Dərdin daha ağırını yaşamaq da varmış…

Dərmanı tapılmaz, dərdi bilinməz,
Sağalmaz yaradı - qardaş ölümü.
Dünyanı dolanıb gəzsən nə qədər,
Tapılmaz çaradı - qardaş ölümü.

Ürəyindən şirə çəkib, yetişən,
Nə sağalan, nə kəsilən, bitişən.
Köksünü göynədib, qəlbinə düşən,
Silinməz qaradı - qardaş ölümü.

Qardaş dərdi yaman ağır olur bacılar üçün. Bu dərdi də çəkdik. Neçə günlərdir yer tapa bilmirik. Neçə gündür qardaşı deyib döyünürük. Ancaq fələk isə elədiyini etdi. Qardaşımızı biz bacılardan aldı. Amansızcasına aldı. Qoymadı ki, gəlib əlimiz əlinə, gözümüz gözünə baxa. Nə çətin hal imiş qardaş itkisi. Nə çətin imiş qardaşı qara daşa dönən bacıların dərdi. Qardaşı qara daşa dönən bacılara biz bacılar qurban. Laylay qardaşım laylay. Sözü ilə söz tutulan, sözü ilə söz pozulan, dağ olub dalımızda duran qardaşım laylay. «Qardaş deyəndə dilim yandı» deyən bacılar ağlasın. Ölümünlə saldın bacılarını dərdə, ay qardaş. Ay qurban sənə olsun bacıların, axı sən beş bacının bir qardaşı idin. Hamı qardaşından danışanda biz də fəxrlə «Qardaşımız var» deyirdik. Sən hamının qardışı idin, ürəyi təmiz, könlü tox, mərd qardaşımız idin. Dörd gündür ki, bizi tərk etmisən. Axı ata-anamızdan sonra son ümidimiz sən idin, ay qardaş, niyə getdin uzağa... Sən, beş bacının yeganə qardaşı, ümidi idin. Sənin yoxluğuna inanmırıq, ay qardaş. Sənə “əlvida” da deyə bilmirik gözümüzün işığı. Səni sevmək, əzizləmək demə az imiş. Səni qorumaq da lazım imiş. Sən həyata qarşı çox bədbin idin. Ailə də qurmadın. Ona görə də həmişə deyirdin: “Tək gəlmişəm bu dünyaya, tək də gedəcəm”.

Biz bacıların dərdi bir də ona görə böyükdü ki, əfsus, bir nişanən də qalmadı, heç olmasa ona baxıb, təskinlik tapaq...

Sən, həyata “əlvida” deyib, ömrünü tapşırdın. Ruhun göylərə uçdu... Amma sənin beş yetim bacıların, qohumların, dostların, tay-tuşların sənin yoxluğuna heç cürə inana bilmir... Bizə «əlvida» dediyin günü hamı sənin xeyirxahlığından, böyük ürəyindən, insanlara yalnız yaxşılığından, mərdliyindən, bacılarına bağlılığından, yaraşdığından danışıb, göz yaşları tökürdülər... Axı sən, üzərində gəzdiyin torpağın da üstünə ayaqlarını ehtiyatla qoyurdun ki, birdən torpaq səndən inciyər... Bəs sən bizə niyə qıydın qardaş?.. Niyə hər şey birdən-birə alt-üst oldu? İndi başa düşürəm ki, bu dünyanın bütün naz-neməti, var-dövləti sənin bir baxışına, bir təbəssümünə dəyməzmiş, qardaşım...

Gec də olsa, biz bacılar böyük ümüdlə yaşayırdıq. Sən bizi həyatda ümidsiz qoydun. Sən bilirdin ki, anamızın, atamızın qəlbində yanar bir çıraq idin. Bəs niyə o çırağı söndürdün? Niyə özünü qorumadın?..

Ağladır dərd bizi boğur bu qəhər,
Zalım fələk zülm olmaz bu qədər
Sınıq ürəyimin sözüsən qardaş.
İşıqlı dünyamın, közüsən qardaş.

Axı sən niyə belə elədin? Niyə bizi gözü yaşlı qoydun, ay qardaş?

Deyir əri eldən taparlar, oğulu beldən alarlar, bəs qardaşı hardan alarlar? Dağlarda dağım qardaş, bağlarda bağım qardaş, sərin yaylağım, qaranlıq yollarımın işığı qardaşım lay-lay. Ay qardaşını itirən bacılar, səsinə həsrət qalan bacılara qurban, biz bacılar. Yalvarmaq istəyirəm: ay qardaş, axı biz səndən doymadıq. Sinəmizdə qardaş həsrəti bizi yandırır, heç nə ilə təsəlli tapa bilmirik. Yermiz od tutub yanır.

Yatma bu quru yerdə, dur gedək, qardaş
Salma bizi dərdə, dur gedək, qardaş

Ancaq neyləyək ki, özün əbədi yerini seçdin, ölümünlə öldürdün bizi. Ömürlük dərd verdin.
Allah sənə rəhmət eləsin, qardaş, yerin cənnət olsun, məzarın nurla dolsun, təmiz qəlbli qardaşım!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...