Qürurumuz, iftixarımız – Azərbaycan BAYRAĞI

Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.

Heydər Əliyev

Bayraq qürurumuz, iftixar hissimizdir. Bütün zirvələrdən, yüksəkliklərdən uca olan dövlət bayrağımız hər bir insanın vətəndaşlıq qürurudur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir". Müasir dünyada müstəqil Azərbaycan dövlətinin rəmzləri onun dövlətçilik əlaməti olmaqla yanaşı, ölkənin tarixi keçmişindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğunu əks etdirir.

Azərbaycan Respublikasının dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağı siyasi-ideoloji və mənəvi baxımdan əhəmiyyətlidir. Göy, qırmızı, yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan Azərbaycan Bayrağı tarixin bu günü - 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 71 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Düz 71 il sonra Ümummilli Lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırıldı. 1990-cı illərin çətin, ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilib. Qeyd etdiyimiz kimi, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar Ümummilli Lider bu barədə deyirdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı".

BAYRAĞIMIZ ÜZƏRİNDƏKİ HƏR BİR RƏNG AZƏRBAYCAN TARİXİNDƏN DANIŞIR

Bayrağımızda olan hər bir rəng Azərbaycan xalqına məxsus dəyərləri özündə ehtiva edir. Göy rəng, Azərbaycan xalqının türk mənşəli olmasını göstərir, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni və inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə, islam sivilizasiyasına və islam dininə mənsubluğun göstəricisidir. Demək, bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixindən danışır. Bayrağımız qürur mənbəyimizdir və and yerimizdir. Müqəddəs varlıq olan üçrəngli bayrağımıza and içirik. Bu gün hər bir Azərbaycan vətəndaşının üzərində ciddi mənəvi məsuliyyət var. Hər bir vətəndaş bu yükü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. Azərbaycan xalqının türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoluna çevrilən, azadlıq eşqimiz olan üçrəngli bayrağımız bu gün göylərə yüksəlib.

Ölkəmizdə qürurverici bir haldır ki, Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncamı ilə Dövlət Bayrağı Günü ölkəmizdə 9 noyabr tarixində qeyd olunmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın yüksəklikdə dalğalanmasına sədd qoyulsa da, bu, xalqın təfəkküründə dərin iz salmışdır. Hər kəs bu böyük amalla Azərbaycan Bayrağının vətən torpağında dalğalanması arzusu ilə yaşamışdı. İllər uzunu müstəqilliyə doğru gələn yolda Azərbaycan Respublikasının üç rəngli bayrağı ikinci dəfə qaldırıldı. Ulu Öndər Heydər Əliyev deyirdi: "Gərək hər bir evdə Azərbaycan Bayrağı olsun, hər bir ailə Azərbaycan Bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

BAYRAQLARI BAYRAQ YAPAN ÜSTÜNDƏKİ QANDIR…

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu və rəmzi kimi təsdiq olunub, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəmzlərinə böyük diqqət göstərir. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. "Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bu gün Azərbaycanın hər bir yerində dalğalanan Dövlət Bayrağının Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra işğal altında olan torpaqlarda qaldırılacağına əminliyini bildirib: "Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

Bu gün Azərbaycan Ordusunun sahib olduğu güc də Onun bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o bayrağa sarılaraq şərəfli mübarizəyə qoşulur, Vətənin azadlığı uğrunda övladını qurban vermiş valideynlər şəhid cənazəsinə bükülmüş müqəddəs bayraqla təskinlik tapırlar. "Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, vətəndir". Budur, bayrağın müqədəsliyi və bayrağımıza olan sevgi.

Müasir dövrümüzdə Dövlət Bayrağımız dünyanın müxtəlif ölkələrində dalğalanır. Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Mötəbər mərasimlərdə və yarışlarda Azərbaycan Bayrağının dalğalanması hər kəsdə qürur doğurur. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar və azadlığın dərin hisslərini yaşadır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə