Azərbaycançılıq və dini dəyərlər

Azərbaycanda ictimai şüurun formalaşması prosesində, xüsusilə, əxlaqi-etik normaların zənginləşməsində dinin müəyyən rolu olmuşdur. Heydər Əliyev milli ideologiya haqqında bəhs edərkən dinlə əlaqədar fikirlərini belə ifadə edir: "Biz müstəqillik əldə edəndən sonra islam dinini özümüzə qaytardıq. Yəni bu din insanların qəlbində həmişə yaşayırdı, ancaq rəsmi deyildi. Bu, rəsmi qayıtdı, bərpa olundu. Şübhəsiz ki, müqəddəs kitabımızda, "Qurani-şərif"də böyük əxlaqi normalar əks olunubdur. Onlardan səmərəli istifadə etmək lazımdır".

Dindən səmərəli istifadə etmək belə başa düşülür ki, bu dinə etiqad göstərən hər bir kəs onun qanunlarına, etik-əxlaqi normalarına hörmətlə yanaşmalıdır. Şərt onda deyildir ki, hər bir vətəndaş hökmən Quranı təhlil etməyi bacarmalıdır. Ancaq hər kəsin borcudur ki, dini ayinlərə hörmətlə yanaşsın, fanatizmə meyl göstərməsin. Dini dünyagörüş, şəriət qaydaları əsrlərlə insanların ictimai şüurunda özünə yer tapmış olduğu üçün qeyri - ənənvi dinlərə və ya təriqətlərə meyl göstərilməsin. İbadət yerlərinə, müqəddəs sayılan şəxsiyyətlərə və ziyarətgahlara ehtiram göstərilsin. Heydər Əliyev bütün bunları ümumiləşdirərkən öz fikrini cəmiyyətdə aydın dəlillərlə çatdırır: "Biz imkan verməməliyik ki, dini bəzi "şəxsi məqsədlər üçün istismar etsinlər. Buna imkan verməməliyik. Dinin ondan öz məqsədləri üçün istifadə etmək istəyən ayrı-ayrı adamların əlinə keçməsinə imkan verilməməlidir. Din həqiqi din xadimləri tərəfindən istifadə və tətbiq olunmalıdır. Burada da bizim görəcəyimiz işlər çoxdur və biz dini təbliğ edərkən müqəddəs islam dininin əxlaq normalarını ölkəmizdə vətəndaşların arasında geniş yayarkən, eyni zamanda, fanatizmə yol verməməliyik. Fundamentalizm, fanatizm heç də müqəddəs kitabımızın mənası deyil. Bu sonradan yenə də dindən istifadə edib öz siyasi məqsədlərinə nail olmaq üçün, yaxud da ki, öz dövlət işlərini qurmaq üçün yaranmış ayrı - ayrı istiqamətlərdir. Biz, Azərbaycanda buna yol verməməliyik".

Nəzərə almaq lazımdır ki, müasir dövrdə senzurasız ədəbiyyatın yayılması imkanlarından istifadə edən şəxslər və ya təşkilatlar islam dinini təbliğ etmək üçün saysız-hesabsız ünvanı, nəşr yeri, bəzən də müəllifi bilinməyən kitablar və kitabçılar çap etdirirlər. Bunların bir çoxu insanları haqqa, ədalətə, mənəvi kamilliyə dəvət etmək əvəzinə onlarda küskün, bədbin əhval-ruhiyyə yaratmağa meyllidir. Ona görə də xüsusən gənclər arasında azərbaycançılıq şüuru bazasmda maarifləndirmə işi aparılmalıdır. Heydər Əliyevin tövsiyə etdiyi kimi, gənclər dünyaya ayıq gözlə baxmalı, təşəbbüskar olmalı, həyati çətinliklərdən çıxış yollarını axtarıb tapmağa daim səy göstərməlidirlər. İslam dininə aid həqiqətlər isə birbaşa müqəddəs Quranda öz təsdiqini tapmışdır. Quran ilahi bir kitab kimi özündə üçölçülü məntiqin məhdətinin təcəssüm etdirir.

Zahiri məntiq - oxunanların başa düşülməsinə və onlara riayət olunmasına xidmət edir. Zahiri məntiq ayinlərin düzgün, dəyişdirilmədən öz norması hüdudunda yerinə yetirilməsini şərtləndirir.

Batini məntiq - dünya və axirət, bədən və ruh, işıq və qaranlıq, görünən və görünməyən kimi əksliklərin qarşılıqlı vəhdətidir. Batini məntiq bəşəriyyətin böyük kəşflərə nail olunmasının irfan qapısıdır.

Bəşəri məntiq - cəmiyyət həyatında əxlaqi-etik münasibətlərin, insanların hüquq və azadlıqlarının təminatçısıdırtəminatçısıdır. Bəşəri məntiq bütün əsrlər boyu cəmiyyətdə vacib olan həyat və məişət normalarının məcmusudur.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət–ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda ulu öndər gənclərimizi, xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsinin əhəmiyyətini xüsusi vurğulayırdı: “… Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən–nəsilə ötürmüşdür. Heydər Əliyev Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Rəşid Behbudova Sosialist Əməyi Qəhrəmanı adı verilməsinə nail oldu. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən keşməkəşli mərhələlərində belə mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək onlara həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Ulu öndər bu haqda demişdir: “Bizim xalqımız yüz illərlə, min illərlə adət ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik edərkən sovet rejiminin olduqca sərt xarakterinə baxmayaraq, milli ənənələrimizin qorunub saxlanması üçün böyük fədakarlıq göstərirdi.

Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir.

Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən, İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun xalqa mənən bağlılığını və İslami dəyərlərə sədaqətini göstərən parlaq dəlillərdır. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən, Qurban bayramının qeyd olunmasını rəsmiləşdirən ulu öndər demişdir: “Müsəlmanların böyük bir təntənə ilə, həmrəylik və qardaşlıq rəmzi ilə qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. Islamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızn öz milli və dini ənənələrinə sadəqətinin parlaq ifadəsidir”. Heydər Əliyev mürəkkəb struktura malik olan milli-mənəvi dəyərlər sistemində onun üç tərkib hissəsini xüsusi ilə qeyd edirdi: dil, din və adət-ənənə.

“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət–ənənələrini yaşatmalıyıq”, – deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi-dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

Ümummilli lider nəinki konsepsiyanı yaratdı, həm də çox böyük müdrikliklə, səbr və təmkinlə həyata keçirtdi. “…Fəxr edirəm ki, mən azərbaycanlıyam!” – deyən ulu öndər bütün həyatı boyu mənəvi- əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.

Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi, cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət, hər şeydən əvvəl, öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə, bəlkə də, maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərmağan edilməlidir.

Ulu öndər özünün mənəviyyatla bağlı məşhur 2001-ci ilin avqust bəyanatında milli mentalitetlə əlaqədar demişdir: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun büyük sərvətidir. Heç vaxt iki xalq bir–birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq İslam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir. Eyni zamanda, İslam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyərlərin tərkib hissəsi kimi insanların həyatında mühüm rol oynamışdır.

Xalqımızın mənəvi inkişafında, gənclərimizin əxlaqının formalaşmasında azərbaycanlıların ailə institutunun möhkəm təmələ söykənməsində İslamın rolu əvəzsizdir. İslam bütün müsəlman dünyası tərəfindən qəbul edilə biləcək vahid ilahiyyat konsepsiyası yaratmışdır. Islamın həyat qabiliyyəti dini sistem çərçivəsində müxtəlif nöqteyi- nəzərlərin yanaşı mövcudluğuna imkan verməsi ilə təmin olunur. Ulu öndər milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını qeyd etmişdir.

Vahid Ömərov f.ü.f.d. dos.

Bütün xəbərlər Facebook səhifəmizdə