1969-cu il 14 iyul: Milli intibahın başlanğıc tarixi - ŞƏRH

51 il öncə başlanan bu yol Ulu Öndərimiz Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olub

Tarix ən ədalətli hakimdir. Bu gün yaxın tariximizə diqqətlə nəzər yetirdikdə bugünkü inkişafımız, sabitlik və xoş güzəranımız üçün kimə borclu olduğumuzu yaxşı anlayırıq. Belə şəxsiyyətin siyasət meydanına çıxması böyük tarixi hadisə kimi daim yaddaşlarda yaşayır. 1969-cu il iyulun 14-ü ən yeni tariximizin məhz belə şərəfli, müqəddəs səhifələrindəndir. Müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı sayılan həmin gün böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün sözün əsl mənasında dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu.

Xalqın etimadını Ondan başqa heç kim doğrulda bilməzdi

Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxardı. Azərbaycanda Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılmış, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılmış, əhalinin rifahı xeyli yüksəlmiş, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçmiş, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görüldü. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə 581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və i.a. yaradılmışdır. 1970-ci ildən başlayaraq Azərbaycan sənaye məhsulunun artım sürətinə görə müttəfiq respublikalar arasında ən qabaqcıl mövqeyə çıxmışdı. Respublikada kənd təsərrüfatı və onun xam malını emal edən sahələr böyük sürətlə inkişaf edirdi. 1970-1982-ci illərdə kənd təsərrüfatı məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə artmışdı. Bütün bunlar inkişafın ümumiləşdirilmiş göstəricisi olan milli gəlirin sürətlə artmasına səbəb oldu.

Eyni zamanda, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin qətiyyəti, siyasi iradəsi hesabına gerçəkləşdi. Möhtəşəm fəaliyyəti ilə şöhrətlənən dahi Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Bütün bunlar isə 1969-cu il iyulun 14-dən başlanan şanlı Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürü idi.

51 il - Ulu Öndər Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu

Həqiqətən də, bu illərin heç birində O, xalqından ayrı, kənarda olmayıb. Və ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Ümummilli Liderimiz Heydər Əliyevdən, Onun böyük və müdrik rəhbər dühasından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib. Təsadüfi deyil ki, Azərbaycan xalqı 1993-cü ilin yayında müstəqil dövlətçiliyimiz, milli gələcəyimiz uçurumun kənarında dayananda, Azərbaycanı vətəndaş qarşıdurması, zülmət və parçalanma gözləyəndə, yenə də öz gerçək Liderinə - Heydər Əliyev müdrikliyinə üz tutdu. Bu, xalqın liderinin xalqın çağırışına səs verib, Onun hüzuruna qayıdışı idi. Bu, eyni zamanda, xalqın artıq qəribsədiyi güvənli, təhlükəsiz və arxayın həyata qayıdışı, sabaha inam və etimadının bərpası idi...

Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 51 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir. Həmin tarixdən 51 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir. Çünki bütün bunlar isə Ulu Öndərin əbədiyaşar təliminin həyati gücünün təntənəsidir, 1969-cu il iyulun 14-dən başlanan Heydər Əliyev epoxasının uğurlu davamıdır.

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...