Tahir Əmiraslanov: “Həmişə yoldaşıma deyirdim ki, sənin bişirdiyin zəhər də olsa mənim üçün şirindir”- MÜSAHİBƏ
Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun SİA-ya müsahibəsi:
- 2011-ci ildə Azərbaycan kulinariyasının tanıdılmasında bizi nələr gözləyir?
- Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təntənəli şəkildə Novruz bayramı qeyd olunacaq. Keçən il olduğu kimi bu il də bölgələrimizin Novruz bayramında bişirdikləri yeməklərimiz nümayiş olunacaq. Novruz bayramı nəinki Azərbaycanda, həmçinin Birləşmiş Millətlər Təşkilatının qərarı ilə Vaşinqtonda və digər xarici ölkələrdə təntənəli şəkildə qeyd ediləcək. Bununla yanaşı, bu il Azərbaycan Milli Kulinariya Mərkəzinin 20 illik yubileyidir. Artıq nazirlikdən xəbər gəlib ki, bununla bağlı hazırlıq işləri başlayıb. İslam mətbəxi kulinariya festivalının keçirilməsi də planlaşdırılır. Bu festival ki ildən bir təşkil olunur.
- Bildiyimiz kimi, bu il Prezident tərəfindən "Turizm ili" elan edilib, bunun mətbəxlə əlaqəsi necə olacaq?
- İlham Əliyev 2011-ci ili "Turizm ili" elan edib. Bildiyimiz kimi də turizmin ən böyük infrastrukturlarından biri də kulinariyadır. Buna görə də ölkələrə məsləhət verirəm ki, milli mətbəxlərinə fikir versinlər. Turistlər gündə ən azı 3 dəfə yemək yeməlidir. Təsəvvür edin ki, ölkəmizə gələn turistlər yeməklərdən zəhərlənib ölə bilərlər. Bundan istifadə edən ermənilər və digərləri bu xəbərləri öz saytlarında yerləşdirib bizi pis vəziyyətdə qoya bilərlər. Məhz buna görə də bu sahəyə həddindən artıq diqqət yetirmək lazımdır.
- Mövcud restoranlarımız standartlara cavab verə bilirlərmi?
- Azərbaycanda mövcud olan restoranların tikinti standartları ya yoxdur ya da ki, onlara riayət olunmur. Çünki elə adlı sanlı restoranlar tanıyıram ki, orada yalnız bir giriş var. Onu da qeyd edim ki, Azərbaycanda standart reseptura məcmualarından istifadə olunmur. Bizim müdafiə etdiyimiz və təbliğatını apardığımız televiziyalar bu gün təəssüf ki, savadsız verilişlərlə dağıdırlar. Dünyanın ən geridə qalmış ölkələrində belə reseptura standartları var. Bu məcmualardan restoranlarımızda istifadə olunmur. Bir çox restoranlarımızda normativlərə belə əməl olunmur. Təəssüflər olsun ki, nə restoran sahibləri, nə üzdə olan sahibkarlar, nə də ki orada çalışan işçilər müvafiq savada və biliyə malik deyillər. Həmin sənədsiz insanlar da gələcəkdə pensiya almaq da çox çətinlik çəkəcəklər.
- Aşbazların bu sahədə məktəb keçməsinə ehtiyac varmı?
- Bu yaxınlarda bir verilişdə oldum. Oradakı aşbazların heç birinin baza təhsilinin olmadığını müşahidə etdim. Avropa ölkələrinin heç birində baza təhsili olmayan bir insan qida müəssisəsinə buraxılmır. Dünyanın heç bir yerində aşbazların və həkimlərin qiyabi təhsil sistemi yoxdur. Çünki bu sahələr çox ciddidir. Hətta deyə bilərəm ki, həmin aşbaz 500-1000 nəfərlik restoranın baş aşbazı idi, ancaq savadı yoxdur. Onlar sübut etmək istəyirlər ki, aşbazlıq ancaq praktika ilə ola bilər. Onlardan həkim nəzarətindən keçib- keçmədiklərini soruşduqda bunun əhəmiyyət kəsb etmədiklərini bildirdilər. İndiki zamanda həkimlərin nəzarətdən keçməkdənsə, gedib pul verib möhür vurdururlar. Onlar düşünmürlər ki, həkim yoxlamasından keçmədən aşbaz işləyirlərsə, deməli xəstəlik yaya bilərlər. Həmin xəstəliklər də kütləvi zəhərlənmələrə gətirib çıxara bilərlər. Ölkəmizdə belə hallar çox olub. Onların bəzilərini ört-basdır edib, bəzilərini də sahibkarlara xeyir deyil deyə müalicələr etdirib yola verirlər. Son zamanlar kütləvi zəhərlənmələrin sayı çoxalıb. Bütün bu olanları mütləq aradan qaldırmaq lazımdır. Çünki belə mənfi hallar həm ölkəmizdə yaşayan əhalimiz, həm də turizm üçün çox təhlükəli haldır. 2000-ci ildə xaricdə Azərbaycan restoranlar şəbəkəsi yaradılması haqqında tapşırıqlar verilib. Bu gün həmin qərarı həyata keçirmək üçün mətbəx standartları yaratmalıyıq. Bu standartlara uyğun da məktəb hazırlanmalıdır. Təəssüflər olsun ki, ulu öndər Heydər Əliyevin bu sahədə verdiyi qərarlar ancaq kağız üzərində qalıb. Hər zaman deyirəm ki, neft və qaz bir gün bitəcək. Ancaq turizm, qida biznesi heç zaman qurtarmır. Əgər biz bunu brendləşdirsək, o zaman heç nə çıxartmadan ölkəyə valyuta gətirmək olar.
- Ermənilərin bəzi milli yeməklərimizi özlərininki kimi təqdim etməsinə münasibətiniz necədir?
- Moskvada çıxan "Noev Kavçen" adlı erməni qəzetində 104 min 500 tirajla çıxır. Bu qəzet ermənilərin ən çox istifadə etdiyi qəzetdir. İndiyə qədər ermənilərin Azərbaycan mətbəxindən etdiyi plagiatlığın qarşısını almaq üçün bir sıra tədbirlər görmüşük. Qarşı tərəfdən gələn cavablarıda Avropa Şurasına göndərmişdik. Bundan sonra Avropa Şurası o zamanki Avropanın mətbəx mədəniyyəti kitabının erməni bölgəsinə görə Azərbaycandan üzr istədi. Bununla yanaşı, erməni saytlarında çıxan yazılara düzəlişlər olundu. Bir neçə ildir ki, onların saytlarında mənim haqda yazılar yerləşdirilib və məni söyürdülər. Bu hal onların arqumentlərinin olmamasından irəli gəlirdi. İnsan zəif olduqda söyüşə əl atır. Həmin qəzetdə ermənilər 30 səhifəyə yaxın mənim məqaləmi yerləşdirdilər. Həmin söyüşlərə qarşı layiqli və sakit şəkildə cavab verdim. Həmin yazının qəzetdə yerləşdirilməsi bizim bir addım irəliyə getməmizdir. Onlara cavab olaraq yazmışdım ki, sizinlə söyüşmək istəmirəm, çünki mən sizin kimi zəif deyiləm. Ermənistan Elmlər Akademiyasını duelə çağırıram və öz arqumentlərini ortaya qoyub mübarizə aparsınlar. Necə deyərlər, biz əlcəyi atmışıq, onu qəbul edib etməmək onların öz işidir. Onu da qeyd edim ki, hazırda Azərbaycan alimlərindən heç biri ermənilər haqqında tutarlı bir yazı hazırlayıb vermirlər. Bu tək bir nəfərin işi deyil.
- Xarici turistlərə bizim restoranlarda ən çox milli yemək kimi kabablarımızı təklif edirlər, sizcə bu nə dərəcədə düzgündür?
- Burada da Koreyada olduğu kimi milli mətbəxi ortaya qoymaq çox çətin məsələdir. Biz bir çox yeməkləri modernləşdirmişik. Əvvəllər restoranlarda plovlar verilmirdi, ancaq indi bir çox bu kimi plovlarımız süfrəyə verilir. 2000-dən çox yemək növü var ki, onların üzərində xarici mütəxəssislər çalışır. Bir- iki nəfər mütəxəssislə bunu həll etmək mümkün deyil. Ancaq 20 il ərzində bunu bir az da olsa həll edə bilmişik. Kababı ona görə verirlər ki, onun hazırlanma qaydası çox asandır. Ancaq digər milli yeməklərimizin hazırlanması çətindir. Həmin yeməkləri bişirmək də restoran sahiblərinə baha başa gəldiyindən kababa üstünlük verirlər.
- Tanıdığınız hansı restoranlarda daha çox milli yeməklərə üstünlük verirlər?
- İçərişəhərdə "Köhnə şəhər" restoranı var ki, orada çalışan aşbaz Şahhüseyn Kərimov adətən milli yeməklərə daha çox üstünlük verir.
- Yaxınlarınızın toyunda olub ki, mətbəxə girib deyəsiniz ki, daha çox milli yeməklər bişirin?
- Misal olaraq, mənim övladlarımın toyunda daha çox milli yeməklərə üstünlük verilmişdi. Stolların üstünü çox da doldurmamışdıq. Qızımın toyu fərqli olmuşdu. Süfrəyə ilk olaraq plov gətirilmişdi.
- Özünüz də evdə yemək hazırlayırsınızmı?
- Axırıncı dəfə Moldaviyada yoldaşımla qonaq gedəndə bişirmişəm. Yoldaşımla onun yoldaşı alış- verişə getmişdilər. Həmin zaman evdə yemək olmadığından məcbur olub özüm bişirməli oldum. Balıq sırdağı hazırlamışdım və hamının xoşuna gəlmişdi. Adətən mən evdə yemək hazırlamıram. Çünki buna vaxtım olmur.
- Evdə yoldaşınızın bişirdiyi yeməklərə irad tutmursunuz ki?
- Heç zaman yeməkdən ötrü kefimizi korlamırıq. Həmişə ona deyirdim ki, sənin bişirdiyin zəhərdə olsa mənim üçün şirindir. Deməz ki, bəs indi nə oldu dəyişdin? Kişi gərək sözünün üstündə dursun. Ancaq onu deyim ki, yoldaşım da çox dadlı yeməklər bişirir.
- Hazırda vegetarianlar üçün restoranlar yoxdur. Buna səbəb nədir?
- Belə restoranların olmaması Azərbaycan üçün elə də problem deyil. Çünki burada elə də çox vegetarian yoxdur ki, ancaq onlar üçün xüsusi restoranlar açılsın. Onu da qeyd edim ki, qışda vegetarian yeməklərini yemək olmaz. Sərt havada belə yeməklər insan orqanizminə xeyir deyil. Vegetarianlar ürək- damar xəstəliklərindən demək olar ki, az əziyyət çəkirlər. Ancaq vegetarianlar ət yeyən insanlara nisbətən daha çox az təzyiqdən ölürlər. Onu deyim ki, hər bir şeyin ortaq nöqtəsini tapmaq lazımdır.
- Bəs siz hansı Avropa ölkələrinin mətbəxini daha çox bəyənirisiniz?
- Peşəkarlar tərəfindən hazırlanan və düzgün təqdim olunan hər bir yemək gözəldir.
- Milli mətbəximizdən hansı yeməkləri bəyənirsiniz?
- Azərbaycanda ən sadə yeməkləri daha çox xoşlayıram. Sacın üzərində bişən qutab, daha sonra döymənc, camış qatığı, qaymaq, südün narın üzünü yeməyi sevirəm.
- İndiki zamanda gənclərimiz "Fast food" yeməklərinə daha çox üstünlük verirlər. Onlara nə məsləhət verərdiniz?
- Kim ölmək istəyirsə, getsin ölsün. İnsanları məcbur etmək olmaz ki, yaxşı yaşasın. İnsan ancaq yemək, sevmək və yaradıcılıq üçün yaşayır. Əgər dünyanın bu 3 ləzzəti olmasa insan məhv olub gedər. İnsan yaşayır ki, sevsin və yaratsın. İnsan sevir, yeyir və yaradır ki, yaşasın.
Bütün xəbərlər Facebook səhifəmizdə