“Kitabi-Dədə Qorqud” dastanlarında ailə dəyərləri

“Kitabi-Dədə Qorqud” dastanları orta əsrlər tarixini, xüsusən də bütöv Azərbaycan və Şərqi Anadolu ətrafında baş verən hadisələri əks etdirir. Orada mifoloji hekayələr olsa da, əsas hadisələr orta əsrlər oğuz türklərinin bahadırlıq ənənələrinə, hərbi demokratiyaya əsaslanan qəbilə və tayfa ittifaqlarının mübarizələrinə, yaşam tərzinə, mifoloji dünyaduyumuna, ictimai-siyasi varlığına, ailə-məişət bilgilərinə həsr olunub.

Cəmilə Çiçək yazır ki,“Kitabi-Dədə Qorqud” eposu ən qədim çağlarda Azərbaycan xalqına aid bir çox adət-ənənələri özündə qorumuşdur. Xalqın həyatında mühüm rol oynamış ayrı-ayrı mövsüm və mərasimlər, ailə dəyərləri və toy-düyün məsələləri, ayinlər, habelə etnoqrafik, psixoloji əlamətlərin rəngarəng izləri boylarda poetik-bədii ümumiləşdirmələr yolu ilə əks etdirilmişdir. Lakin digər qəhrəmanlıq dastanlarında olduğu kimi, burada da bir sıra məhəbbət motivləri diqqəti cəlb edir. Boylarda həyatı, şücaətləri, savaşlarda göstərdiyi qeyri-adi qəhrəmanlıqları təsvir olunan, öyülən personajların sevgisindən, sədaqətindən, istəklisinə qovuşmaq
yolunda fədakarlıqlarından da yeri gəldikcə bəhs olunur.

“Kitabi-Dədə Qorqud” eposunun ayrı-ayrı boylarında butaalma, eşqə düçar olaraq yalnız butasına qovuşmaq
yolunda çaba göstərmək, ilahi eşqin şərbətini yuxuda içərək ayılınca röyada görüb aşiq olduğu sevgilisini, butasını axtarmaq üçün səfərə çıxmaq kimi sufi-islami ənənələrə rast gəlinməsə də, saf, həyati sevgi, sədaqət, etibar, ailə müqəddəsliyi uca tutulur. Boylarda, sonrakı başqa dastanlarımızda olduğu kimi, evlənmək yaşına çatan cəsur igidlərə buta verilmir. Onlar, sadəcə, ən gözəl, ən nəcib (həm də cəsur!) hesab etdikləri qızla, ona bir könüldən min könülə vurulub aşiq olaraq, evlənmək, ailə qurmaq qərarına gəlirlər. Yalnız bundan sonra qarşıya çıxan maneələri dəf etmək, sədaqət imtahanları, real, həyati sevgi yolunda sınaqlar başlayır.

Eposdakı boylarda qızlar da, eşq dastanlarındakından fərqli olaraq, fiziki cəhətdən zəif deyillər. Onlar da at minir, qılınc çalır, ox atır, ov ovlayır, quş quşlayır, savaşır, güləşirlər və s. Təbii ki, bu fiziki aktivlik XX əsr məhəbbət dastanlarında qızların sərbəstliyinə, oğlanı sevib-sevmədiyini valideynlərinə söyləyə bilmələrinə transformasiya edilmişdir. Diqqəti xüsusi cəlb edən məqamlardan biri budur ki, Dədə Qorqud dastanlarında qızlar onlara qalib gələ bilməyən, özlərindən daha güclü olmayan igidlə könül bağlayıb, ailə qurmazlar. Bu da maldarlıqla məşğul olan azərbaycanlıların ailəiçi münasibətlərindən irəli gəlirdi.

Məsələn, “Bayburanın oğlu Bamsı Beyrək boyu”ndan bir səhnəyə diqqət edək:

“...Mən Banıçiçəyin dadısıyam. Gəl indi səninlə ova çıxalım. Əgər sənin atın mənim atımı keçsə, onun atını dəxi keçərsən. Həm səninlə ox atalım, məni keçərsən, onu dəxi keçərsən və həm səninlə güləşəlim, məni basarsan, onu dəxi basarsan, – dedi.

Beyrək ayıtdı:

– Yaxşı, indi atlanın” (“Kitabi-Dədə Qorqud” eposu). Göstərilən nümunədən aydın olduğu kimi, Beyrək
Banıçiçəyi görmək istəyir. Qız qarşısında olsa da, özünü tanıtmayıb, oğlanın gücünü-şücaətini sınağa çəkir. Bu da Azərbaycan xarakterinin, xalqımızın düşüncə tərzinin və adət-ənənəsinin təzahürüdür. Tunc dövründən – anaxaqanlıq öz yerini ataxaqanlığa ötürəndən, obrazlı desək, Ay xan (başçı ana) öz hakimiyyətini Oğuz kağana (oğlana) etibar edəndən bugünəcən ailə başçısı – ər daha güclü, cəsur, ailəni, yurdu, sərvəti qorumağa qadir hesab edilib, qadir olubdur. Əgər o, bu etimada layiq olmasa, sevgilisi onu bəyənməz, taleyini, gələcəyini etibar edə bilməz.

Onu da qeyd edək ki, boylardan göründüyü kimi, bu məhəbbət güclülük, qorxmazlıq, cəsarət, həm də mərdlik,
sədaqət, ədalət, xeyirxahlıq anlamı daşıyır. Azərbaycan düşüncə tərzinə görə, qadın nə qədər güclü, cəsur, qoçaq olsa belə, oğlan qızdan, kişi qadından daha üstün olmalı, qətiyyən basılmamalıdır. Əks halda bu, rüsvayçılığa bərabərdir. Əslində, tədqiqatlarda da sübut olunubdur ki, fizioloji cəhətdən də kişi qadından daha güclüdür, cəsarətlidir. Tunc dövründə ictimai əmək bölgüsü nəticəsində heyvandarlığın əkinçilikdən ayrılması ilə paralel anaxaqanlığın öz yerini ataxaqanlığa verməsinin kökündə də kişinin fizioloji baxımdan qadından daha güclü, cəsur, ailəni, yurdu, ocağı qorumağa qadir olması dayanırdı. Oğuzlarda hər hansı kişinin bu etimadı doğrultmayıb qadına basılması qəbuledilməz idi. Odur ki, sınaq meydanında Beyrək də at sürməkdə, ox atmaqda, güləşməkdə üstünlüyünü nümayiş etdirərək, sınaq meydanından üzüağ çıxır.

Cəmilə Çiçək daha sonra yazır ki, “Kitabi-Dədə Qorqud” bütövlükdə qəhrəmanlıq dastanı olduğu üçün boylarda təsvir olunan sevgi macəraları da mahiyyət etibarilə sırf qəhrəmanlığa, gücə, qüvvətə, igidliyə dayanır. Lakin burada bir cəhəti də diqqətdən kənarda qoymaq olmaz. Bu, beşikkərtmə – göbəkkəsmə məsələsidir. Varlı-karlı, sərvəti aşıb-daşan bəy, xan atanın övladının olmaması, onun bunu özünə dərd etməsi, Tanrı dərgahına əl açıb dualar qılaraq övlad istəməsi, başqa bir sonsuz atanınsa eyni vaxtda qız övladı üçün dua etməsi, nəzir-niyaz paylamaq, borcluları borcundan azad etmək, acları doyurmaq və s. kimi məsələlər, çox güman ki, sonralar boyları bir sıra islami dəyərlərlə uzlaşdırmaq cəhdləri kimi meydana çıxmışdır.

“Kitabi-Dədə Qorqud” boylarında diqqətçəkən əsas məqamlardan biri də ailədə, cəmiyyətdə qadına münasibət
məsələsidir. Sufi-irfani eşq dastanlarından fərqli olaraq, boylarda sevgili kimi (elə ana, bacı kimi də) qız, qadın
daim uca tutulur, kişi ilə bərabərhüquqludur, fəaldır, aktivdir, sədaqətli və cəsurdur, fədakardır, mərddir. O, sevgilisi, əri uğrunda canından keçməyə hər an hazırdır. Ən əsası, bir sevgili, yaxud həyat yoldaşı olaraq dastanda qızın, qadının vəfası, sədaqəti, cəsarəti, fədakarlığı gizlində qalıb öz içində boğulmur, göz önündə parlayır, sınaq meydanına atılır. “Kitabi-Dədə Qorqud” boylarında qadının bu cür aktivliyi, əhəmiyyətli mövqeyə malik olması cəmiyyətdə qadının ikinci plana keçirilmədiyindən xəbər verir. Belə ki, həmin çağda anaxaqanlıq öz yerini ataxaqanlığa vermiş olsa da, hələ kişinin hakimiyyəti bərqərarolma prosesi keçirirdi, qadınlar üzərində tam mütləqləşməmişdi. Odur ki, qəbilədə hələ qadınlar kifayət qədər fəal idilər. Yeri gəlmişkən qeyd edək ki, “Kitabi-Dədə Qorqud”da islamla bağlı, əlaqəli nə varsa, hamısı əsərə sonrakı ifaçılar tərəfindən daxil edilmiş əlavələr, artırmalar, uyğunlaşdırmalardırb ki, bunun da müxtəlif səbəbləri var.

Klassik məhəbbət dastanları orta əsrlərin sonlarına doğru tam formalaşma prosesi yaşadığından burada eşq
şərabı içən qızlar passivdirlər, oturub ona buta verilən oğlanın gəlməsini gözləyirlər, hətta məsələ ciddiləşəndə,
valideynlər qızlarını qədərlə ona bağlanmış oğlana vermək istəmədikdə də etiraz edə bilmirlər.

“Bayburanın oğlu Bamsı Beyrək boyu”nda Banıçiçəyin öz göbəkkərtmə nişanlısının yolunu 16 il gözləməsi, sevgilisinin uzun ayrılıqdan sonra sağ-salamat gəlib çıxdığını bilərkən toyunu təxirə salması kimi ibrətamiz səhnələr də “Dədə Qorqud” boylarında məhəbbət motivlərinin ötəri xarakter daşımadığını, xeyli əhəmiyyətli rol oynadığını göstərir.

Lakin sonrakı dövrlərin Azərbaycan məhəbbət dastanlarında məsələ bir qədər başqa cürdür. “Dədə Qorqud”-
dakı məhəbbət motivləri ilə yeni yaranan məhəbbət dastanlarımızı tutuşdursaq, bir sıra oxşar və fərqli cəhətləri
aydın görə bilərik. Hər iki şifahi ədəbiyyat nümunəsindəki sevgilər, eşq dastanlarından fərqli olaraq, real, həyati
sevgidir. Burada klassik məhəbbət dastanlarımızda olduğu kimi, qızla oğlan bir-birini yuxuda görüb aşiq olmurlar. Onlara ilahi qüvvə tərəfindən buta verilib, eşq şərbəti də içirilmir. Qız və oğlan real həyatda qarşılaşır, bir-birini “göz açıban görür, könül verib sevirlər”. Bəzi hallarda isə oğlan könlü istədiyi, yəni onun tələblərinə uyğun gələ biləcək qızı eldə-obada – İç və Dış Oğuzda tapa bilmir.

Onu axtarmaq üçün uzaq, təhlükəli səfərlərə çıxmalı olur. Sınaqlar, imtahanlar, çətinliklər, sevgiyə qovuşmaq yolunda mübarizələr, əzab-əziyyətlər yalnız bundan sonra başlayır.

Burada real məhəbbət səhnəsinə misal olaraq “Əyyub və Sənəm dastanı”nı göstərə bilərik. Belə ki, dastanda sevgi iki aşiqin bir-birini görüb bəyənməsi və aşiq olması ilə başlayır. İki sevgili arasındakı maneələr Sənəmin anasının oğlanı bəyənməməsi üzündən baş verir. Əyyubun çilələri məhz bundan sonra başlayır. Dastanın faciə ilə bitməsi, yəni Sənəmin ölümü orta əsrlər nakam eşq dastanlarını xatırlatsa da, bütün hadisələr real zəmin üzərində cərəyan etdiyindən burada təsəvvüfi heç bir element yoxdur demək mümkündür. Reallığı əks etdirməsi baxımından “Əyyub və Sənəm dastanı” “Dədə Qorqud kitabı”ndakı real sevginin yeni formasıdır.

Müəllifin fikrincə,“Dədə Qorqud” boylarında təsvir olunan qəhrəman – aşiq obrazlarının mübarizələri, şücaətləri,
Tanrıya sığınıb güvənmək nəticəsində sınaqlardan sağsalamat çıxaraq qalib gəlmələri sufi-irfani eşq dastanlarının aşiq qəhrəmanlarına nisbətən nə qədər real, inandırıcı, həyatidirsə, sonrakı məhəbbət dastanı qəhrəmanları ilə müqayisədə bir o qədər romantikdir və fantastik xarakter daşıyır. Misal olaraq yenə “Bayburanın oğlu Bamsı Beyrək boyu”na nəzər salaq. On altı il əsirlikdə qalandan sonra Banıçiçəyin toyu günü Beyrəyin gəlib özünü yetirməsi, məhz həmin ərəfədə, necə deyərlər, sevgilisinin başqasına ərə verilməsindən vaxtında xəbər tutması, lazım olduğu anda düşmən qızının onu əsirlikdən xilas etmək fikrinə düşməsi, ehtiyac duyulan anda yolda ozana rast gəlməsi kimi səhnələr boyları bir qədər həyatilikdən aralayıb mücərrədliyə,
fantastikliyə sarı meyilləndirir desək, yanılmarıq. Çünki real həyatda belə “təsadüflər” çox vaxt xoşbəxtliyə
deyil, faciələrə yol açır. Bir əsas cəhəti diqqətdə saxlamaq vacibdir ki, boylarda hər şey – sevgi də, ailə də,
sədaqət də ilk növbədə qəhrəmanlığa xidmət edir, oğuz igidlərinin mərdliyini, gücünü, sücaətini daha qabarıq
nəzərə çatdırmaq məqsədi daşıyır. Buradakı qəhrəmanın gücü, igidliyi ilə bağlı şişirtmələr əsərin maraqlılığını, təsir gücünü artırmaq üçündür.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan məhəbbət dastanlarının bir çoxu bədii-poetik cəhətdən orta əsrlərin
klassik eşq dastanları ilə müqayisədə nə qədər zəif, sönük təsir bağışlasa da, bu əsərlərdə “Kitabi-Dədə Qorqud” boylarının izləri qalmaqda, hiss olunmaqdadır. Sevginin həyatiliyi, hadisələrin reallıqla səsləşməsi, vətənə, yurda, xalqa, el-obaya sevgi, xidmət, ictimai-milli məsələlərdə aktivlik, şəxsi deyil, ümumi mənafeyi daha ön planda görmək və s. müasir dastanlarımızı “Dədə Qorqud” boyları ilə uzlaşdırır, bir-birinə bağlayır.

Vahid Ömərov,f.ü.f.d.dos.

Bütün xəbərlər Facebook səhifəmizdə