Kitabda Mirzə Cəlilin ən yaxın məsləkdaşlarından biri olan Əbdürrəhim bəy Haqverdiyev haqqında da üç məqalə verilib. Məlum olduğu kimi, 2019-cu ildə Haqverdiyevin də anadan olmasının 150 illiyi oldu. Biz həmin məqalələrin yerinə düşdüyü qənaətindəyik.

Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev tədris planına uyğun olaraq "XX əsr Azərbaycan ədəbiyyatı" fənn proqramı çərçivəsində öyrənilir. Bütün bunlar nəzərə alınaraq Azərbaycan Dillər Universiteti Elmi Şurasının 11 noyabr 2020-ci il tarixli (protokol №06) qərarına əsasən kitab dərs vəsaiti kimi təsdiq edilib.

Kitabın baş redaktoru akademik İsa Həbibbəyli, redaktoru Tehran Mustafayev, elmi redaktoru AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov, rəyçilər akademik Muxtar İmanov və professor Təyyar Salamoğludur.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...