Dağlıq Qarabağ və ona bitişik ərazilərdə ermənilərin ekoloji terroru

Dağlıq Qarabağ və ona bitişik ərazilərin özünəməxsus, təkrarolunmaz təbiəti vardır. Belə ki, uzun illər ərzində burada baş verən təbii və fiziki proseslər mövcud təbii amillərlə birləşərək rəngarəng fauna və flora müxtəlifliyini, onların vəhdətini yaratmışdır. Təbii şərait vətəbii komponentlərin vəhdəti aran və dağlıq ərazilərin birgə, qarşılıqlı ahəngdar mübadilədə olan mövcud ekoloji sistemini təşkil edir.

Azərbaycanın meşə ehtiyatlarının əsasını ermənilər tərəfindən işğal olunmuş ərazilərin meşə fondu tutur. Kütləvi şəkildə məhv edilən meşələrin min illər ərzində formalaşmış ekosisteminin məhvi bəşəriyyət və onun mövcudluğunu təmin edən təbiətə qarşı ermənilər tərəfindən törədilən ən böyük cinayətdir. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər meşələrdir. Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq yarımfabrikat şəklində xarici ölkələrə satırlar. Ermənilər meşələrin qırılaraq məhv edilməsinə hələ 1989-cu ildən başlamışlar. Ermənistanın işğalı altında olan meşələrimizdə 460-dan çox yabanı ağac və kol növləri bitir ki, bunların da 70-i endemik növlərdir və dünyanın heç yerində təbii halda bitmir. Təbii sərvətlərin ən maraqlı və mühüm tərkib hissəsi kimi qiymətləndirilən, öz bənzərsiz və diqqətə layiq zahiri görünüşü ilə nəzəri cəlb edən mühüm estetik, elmi və əməli əhəmiyyətə malik təbiət abidələri xüsusi əhəmiyyət kəsb edir. Onlar Yerin dərinliklərində və səthində müxtəlif vaxtlarda baş verən təbii hadisələrin canlı şahidləri olmaqla Yerin inkişaf tarixinin öyrənilməsində mühüm informasiya daşıyıcısı rolunu oynayır. Azərbaycan Respublikasının erməni silahlıları tərəfindən işğal edilmiş ərazilərində hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı, 3 dağdağan, 1 azat ağacı, 1 armud, 1 palıd və 1 saqqız ağacından ibarət 152 ədəd təbiət abidəsi olan pasportlaşdırılmış ağaclar qalmışdır. Azərbaycanın 20 000 növə qədər canlıdan ibarət fauna biomüxtəlifliyi 100 növ və yarımnöv məməli, 357 növ və yarımnöv quş, 124-ə yaxın növ və yarımnöv balıq (bunların 40-dan çoxu sənaye əhəmiyyətlidir), 67 növ və yarımnöv suda-quruda yaşayanlar və sürünənlər, 350 növ xərçəng kimilər, 15 min növə yaxın cücülərdən ibarətdir. Erməni silahlı qüvvə-ləri tərəfindən işğal olunmuş 20%-dən çox zəngin faunası ilə seçilən torpaqlarımızda Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş məməlilərin 4, quşların 8, balıqların 1, amfi-biya və reptillilərin 3, həşaratların 8, bitkilərin isə 27 növü, hazırda ermənilərin istifadə etdikləri əkin sahələrindən başqa bütün əkinə yararlı torpaqlar məhv edilmişdir.

Erməni işğalçılarının zəbt etdiyi rayonların ərazisində sünbülqıranlar və gəmiricilər həddən artıq çoxalmışdır. Əkilib-becərilməyən torpaqlarda yabanı bitkilər artdığından vəhşi heyvanlar, ilan, siçan, siçovul kimi gəmiricilər, ziyanverici həşəratlar həddən artıq çoxalmışdır və onlar ətraf ərazilərə, o cümlədən qonşu rayonların ərazilərinə yayılaraq təsərrüfatlara böyük ziyan vururlar. İşğal altında olan nəzarətsiz ərazilərdə bəşəriyyət üçün təhlükə mənbələrindən biri olan Metsamor AES-in radioaktiv tullantıları basdırılır, həmçinin narkotik bitkilər yetişdirilir və onların məhsulları gizli yollarla xarici ölkələrə ötürülür.

Qarsdan 100 km, İqdırdanisə 10 kilometr uzaqlıqda yerləşən, keçən əsrin 70-ci illərin texnologiyası əsasında inşa edilərək 1979-cu ildə istifadəyə verilmiş, 1988-ci il zəlzələsindən sonra ziyan dəyərək bağlanmış, 1995-ci ildən isə tam gücü ilə olmasa da, yenidən fəaliyyətə başlamış Metsamor AES bütövlükdə regionun ekologiyasını zəhərləyən infrastrukturdur. Onun təhlükəsizlik baxımından əsas problemi yerləşdiyi məkan və qəzalı vəziyyətdə olmasıdır. "Mestamor" Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini davam etdirməsi region üçün ciddi təhlükə törədir. Bu barədə millət vəkili, professor Musa Qasımlı "Metsamor"un istismar müddətinin uzadılmasına münasibət bildirərkən deyib.

M.Qasımlı qeyd edib ki, bu AES köhnə texnologiyalarla tikilib və öz istismar müddətini başa vurub: "Burada texniki qəzaların baş vermə mümkünlüyü yüksəkdir. Əgər hər hansı bir qəza olsa, region radiaktiv şüalanmaya məruz qala bilər".

Millət vəkilinin sözlərinə görə, digər tərəfdən, Ermənistan aktiv seysmik zonada yerləşir: "Əgər güclü zəlzələ olsa və atom elektrik stansiyası zədələnsə, bu, böyük bir faciəyə də yol aça bilər".

O bildirib ki, məsələnin başqa tərəfi də var: "Onun biri Araz çayına çirkli maddələrin axıdılmasıdır. Uzun illər boyu Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda Araz ayının çirkləndirilməsi, o cümlədən radiaktiv tullantılarla çirkləndirilməsi ilə bağlı ehtimalların çox olduğunu bildirir".

Millət vəkili əlavə edib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda zərəli maddələrin basdırılması ehtimalı var: "Həmin ərazilər nəzarətsiz ərazilərdir və Ermənistan tərəfi həmin ərazilərdə radiaktiv tullantıları basdıra bilər".

M.Qasımlı vurğulayıb ki, Ermənistan bir dövlət olaraq nüvə təhlükəsizliyinin qorunmasına yardım etmir, əksinə, buna təhdiddir.

Son 200 ilərzində Qafqazda baş vermiş15-dən çox katastro-fik vədağıdıcı zəlzələlərin nəticəsində 200 mindən artıq insan həyatını itirmiş, böyük maddi itkilər əmələ gəlmişdir. Dünyanınən təhlükəli 5 nüvə stansiyasından biri sayılan Metsamor AES-dən radiasiya sızması ilə bağlı aparılan araşdırmalar sübut edib ki, həqiqətən də həmin stansiyadan insan sağlamlığını təhdid edən səviyyədə ətrafa nüvə axını vardır. Təbiət və təbii sərvətlərə mənfi münasibət XX əsrdə daha da artaraq ən yüksək həddə çatmışdır və bunun nəticəsində ətraf mühitin biotik (canlı) və abiotik (cansız) amilləri güclü antropogen təsirə məruz qalmış, bir çox bitki və heyvan növləri (biotlar) məhv olmuş və ya kökü kəsilmiş, bəziləri isə məhv olmaq ərəfəsində olduğundan "Qırmızı kitab"lara düşmüşdür. Bu proses yenə də davam edir. Statistikaya görə Yer kürəsində əvvəllər hər 100 ildə yalnız bir növ biot məhv olurdusa, hazırda 1 saat ərzində 50 növ məhv olur. Müharibə təkcə insanlar üçün deyil, həm də təbiət üçün öldürücü bir amildir. Müharibələrin ətraf mühitə təsiri insanın təbiətə təsirinin güclü və ən çirkin formasıdır. Ermənistanın işğalı altında olan ərazilərdə vahid ekosistemin dağılma prosesinin getməsi və bu prosesin beynəlxalq ekoloji təşkilatların nəzarətindən kənarda qalması bölgədə böyük fəlakətin başlanğıcını qoymuşdur. Ekoloji problemlər dünyanın hər yerində qlobal məsələ kimi müzakirə olunur və həyəcan təbili çalınır. İşğal olunmuş Azərbaycan ərazilərində erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır. Hazırda ətraf mühitin mühafizəsinin müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcuddur. Ancaq beynəlxalq təşkilatlar ermənilərin Azərbaycan təbiətinə vurduğu ziyanın qarşısını almaq üçün nəinki ciddi işlər görür, əksinə buna göz yumurlar. Azərbaycan Respublikasının işğal altındakı ərazi-lərindəki təbii sərvətlərimizin talanmasının qarşısının alınması üçün əsasən diplomatik kanallardan istifadə edilir ki, bu da çox yüksək effektli deyildir. Belə ki, Azərbaycan tərəfindən hansısa xarici ölkədə qeydiyyatdan keçmiş şirkətin işğal edilmiş bölgələrdə fəaliyyəti qeydə alındıqdan sonra həmin ölkəyə verilən notaya cavab olaraq bildirilir ki, söhbət özəl şirkətdən getdiyi üçün onların fəaliyyətinə müdaxilə etmək mümkün deyildir. Odur ki, işğal edilmiş ərazilərdə talançılıq fəaliyyəti göstərən şirkətlərlə bağlı sübutlar toplanılmalı və Azərbaycana vurulmuş zərərlərin məbləğini müəyyən etməklə beynəlxalq məhkəmə instansiyalarına müraciət edilməlidir. Ermənistanın Azərbaycanın ətraf mühit və təbii sərvətlərinə vurduğu zərərlərin hesablanması olduqca vacibdir və erməni silahlı qüvvələrinin işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə 9 İşçi Qrupu Azərbaycan Respublikasına dəymiş yekun zərərlərin müəyyənləşdirilməsi üçün müvafiq dövlət qurumları ilə birlikdə ciddi səylə çalışır. Bu olduqca çətin və şərəfli bir işdir və ciddi uğurların əldə olunması üçün hər bir kəsin bilik və bacarığını səfərbər etməsi gərəkdir. Ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərə görə Ermənistan tərəfi kompensasiya ödəməyə borcludur.

Belə ki, beynəlxalq hüquqa əsasən zərər çəkmiş dövlətə dəymiş real ekoloji zərərlərə görə kompensasiyanın ödənilməsi zəruri hesab olunur. Nəzərə almaq lazımdır ki, dövlətlərin məsuliyyəti haqqında "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" Konsepsiyasınin 36-cı maddəsinə aid şərhin 15-ci bəndində qeyd olunur ki, miqdar cəhətdən hesablanması çətin olsa da hərdən "utilitar əhəmiyyət daşımayan dəyərlər" adlanan bioloji rəngarənglik, təbii landşaftın gözəlliyi və s. kimi ekoloji dəyərlərə vurulmuş faktiki zərər heç də əmlaka vurulmuş zərədən az real deyildir və bu zərər təcavüzkar tərəfindən ödə-nilməlidir.

Ramil CƏBRAYIL. “Qarabağın sərvətlərinə və ekologiyasına vurulan zərərlərin son hesabatı” mövzusunda tədbir. http://lacin.info/xeber/xmanset/2582-facebook-google-myspace

Beynəlxalq hüquqda bu sahəyə aid normaların formalaşması və inkişafı Küveytə qarşı təcavüz nəticəsində vurulmuş zərərin İraq tərəfindən ödənilməsinə dair məsələlərin həllində BMT Təhlükəsizlik Şurasının və BMT Kompensasiya Komissiyasının fəaliyyəti ilə bağlıdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının 3 aprel 1991-ci il tarixli 687 saylı qətnaməsinin 16-cı bəndində qeyd edilir ki, Küveytə hüquqazidd təcavüz və onun işğalı nəti-cəsində meydana gəlmiş bütün itkilərə, o cümlədən ətraf mühitə vurulmuş zərərə və təbii resursların azalmasına görə beynəlxalq hüquq üzrə İraq dövləti məsuliyyət daşıyır.

Bu qətnaməyə əsasən BMT-nin Kompensasiya komissiyası konkret olaraq, "ətraf mühitə vurulmuş zərər və təbii resursların azalması" anlayışlarını əhatə edən zərərin müxtəlif növlərini göstərdi. Azərbaycan dövləti işğal edilmiş ərazilərin sülh yolu ilə azad olunması və işğalın nəticələrinin aradan qaldırılması üçün bütün sferalarda fəallıq göstərsə də Ermənistanda hakimiyyətdə olan faşist rejim və himayədarları işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasına mane olurlar. Amma özlərini və Ermənistanı ağır duruma salan bu mənfur rejim bilməlidir ki, əslində torpaqlarımızdan çıxmadıqca Ermənistanı daha da ağır fəlakətlərə sürükləyirlər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dediyi kimi - "… Ermənistanın havadarları - onlara ən çox dəstək verən dairələr, xarici olkələrin dairələri, o cümlədən erməni diasporu - onlar başa düşməlidirlər ki, bu gün Ermənistan üçün çox böyük problem yarana bilər. Əgər o, öz öhdəliyini yerinə yetirməsə, əgər beynəlxalq təşkilatların qərarlarını icra etməsə, torpaqlarımızı boşaltmasa, onların axırı çox ağır ola bilər...".

Vahid Ömərov,

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...