Münaqişənin həllinə ikili yanaşma ədalətsizliyin təzahürü

və Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı əhatə edən münaqişə də daxil olmaqla, ATƏT ərazisindəki uzanan münaqişələrin həll edilməsinin regionda davamlı sülh və inkişafın bərqərar olunması üçün əsas şərtlərdən biridir. Bu münaqişənin həlli bazasını BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsi və ATƏT PA bəyannamələrinin təşkil edir. Ümumiyyətlə, ATƏT-ə üzv olan dövlətlərin ərazisindəki bütün münaqişələrin həlli məsələsi istisnasız olaraq ATƏT və onun Parlament Assambleyasının gündəliyinin prioritetləri sırasında olmalıdır. Bununla bərabər, ATƏT-in müvafiq sənəd və qərarlarına uyğun olaraq, ATƏT-in bütün prinsip və öhdəlikləri uzanmüddətli münaqişələrə münasibətdə bərabər və qəti şəkildə tətbiq edilməlidir.

Bu məsələyə dair fərqli yanaşma irəli sürmək güc tətbiqinin beynəlxalq hüquq normalarından üstün olmasının tanınması və ATƏT-in prinsip və öhdəliklərinin pozulması nəticəsində yaranan vəziyyətin qəbul edilməsi mənasına gətirib çıxarır. Xatırlatmaq istərdim ki, bu münaqişəyə dair belə formatda istinad BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə də tam uyğunluq təşkil edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ayrı rayonundakı münaqişənin adının dəyişdirilməsini qəbuledilməzdir və heç bir halda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması və tərəflərin yaxınlaşması məqsədlərinə xidmət etmir.

ATƏT-in Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı münaqişəyə dair 1992-ci ildə qəbul etdiyi qərarına və münaqişənin adını "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə" kimi göstərən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinə uyğundur. 1992-ci ilin mayından 1993-cü ilin dekabrına qədərki dövrdə Ermənistan-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən yeddi rayonu da əhatə edərək geniş miqyaslı müharibəyə çevrilib. Azərbaycan rayonlarının işğalından sonra BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı vəziyyətlə bağlı narahatlıq ifadə edən qətnamələr qəbul etmiş, Azərbaycan ərazilərinin işğalını pisləmiş və erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb etmişdir. 1993-cü ildən etibarən biz bu münaqişəni yalnız Dağlıq Qarabağ münaqişəsi adlandırmaq olmaz., Ona görə ki bu münaqişə bölgənin hüdudlarından kənara çıxmışdır və bununla da, işğal edilən və münaqişədən zərər çəkən ərazilərin sahəsi və əhalisi Dağlıq Qarabağdan bir neçə dəfə çox olmuşdur. Zorla doğma torpaqlarını tərk etməli olmuş azərbaycanlılarla birlikdə Dağlıq Qarabağ bölgəsi əhalisinin sayı 180 min, ərazisi isə 4,4 min km2 təşkil etdiyi halda, adını çəkilən 7 rayonun əhalisinin sayı 850 min, ərazisi isə 11 min km2 təşkil edir.

BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələri, eləcə də ATƏT-in qərarlarında təsbit olunduğu kimi, Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq hüquq normalarına uyğun olaraq, işğal müvəqqəti bir haldır və suverenliyin daimi pozulmasına gətirib çıxara bilməz.

Məlum olduğu kimi Madrid prinsiplərində aşağıdakılar nəzərdə tutulur: 1) Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması; 2) Dağlıq Qarabağa onun təhlükəsizliyinə zəmanəti və özünüidarəni təmin edən aralıq status verilməsi; 3) Ermənistanı Dağlıq Qarabağ ilə əlaqələndirən dəhlizin təmin edilməsi; 4) Zəruri hüquqi qüvvəyə malik olan iradəsini bildirmək yolu ilə Dağlıq Qarabağın gələcək qəti hüquqi statusunun müəyyən edilməsi; 5) Bütün daxili köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qaytarılması və 6) Təhlükəsizliyə beynəlxalq zəmanətlər və sülhyaratma əməliyyatlarının aparılması.32 Madrid prinsipləri mahiyyət etibarilə münaqişənin nizamlanmasına doğru mərhələli hərəkət – bir növ “yol xəritəsi”dir. Bu prinsiplər razılaşdırılandan sonra tərəflər sülh müqaviləsi üzərində işə başlaya bilərlər.

Akademik Ramiz Mehdiyev ikili standartları kəskin tənqid edərək yazır:”Madrid prinsipləri çərçivəsində Azərbaycan tərəfinin konstruktiv yanaşması birinci mərhələdə münaqişənin nəticələrinin aradan qaldırılması, yəni, Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonların tədricən azad edilməsi və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması deməkdir. Təbii ki, işğal olunmuş ərazilərin azad edilməsi ilə eyni vaxtda Dağlıq Qarabağın erməni icması üçün və işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar üçün təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər görülməlidir. Azərbaycan Naxçıvana kommunikasiyaların açılması ilə birlikdə Dağlıq Qarabağın Ermənistanla yerüstü əlaqəsinin təmin edilməsi problemini də konstruktiv və beynəlxalq normalar ruhunda nəzərdən keçirməyə hazırdır. Üstəlik, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad edilməsinə başlanması sərhədlərin açılması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və Ermənistanın regional infrastruktur layihələrinə cəlb edilməsi ilə bağlı digər proseslər üçün də katalizator ola bilər.

Rəsmi Bakının yanaşmasında yalnız bu proseslər başa çatandan və qarşıdurmanın kəskinliyi azalandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu dialoqu çərçivəsində regionun gələcək statusunun müəyyən edilməsi üzrə siyasi-hüquqi proses başlana və yalnız bu proses nəticəsində qəbul edilmiş qərarlar həm Ermənistanda, həm də Azərbaycanda legitim hesab edilə bilər.

Bu baxımdan, son dərəcə vacib hesab edirik ki, həmsədrlər müvafiq təhlükəsizlik tədbirləri görülməsi müqabilində Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin qeyd-şərtsiz qaytarılmasının zəruriliyini rəsmən etiraf etsinlər. Yeri gəlmişkən, bu məsələ ATƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərarlarında öz əksini tapıb. Bu aşkar faktın ABŞ, Rusiya və Fransa tərəfindən birgə tanınması Ermənistan tərəfindən qeyri-konstruktiv manevrlər məkanını xeyli məhdudlaşdırar və heç şübhəsiz, danışıqlar prosesinin intensivləşməsinə şərait yaradardı.

Bununla əlaqədar, qanuni bir sual yaranır: beynəlxalq vasitəçilər nəyə görə bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onun sərhədlərinin toxunulmazlığını dəstəkləyir, amma digər tərəfdən, Ermənistan barəsində heç bir təsirli tədbir görmür, yalnız bunu bəyan edirlər ki, Azərbaycan və Ermənistan müstəqil surətdə qarşılıqlı məqbul kompromislərə nail olacağı halda beynəlxalq vasitəçilər münaqişənin dinc yolla nizamlanmasının qarantları olmağa hazırdırlar. Bəzi ekspertlər bu suala cavab verməyə çalışaraq ATƏT-də (bu gün həmin münaqişənin nizamlanması üçün mandata malik olan yeganə beynəlxalq təşkilatda) qərarlar qəbul edilməsinin konsensus xarakterinə istinad edirlər, bu isə münaqişənin nizamlanmasına qarşıdurma vəziyyətində olan tərəflərə vasitəçilərin “qəbul etdirməyə” cəhd göstərə biləcəyi vahid yanaşma hazırlanmasını faktiki olaraq qeyri-mümkün edir.

Lakin qeyd etmək lazımdır ki, ATƏT-in çətinlikləri qərarlar qəbul edilməsinin konsensus xarakterindən daha çox, Helsinki Yekun Aktının və ATƏT-in digər əsas sənədlərinin müddəalarının şərhi məsələlərində aparıcı aktorların qarşılıqlı anlaşmaya nail ola bilməməsi ilə bağlıdır. Məsələn, Müdriklər Qrupunun Ukrayna böhranı haqqında aralıq məruzəsində qeyd edilir ki, ATƏT-in üzvü olan ölkələrin orada baş verən hadisələr haqqında ziddiyyətli təsəvvürləri təhlükəsizliyin bölünməzliyi ideyasını sarsıdır, təhlükəsizlik və əməkdaşlıq məsələlərində konsensusun olmaması ATƏT-i bir təşkilat kimi zəiflədir.33 Təəssüflə qeyd etməliyik ki, Avropa dövlətləri ərazi bütövlüyünün prioritetinə birmənalı şəkildə riayət olunmasının zəruriliyini qəbul etmək üçün Ukrayna hadisələrini gözləməli olub.

Digər tərəfdən, məhz Qərb ölkələrinin, ilk növbədə, ABŞ-ın mövqeyi “Kosovodan sonrakı dünya”nın yaranmasına imkan verib, burada “ikili standartlar” faktiki olaraq, istisna deyil, beynəlxalq münasibətlərin əsas qaydasına çevrilib. Mən postsovet məkanında münaqişələrə münasibətdə ərazi bütövlüyü prinsipinin tətbiq edilməsi kontekstində Qərbin ikili mövqeyi barədə yazmışam.34 Bəzi Avropa ölkələrində, xüsusən İspaniyanın Kataloniya bölgəsindəki hadisələrdən sonra təcavüzkar etnik separatizm təzahürləri ilə bağlı təhlükəni yaxşı başa düşürlər, “Qərb dövlətləri dünya miqyaslı məsələlərdə hüququn aliliyini “siyasi məqsədəuyğunluqdan asılı olaraq müəyyən edilən və ikili standartlar nümunəsi olan qaydalara əsaslanan hansısa “nizam” ilə əvəz etməyə çalışırlar”. ABŞ Prezidenti D.Trampın Suriyanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsi olan Colan təpələri üzərində İsrailin suverenliyini birtərəfli şəkildə tanımaq qərarı bu cür yanaşmaya parlaq nümunə ola bilər.

Heç də təsadüfi deyil ki, D.Trampın bir çox ölkələr tərəfindən pislənmiş bu qərarını Ermənistanda beynəlxalq münasibətlərdə sərhədlərin toxunulmazlığı və bütövlüyü prinsipinin “yerində yaranmış vəziyyət və yerində baş vermiş fakt” prinsipi ilə əvəz edilməsi prosesinin başlanğıcı kimi qiymətləndiriblər. Qeyd edək ki, ermənilər tərəfindən Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi zamanı ən əsas arqument və Azərbaycana əsas təzyiq vasitəsi kimi bədnam “hərbi-siyasi reallıqlar” (yəni, işğal edilmiş ərazilər) amilindən istifadə etmək cəhdi atəşkəs rejimi haqqında sazişin imzalanmasından dərhal sonra başlayıb.

Ədalət naminə qeyd edilməlidir ki, bu təzyiqə baxmayaraq, qondarma “ikinci erməni dövləti”nin beynəlxalq miqyasda tanınması haqqında məsələ heç vaxt praktiki müstəvidə qoyulmayıb. Bir məsələni anlamaq olmur: əgər Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımağa cəsarət etmirsə, beynəlxalq birlik isə bunun heç vaxt baş verməyəcəyini çoxsaylı qətnamələr vasitəsilə birmənalı şəkildə göstərirsə, onda hansı tanıma haqqında söhbət gedə bilər! Təsadüfi deyil ki, Paşinyanın şəxsində yeni erməni dövləti bunu başa düşərək uydurma bəhanələrlə qondarma rejimin nümayəndələrini danışıqlar prosesinə cəlb etməyə çalışır.

Təəssüf ki, erməni tərəfi danışıqlar prosesinin artıq uzun illər “hər şey, yaxud heç nə” prinsipinə əsaslanmasından istifadə edərək, nizamlamanın mahiyyətini faktiki olaraq Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsindən, özü də Azərbaycanın tərkibindən kənarda müəyyən olunmasından ibarət hesab edir. Bununla belə, Ermənistanın istinad etdiyi xalqların öz müqəddəratını təyin etmək hüququ özbaşınalıq və sərhədləri öz istədiyi kimi dəyişdirmək hüququ demək deyildir. Əks təqdirdə, dünyada milli azlıqlar olmazdı, çünki onların hamısı, hətta ən azsaylı olanları da öz müqəddəratını təyin etmək hüququndan istifadə edər, özlərini dünya birliyinin müstəqil subyektləri elan edər və beynəlxalq miqyasda tanınmalarını istəyərdilər. Ermənistan bununla barışmalı olacaq ki, Dağlıq Qarabağın erməni əhalisi kimi milli azlıqların öz müqəddəratını təyin etməsi yalnız beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla mümkündür.

Əlavə edək ki, Dağlıq Qarabağ ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də Azər-baycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Onlar öz bəyanatlarında Xankəndinin erməni adı ilə yanaşı, tarixi adından da istifadə edir, təkcə Dağlıq Qarabağın erməni icmasının faktiki liderləri ilə deyil, həm də Azərbaycan icmasının rəhbərləri ilə görüşlər keçirir və Azərbaycan ərazisindən regiona səfərlərini “sərhədin deyil, qoşunların təmas xəttinin keçilməsi” adlandırırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağ “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” kimi göstərilir. Başqa beynəlxalq təşkilatların sənədlərində də analoji ifadələrə rast gəlmək olar".

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə