Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir

2013-cü ilin 11 ayı ərzində Azərbaycanda 450 yeni İİV-ə (İnsanın İmmun çatışmazlığı Virusu) yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) ilə Mübarizə Mərkəzindən verilən məlumata görə, onlardan 435-i (96,7%) Azərbaycan, 15 nəfəri (3,3%) isə əcnəbi vətəndaşlardır. Qeydiyyata alınmış 435 Azərbaycan vətəndaşından 279-u (64,1%) kişi, 156-sı (35,9%) qadındır.

Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2013-cü ilin 1 dekabr tarixinədək Respublika QİÇS ilə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4234 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4090 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 144 nəfəri (3,4%) isə əcnəbilərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3202-si (78,3%) kişi, 888-i (21,7%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1289 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1272 nəfərdir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 580 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 572 nəfər olub.

İİV-ə yoluxmuş 4090 Azərbaycan vətəndaşından 1074-ü (26,3%) Bakı şəhəri və Abşeron rayonunda, 2982-si (72,9%) respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 35 nəfərin (0,8%) isə yaşayış yeri naməlumdur.

4090 nəfər Azərbaycan vətəndaşından 2373-də (58,0%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1271-də (31,1%) heteroseksual, 51-də (1,2%) isə homoseksual kontakt nəticəsində, 65-də (1,6%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş verib. 329 nəfərdə (8,0%) yoluxma yolu müəyyən edilməyib.

Qeyd edək ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...