Yol qəzaları zamanı bəzən insanlar müxtəlif xəsarətlər alırlar. Bu zaman rast gəlinən problemlərdən biri də qıcolmalardır. İnsanlar yüngül qəza keçirdikləri zaman belə, şok keçirir, ya huşunu itirir, ya da onlarda qıcolma müşahidə olunur. Bəzən əl-ayağı qıc olub br qıraqda qalan insana düzgün yardım göstərilmədiyinə görə onun vəziyyəti daha da ağırlaşır. Bu halda nə etməli?
Qıcolmalar – bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır. Bu, sinir sisteminin mərkəzindəki bir ocaq (irritasiya) səbəbilə beyində meydana gələn elektrik boşalmaları nəticəsində baş verir. Bədən əzələlərində qeyri-adi yığılmalar olur.
Əhalinin 2-4 faizində provokativ xarici səbəblərdən qıcolma tutması baş verə bilər. Xarici provokativ səbəblər dedikdə intoksikasiyalar, travmalar, istivurma, yuxusuzluq və s. nəzərdə tutulur. Epilepsiya dedikdə isə provokasiya olunmadan baş verən qıcolma tutmaları nəzərdə tutulur.
Qıcolma zamanı yaranma səbəbindən asılı olmayaraq dərhal təcili yardım çağırmaq lazımdır. İlkin yardım olaraq isə xəstəni böyrü üstə düz səthə uzadaraq başının altına yastıq qoymaq, otağa təmiz hava daxil olmasını təmin etmək, xəstəni sıxan paltarları onun üzərindən çıxarmaq lazımdır.
Bu vəziyyət nəfəsalmanı yaxşılaşdırır, başı bir qədər aşağı çevirərək ağız suyunun rahat şəkildə kənar olunmasına şərait yaradılır. Xəstəni arxası üstə uzadaraq kilidləşmiş ağzını metal qaşıqla açmağa cəhd etmək lazım deyil.
Əksər hallarda qıcolma 3-4 dəqiqə çəkir. Lakin 5 dəqiqədən artıq davam edən qıcolma tutması və ya xəstənin huşuna gəlmədən dalbadal qıcolma tutmaları təhlükəlidir. Həmin hal epileptik status adlanır, təxirəsalınmaz və kompleks tibbi yardım tələb edir.
BUNU ETMƏYİN!
Əllərinizlə və ya hansısa bir əşya vasitəsilə qıcolmaların qarşısını almağa, xəstənin ətraflarını düzləndirməyə cəhd etməyin. Bununla ona zərər gətirə bilərsiniz. Xəstəni mümkün qədər, ətrafında təhlükəli əşyalar az olan yerdə yerləşdirmək lazımdır. Tutma zamanı hər hansı bir əşyaya toxunaraq zədələnməməsi üçün xəstəyə nəzarət etmək vacibdir. Qıcolmanın səbəbi yüksək temperatur olduqda isə bu hal qurtardıqdan sonra onu fiziki üsullarla və ya şam şəklində (uşaqlarda) dərmanla endirmək lazımdır. Xəstənin ağzına heç bir maye tökmək və ya dərman içirmək olmaz.
Azərbaycan Tibb Universitetinin Nevrologiya və Tibbi Genetika Kafedrasının dosenti Mahirə Məmmədovanın sözlərinə görə, qıcolmalara həm böyüklərdə, həm də uşaqlarda rast gəlinir. Qıcolmanın səbəblərindən yüksək temperatur, epilepsiya, meningit, ensefalit, beyin absesi, beyin şişi, başın travması, maddələr mübadiləsinin pozğunluqları – qanda kalsium, kalium, maqneziumun azalması, tez-tez və uzun müddət ərzində baş verən ishal və qusmaları misal çəkmək olar.
UŞAQLARDA QICOLMA
Uşaqlarda qıcolma tez-tez rast gəlinən hallardan biridir. Bu tutmalar müxtəlif yaş dövrlərində baş verə bilər. Qıcolma tutması keçirən uşaqların yalnız iki faizində epilepsiya xəstəliyi inkişaf edir. Yeni doğulmuş uşaqlarda qıcolmanın əsas səbəblərindən bətndaxili infeksiya, ağır toksikozların, bətndaxili gipoksiyası, doğuş zamanı alınan travmaları misal çəkmək olar. Belə hallar neonatal qıcolma adlanır.
M.Məmmədovanın sözlərinə görə, bəzi insanlar digərlərinə nisbətən daha çox qıcolmadan əziyyət çəkirlər. Risk qrupuna kiçik uşaqlar, 65 yaşından böyük insanlar, hamilə qadınlar, artıq çəkidən əziyyət çəkənlər, fiziki məşqlər və ya iş zamanı gərginlik yaşayan və bəzi dərman preparatları qəbul edən şəxslər daxildir.
Əzələ qıcolmaları xüsusilə dözümlülük üçün məşqlər edən idmançılarda və fiziki yükə çox məruz qalan yaşlı insanlar arasında daha çox yayılıb. İdmançılarda qıcolma, adətən, uzunmüddətli və ya gərgin fiziki məşqlərin sonunda, ya da onlardan 4-6 saat sonra inkişaf edir.
Qıcolmaya məruz qalan əzələlər çox möhkəm, formasını dəyişmiş olurlar. Nəzərə çarpmayan tiklər zamanı dəri altında dartılmaları görmək olar. Qıcolma bir neçə saniyədən 15 dəqiqə və daha çox müddətdə davam edə bilər. Qısa müddət ərzində bir neçə dəfə təkrar oluna bilər. Ağır qıcolmalar iltihaba belə gətirib çıxara bilər və hətta bir neçə gün belə davam edə bilər.
Əgər qıcolmalar tez-tez baş verirsə, burada artıq hansısa xəstəlikdən söhbət gedir. Əzələ qıcolmalarının qarşısını almaq üçün vaxtında fiziki məşqlər etmək, əzələlərin dartılma hərəkətlərini etmək, balanslaşmış pəhriz tutmaq lazımdır. Belə hallarda qida rasionunuzda kifayət qədər kalsuim, maqnezium, natruim və kalium olmalıdır.
Qıcolmanın səbəbləri:
Kəllə-beyin travması nəticəsində beyin yaralanmaları
Beyin infeksiyaları
Yüksək qızdırma
Bəzi xəstəliklər...
Səbəbinə görə qıcolma iki yerə bölünür: Qızdırma səbəbilə meydana çıxan qıcolma
və epilepsiya.
QIZDIRMADAN YARANAN QICOLMA
Qızdırma səbəbilə meydana çıxan qıcolma – hər hansı bir qızdırmalı xəstəlik nəticəsində bədən temperaturunun 38 C və daha yuxarı qalxması səbəbilə baş verir. Adətən 6 ay – 6 yaş arası uşaqlarda rast gəlinir.
Bu cür hallarda, İlk növbədə xəstə nəm dəsmal və ya mələfə ilə sarınır. Qızdırma bu üsulla enmirsə xəstə otaq temperaturunda bir vannaya salınır. Mütləq tibbi yardım çağırılır.
EPİLEPSİYA NƏDİR?
Epilepsiya isə xroniki bir xəstəlikdir. Doğuş zamanı və ya daha sonra hər hansı bir səbəbdən beyin zədələnməsi meydana çıxan şəxslərdə inkişaf edir. Tipik epilepsiyanın nişanələri olmasa da bəzi əlamətlərlə tanınır. Epilepsiya qıcolmasına təhrik edən bəzi vəziyyətlər ola bilər. Məsələn: uzun müddət aclıq, yuxusuzluq, çox yorğunluq, istifadə olunan dərmanların həkimin icazəsi olmadan kəsilməsi və ya dəyişdirilməsi, hormonal dəyişikliklər...
Epilepsiya geniş yayılmış nevroloji patologiyalar sırasına aiddir. Dünya əhalisinin təxminən 0,5-1 faizi epilepsiya xəstəsidir. Xəstəlik 70 faiz hallarda naməlum səbəblərdən baş verir və ya hansısa genetik problem nəticəsində yarandığı güman olunur. Digər hallarda isə simptom verən alt səbəblər aşkar olunur. Bunlara ən çox doğuş və kəllə-beyin travmaları, infeksion xəstəliklər, insult və şişləri göstərmək olar.
Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir. O, beynin xroniki xəstəliyi hesab edilir, yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin qabığının müəyyən sahəsində- epileptogen ocaqda neyronlar sinxron şəkildə oyanır.
Epilepsiya zamanı qıcolma tutmalarını iki böyük kateqoriyaya bölmək olar: fokal və generalizə qıcolmalar. Tipinə görə ən çox mürəkkəb fokal qıcolmalara rast gəlmək mümkündür. İkinci ən çox təsadüf olunan tonik-klonik qıcolmalardır. Epilepsiyanın pik dövrləri körpə və yaşlı vaxtı olur. Alimlərin fikrincə, epilepsiyalı xəstələrin diaqnostikasında yüz il əvvəl olduğu kimi indi də həlledici əhəmiyyəti xəstənin onunla birgə yaşayan qohumları və qıcolma tutmaları şahidlərinin müşahidəsi əsasında anamnez toplanması daşıyır.
Burada ən vacib məqamlar qıcolma tutmasının başlama yaşı, nevroloji zədələr, ailədə qıcolma tutmaları olmasına dair provokativ faktorlar, xəstənin tutmadan əvvəl özünü necə hiss etməsi, tutma zamanı özünü aparması, əlavə əlamətlərin olması, nevroloji xüsusiyyətlərin davam müddətinə, pastiktal yəni, tutmadan sonrakı nevroloji əlamətlərə fikir verilir.
Epilepsiyanı 80-85 faiz hallarda dərman vasitələri ilə nəzarət altına almaq mümkündür. Müalicənin uğurlu alınması üçün yaxşı diaqnostika vacibdir. Dərman müalicəsinə tabe olmayan hallar üçün pəhriz, cərrahi müalicə və digər üsullar var.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə