Müasir dünyada informasiya təhlükəsizliyi, media savadlılığı və kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda beynəlxalq media platformalarının əhəmiyyəti artmaqdadır. Bu baxımdan Şuşa Qlobal Media Forumu təkcə Azərbaycanın deyil, bütövlükdə regionun media məkanında mühüm hadisəyə çevrilmişdir. İlk dəfə 2023-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunan bu forum, qısa müddət ərzində beynəlxalq jurnalistika və media siyasəti sahəsində nüfuzlu bir platforma statusu qazanmışdır.
Forumun əsas məqsədi – qlobal və regional media çağırışlarının müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il forumda şəxsən iştirak etməsi və jurnalistlərlə birbaşa dialoqa girməsi tədbirə həm siyasi, həm də informasiya baxımından strateji dəyər qazandırır. Bu xüsusiyyət Şuşa Qlobal Media Forumunu digər beynəlxalq media tədbirlərindən fərqləndirən əsas amillərdən biridir. SİA mövzu ilə bağlı forumda iştirak edənlər arasında sorğu edib.
Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: “Artıq üçüncü ildir ki, Şuşa şəhərində Qlobal Media Forumu təşkil olunur. Bu forum beynəlxalq səviyyəli tədbir kimi formalaşmaqla, müasir medianın qlobal çağırışlarına cavab axtarılan, açıq müzakirələrin aparıldığı mühüm bir platformaya çevrilmişdir. Hər il forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilir və dövlət başçısı müxtəlif ölkələrdən gəlmiş tanınmış jurnalistlərin və media nümayəndələrinin suallarını cavablandırır. Bu il də Prezidentin iştirakı ilə Şuşa şəhərindəki Konqres Mərkəzində baş tutan tədbirdə müxtəlif mövzularda suallar səsləndirilmiş və iki saat yarımdan çox davam edən sessiya ərzində həm region, həm də beynəlxalq media mühiti ilə bağlı vacib məsələlər müzakirə edilmişdir.
Forum çərçivəsində müasir medianın inkişaf tendensiyaları, rəqəmsal dövrün gətirdiyi yeni imkanlar və təhdidlər, süni intellektin media fəaliyyətinə təsiri və media savadlılığı kimi aktual mövzular ətrafında panel müzakirələri təşkil edilmişdir. Xüsusilə, informasiya təhlükəsizliyi və sosial medianın təsir gücü kimi məsələlər bu il forumun əsas istiqamətlərindən birini təşkil etmişdir. Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş media nümayəndələri bu panellərdə çıxış edərək öz ölkələrindəki təcrübələrini bölüşmüş və qlobal səviyyədə ortaq narahatlıqları dilə gətirmişlər.
Forumun açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də çıxış edərək, Qlobal Media Forumunun əhəmiyyətindən və bu tədbirin informasiya sahəsində əməkdaşlığın dərinləşməsinə verdiyi töhfədən bəhs etmişdir.
Qeyd edilməlidir ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, eyni zamanda qlobal informasiya mübadiləsinin mərkəzinə çevrilməkdədir. Bu, həm də Azərbaycanın söz və informasiya azadlığı sahəsində artan nüfuzunun göstəricisidir.
Bundan əlavə, forum iştirakçıları Ağdam şəhərinə səfər edərək işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri ilə tanış olmuşlar. Bu səfər media nümayəndələrinə regionun real vəziyyətini yerində müşahidə etmək və obyektiv informasiyanı qlobal auditoriyaya çatdırmaq imkanı vermişdir.
Sonda qeyd edilməlidir ki, bu cür beynəlxalq səviyyəli forumların təşkili medianın yeni çağırışlara hazırlıqlı olmasını təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq informasiya sistemində mühüm tərəfdaş kimi rolunu da gücləndirir. Bu təşəbbüsə görə, ölkə rəhbərliyinə – xüsusilə də Prezident İlham Əliyevə təşəkkür ifadə olunur”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli: “Dünyanın müxtəlif ölkələrində media forumları müxtəlif formatlarda təşkil olunsa da, Azərbaycanın Şuşa şəhərində keçirilən Qlobal Media Forumu bu platformalar arasında özünəməxsus məzmunu və siyasi çəkisi ilə fərqlənir. Forumun beynəlxalq əhəmiyyəti getdikcə artmaqda və onun strukturu müasir media çağırışlarına cavab verəcək şəkildə formalaşmaqdadır.
Bu forumu digər beynəlxalq media platformalarından fərqləndirən iki əsas istiqamət mövcuddur:
Birinci istiqamət — Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumda mütəmadi iştirakı ilə bağlıdır. Prezident kimi eyni zamanda forumun prezidenti statusunu daşıyan İlham Əliyev burada müxtəlif ölkələrdən gəlmiş jurnalistlərlə açıq dialoqa girir, onların daxili və xarici siyasət, regional təhlükəsizlik və geosiyasi reallıqlar barədə suallarına ətraflı cavab verir. Bu, beynəlxalq media nümayəndələrinə Azərbaycanın mövqeyini birbaşa mənbədən öyrənmək imkanı verir və informasiya mənbələrinin şəffaflığı baxımından əhəmiyyətli presedent yaradır.
İkinci istiqamət — forumun müasir medianın tendensiyaları və yeni informasiya çağırışları ilə bağlı qlobal səviyyəli diskussiyalara ev sahibliyi etməsidir. Rəqəmsallaşma, süni intellektin mediaya təsiri, sosial medianın rolu, informasiya təhlükəsizliyi və media savadlılığı kimi məsələlər bu diskussiyaların əsas mövzularını təşkil edir. Bu istiqamət həm media tədqiqatçılarının, həm də praktik jurnalistlərin diqqət mərkəzində olan cari və aktual problemləri əhatə edir.
Nəticə etibarilə, Şuşa Qlobal Media Forumu həm yüksək səviyyəli siyasi dialoqu, həm də media sahəsində strateji tendensiyaların elmi və peşəkar müzakirəsini özündə birləşdirən unikal platformaya çevrilmişdir. Forumun bu ikili funksiyası — dövlət rəhbərliyi ilə açıq informasiya mübadiləsi və media gələcəyinin konturlarını müəyyən edən elmi-praktik debatlar — onu qlobal media kontekstində öncül mövqeyə çıxarır”.
"İki sahil" qəzetinin baş redaktoru, millət vəkili Vüqar Rəhimzadə: “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün ardınca “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumuna ev sahibliyi edən Xankəndi şəhəri özünün timsalında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərini, tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı digər reallıqları beynəlxalq ictimaiyyətə növbəti dəfə təqdim etdi. Dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönələn Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılan müzakirələr məhz medianın müasir çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib.
Forum iştirakçılarının çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyev öncə diqqəti Qlobal Media Forumunun ənənə halını almasına yönəldərək bildirdi ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir.
Ənənəvi keçirilən Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır. Dövlətimizin başçısının ünvanlanan suallara cavabları həm ölkəmiz, həm də region və dünyada baş verən hadisələrlə bağlı dolğun məlumatların əldə edilməsində zəngin mənbədir. Bu kimi tədbirlər, eyni zamanda, Azərbaycanın sabit, təhlükəsiz ölkə, əməkdaşlıq məkanı olduğunu bir daha nümayiş etdirir. Bu konteksdə diqqət göstərilən mühüm hadisələrdən biri kimi ötən ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransı oldu. Dövlət başçısı İlham Əliyev əsaslı şəkildə Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Yaşıl gündəliyimizin geniş olması ilə yanaşı, bu reallıq da xüsusi qeyd edildi ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Azərbaycanın yaşıl gündəliyi, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyi səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilir. COP29 bunun bariz nümunəsi oldu. İqlim konfransı bir daha Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu göstərdi. Birgə səylər əsasında hədəfə doğru inamlı addımlar qaçılmazdır.
Belə ki, Prezident İlham Əliyev bununla bağlı ünvanlanan suala cavabında qeyd etdi ki, Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək. Daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi nəzərdə tutulmur. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Ölkəmiz nəqliyyat və logistika infrastrukturuna çox fəal şəkildə sərmayə qoyur. Son illərdə milyardlarla dollar sərmayə yatırılıb. Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib. Onun yükqaldırma qabiliyyəti 25 milyon tona çatdırılır. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq.
Beynəlxalq əhəmiyyətli bu kimi tədbirlər Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Təbii ki, əməkdaşlıq əlaqələrinin inkişafında iqtisadi amil əsasdır. Dövlət başçısı İlham Əliyev sözügedən Qlobal Media Forumunda xarici sərmayələrin təşviqi baxımından hansı əlavə tədbirlərin görüləcəyindən, iqtisadiyyatımızda ən perspektivli sahələrdən, Azərbaycanın etibarlı tərəfdaşlarının hansı ölkələr və şirkətlər ola biləcəyindən danışdı. Regional əməkdaşlıq və inkişaf üçün prioritet layihələr də diqqətdə oldu. Xarici sərmayələri şərtləndirən amillər bir daha təhlil edildi. Dövlət başçısı İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, sabitlik və təhlükəsizlik əsasdır. Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz . Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır. Ölkəmiz bir daha təsdiqlədi ki, etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var.
Digər tədbirlərdə olduğu kimi, 3-cü Şuşa Qlobal Forumunda da Prezident İlham Əliyevin çıxışında, tədbir iştirakçılarının suallarına cavabında səsləndiyi hər bir fikir bugünümüzə və gələcəyimizə, qlobal problemlərin həllində birgə səylərə, əməkdaşlığa çağırışdır. İstər 30 illik işğal, istərsə də postmünaqişə dövrünün reallıqlarının təbliği üçün geniş imkanlar yaradan Forumda jurnalistin “Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavabında dövlət başçısı İlham Əliyev bildirdi ki, heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük.
Azərbaycan dövlətinin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz oldu. Heç vaxt işğalla barışmayacaq, bir qarış torpağımız belə düşmənə verilməyəcək, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Ədalətə və beynəlxalq hüquqa söykənən bu kimi bəyanatları xeyli sayda sadalamaq olar. Azərbaycan xalqı tam əmin idi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunacaq. Elə də oldu.
Prezident İlham Əliyev tarixi Zəfərə, suverenliyimizin bərpasına qədər keçilən yolu təhlil əsasında bir daha bu çağırışı etdi ki, heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq lazımdır. Bizim Qələbəmiz, ədalətli və tam qələbədir. Göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verə bilər.
Vüqar Rəhimzadə Azərbaycan həqiqətlərinin, dövrün çağırışlarının təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü önə çəkərək Prezident İlham Əliyevin mediamızın fəaliyyətini yüksək qiymətləndirdiyini də bildirib. “Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox” söyləyən dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. Prezident İlham Əliyev günümüzün bu çağırışını da diqqətə çatdırdı ki, Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə