Mətbuatın halalı və haramı – kim hansı tərəfdədir

İnsan ömrünü fəda etdiyi peşəsi, sənəti barədə xoşagəlməz söz eşidəndə narahat olur, bu niyə baş verdi, səbəb nədir, kimdir günahkar, deyə suallar edir. Əlbəttə, məni də bu suallar düşündürür. Son günlər adını jurnalist qoyan, amma əməlindən bazar qoçusu iyi gələn, mediadan sui-istifadə edib qarşısına keçənləri dəyənəkləyən birisinin həbsi ovqatımızı təlx edib. Ona görə yox ki, bu “qəzetçini” qandallayıblar, ona görə ki, mediadan sözün əsl mənasında halal çörəyi çıxan, media ənənələrini həyatının kəsiyinə çevirib onu yaşadan neçə-neçə namuslu insanın adına, işlədiyi sahəyə, media cameəsinin nüfuzuna kölgə düşüb.

Medianın işi cəmiyyəti məlumatlandırmaqdır, maarifləndirməkdir. Mediada çalışanların başqalarında əyər-əskik axtarması, kimisə ittiham etməsi, ağıl dərsi keçməsi, qərəzə bulaşması, haqqı nahaqqın ayağına verməsi qəbuledilməzdir, əksinə bu işi görənlər jurnalist deyillər, medianın qayda və qanunlarında, etik normalardan, peşə davranışı qaydalarından uzaq adamlardırlar.

Hədəfimizi bir az konkretləşdirək. İki gün öncə həbs edilmiş “Reallıq.info”nun baş redaktoru kimi təqdim edilən, amma əldə etdiyimiz məlumatlara əsasən fəaliyyətini yalnız şər-böhtan üzərində quran İkram Rəhimov kimdir və bütün çabalara baxmayaraq özünü həbsxanaya saldıran bu “jurnalist”in məqsədi nədir? Mətbuat Şurasından verilən məlumata görə, İ.Rəhimovla bağlı şikayətlər çoxdan imiş ki, bu qurumun xüsusi komissiyasında araşdırılırmış. Mətbuat Şurası məramına uyğun olaraq ona dəfələrlə bu əməlindən əl çəkməyi tövsiyyə edib, vəssalam. Çünki bu qurumun əslində edəcəkləri də bundan artıq deyil. Mətbuat Şurası inzibati orqan deyil ki, jurnalisti cəzalandırsın, yaxud resursunu bağlatdırsın, fəaliyyətinə əngəl törətsin. Mətbuat Şurası jurnalist, yaxud mətbuat orqanından şikayət edildikdə dövrəyə girir, vətəndaşın məhkəməyə şikayət etməzdən əvvəl hər iki tərəf arasında anlaşma şəraiti yaratmağa çalışır. Bir sözlə mətbuat nümayəndəsinə, o cümlədən mətbu orqana yardım etmiş olur. Əks təqdirdə öz hüquqlarını məhkəmə yolu ilə qorumağa haqq edən bir vətəndaş onun barəsində yalan, böhtan yazan mətbuatı cəzalandıra bilər. Burada isə vəziyyət anlaşılan deyil, böhtan yazan, vətəndaşın, hüquqi şəxsin “bostanına daş atan”, onu şantaj edən “reallıq.info”nun rəhbəri əksinə hərəkətlərinə haqq qazandırır, mətbuatdan qalxan kimi istifadə edir, onu imana-dinə gətirməyə çalışan Mətbuat Şurasını ittiham edir. İndi siz deyin, “öləndir, yoxsa öldürəndir” günahkar?

İ.Rəhimovun həbs olunmamışdan bir neçə gün əvvəl Prezidentin köməkçisinə yazdığı məktubundakı bir cümlə diqqətimi cəlb etdi. Sumqayıt yolunda guya onun maşınının kimlər tərəfindənsə təqib edildiyini telefonda Turan İA-nın rəhbəri Mehman Əliyevə deyib. Başa düşmək olmur, Mehman Əliyev kimdir, DİN-in 102 xidmətimi, xəfiyyəmi (?!), şəxsi cangüdənmi? Amma baxmayaraq ki, bu subyektin işlətdiyi internet saytları barədə, həmçinin İ.Rəhimovun özü barədə heç bir bilgim yoxdur, onun Mehman Əliyevin adını çəkməsindən “dalağım sancdı”, bir anlığa “yeni qurban” fikrini ağlımdan keçdi. Bəli, İkram Mehman Əliyevin əlinin altında bəslədiyi və hər an ayağının altına qoymağa hazır olduğu "qurbanlıq quzu"lardan biridir və qurban verdi də. Bunu necə və niyə edir, sualı isə başqa yazının mövzusudur.

Yazımızın baş sualı isə, jurnalistikada hər an hərəkətə keçmək üçün fürsət axtaran reketlərin əməllərinə rəvac verən, onları bu addımı atmağa sövq edən, ruhlandıran səbəblərdir. Onları bu çətin yola nə vadar edir, görəsən? Pul, dolanışıq? Yox, hər kəsə pul lazımdır, amma ağlı başında, həyası üstündə olan, peşəsinə hörmətlə yanaşan heç bir jurnalist belə insafsızlıq etməz, yediyi qaba tüpürməz, bir qarın çörəkdən, bir dəst şalvar-pencəkdən ötrü məsləkini satmaz. Bəs onda nə?

Əlbəttə, peşəkarlıq, peşəsinin sirlərini dərindən bilmək, savadlı, təcrübəli olmaq, mütaliyə etmək, jurnalistin peşə davranışı qaydalarını bilmək jurnalisti bütün bəlalardan hifz edən başlıca amillərdir. Amma yuxarıda yazdığım kimi, İ.Rəhimov çox güman ki, mətbuatdan çox uzaq adamdır. Mən bilərəkdən jurnalistika yazmadım. İndi Azərbaycan mətbuatının yarıdan çoxu jurnalistika fakultəsini bitirməmiş, amma mətbuatda özünü kifayət qədər müsbət mənada təsdiq etmiş şəxslərdir. Aralarında tanıdıqlarım çoxdur, onlar jurnalistikaya sayqı ilə yanaşır, bu sahəyə ikramsayağı baxanlara qarşı mübarizə aparanların ön sıralarında dururlar. Bəli, çəkinmədən, heç bir mübahisə etmədən demək olar ki, jurnalistikaya reketçiliyin ayaq açmasının səbəbi peşəkarlığın olmaması, məsuliyyətsizlik, cəmiyyət qanunlarına sayqısızlıq, milli düşüncənin yetərli olmaması, peşə mədəniyyətini mədəsinin niyyəti ilə qarışdırmaq həvəsi, başqalarının xəyanət toruna düşmək istəyi, manqurt düşüncəyə sahib olmaqdır. İ.Rəhimov kimilər kimin yanında olduqlarının fərqində deyillər. Mehman Əliyevin özü və ətrafında olanların xisləti barədə az yazılmayıb. Onların fətvası, “tırka”sı ilə neçə-neçə ağlıdayazlar etdikləri əməllərə görə azadlıqlarına müvəqqəti əlvida deyiblər. Əvəzində Sorosun çirkli pullarını yumaqla məşğul olan mehmankimilər hesabatlarında içəri soxduqları bu binəvaların adlarını lap yuxarıda qeyd ediblər. Bunu mən uydurmuram, həqiqət budur. Bir arada Əli Kərimli kimi siyasi brokerlərin Azərbaycan mətbuatında, cəmiyyətində öz sözlərini deyə biləcək potensial gənclərin beyinlərini yeyərək onları hər yerdən iyrəndirmələrindən danışmamaq olmur. İş o yerə çatdı ki, bu gənclər doğma elindən, obasından imtina edib xoşbəxtlik arzusu ilə Avropanın küçələrinə düşdülər. Onların əksəriyyəti başlarının əhlət daşına dəydiklərini indi anlayıblar. Amma cənnət qatarı çoxdan yola düşüb.

Biz baş verən bu hadisələrdən öncə nə edə bilərdik və bundan sonra hansı addımı atmalıyıq? Əvvəla, mətbuatda istənilən media qurumuna peşəkarlar rəhbərlik etməlidir. Səhiyyə sistemində diplomsuz həkimlərin çalışdıqlarını görən olubmu? Yəqin ki, yox. Mətbuatda da bu qaydalar qismən tətbiq olunmalıdır. Yəni Azərbaycan mətbuatında yaramazların, sui-istifadəçilərin meydan sulamasına imkan vermək olmaz. Media resurslarının qeydiyyat məsələsinə yenidən baxmaq lazımdır. İndi internet saytlarının qeydiyyatı o qədər sadədir ki, mediadan bixəbər olanlar, həvəskarlar, medianı dəyənək hesab edənlər, xislətində xaos, başıpozuqluq yaratmaq istəyi olanlar mətbuata axın ediblər. Qarşılarını almaq da olmur, “dur” deyirsən “söz azadlığı”nı, demirsən “dərəbəyliyi” yadına salırlar. Bizə demokratiyadan dərs keçməyə çalışan Qərb ölkələri kimi, media haqqında qanunda dəyişiklik, qeydiyyat məsələsində bir qayda yaradılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə